Şuşanın tarixi məkanları

 

Qaya üzərində salınmış səltənətin hər qarışında bir tarix var

 

Şuşanın hər qayası, hər daşı özündə böyük bir tarix yaşadır. Ona görə də burada həmin tarixin izlərini günümüzə qədər gətirib çıxaran məşhur coğrafi məkan - yer adları var.

Qarabağın, xüsusən də Şuşanın tarixinin tədqiqatçısı, “Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyev deyir ki, Şuşa qalası ərazisinin ən uca yeri Üçmıx zirvəsidir. Cıdır düzünün qərb tərəfində bir-birinin arxasında yerləşən pilləkənə oxşar üç hündürlükdən ibarət olduğuna görə həmin təpələrə “Üçmıx” adı verilib: “...Üçmıxın cənub tərəfində - Cıdır düzündə səfalı bir yerdə - sıldırım qayalar arasında təbii Ağzıyastı kaha yerləşir.  Qarşısında iyirmi-otuz kvadratmetrlik kiçik bir düzəngahlıq var. “Ağzıyastı” bəzən “Sulu kaha  da adlandırılır. XIX əsrin yetmişinci illərində dövrünün tanınmış ziyalısı, şairmusiqişünas-alim Mir Möhsün Nəvvab Qarabaği kahaya əl gəzdirərək istifadə üçün yararlı hala salmış, içərisindəki daşa öz adını yazdırmışdı. Təxminən qırx nəfər adam tutan kahada o,  yay aylarında ədəbi-bədii, musiqili məclislər keçirirmiş. Bura rəhbərlik etdiyi “Məclisi-fəramuşan” dərnəyinin üzvləri, xanəndələr, çalğıçılar, şəhərə gələn qonaqlar dəvət olunurmuş. Orada ədəbiyyata, rəssamlığa və musiqi sənətinə aid maraqlı söhbətlər aparılır, yeni şeirlər oxunub təhlil edilir, ustad sənətkarların yaradıcılığından söhbətlər açılırmış. Məclisin axırında isə xanəndələrin ifasında muğamxalq mahnıları səslənirmiş...”

Qırxpilləkənə “Dəlikdaş” da deyilir. Şuşadan Daşaltıya olan məsafəni qısaltmaq məqsədilə düzəldilmiş bu tarixi yadigar şəhərin cənub-qərb hissəsində - Cıdır düzündəki iri dağ yarığında iki cərgə dik qayanın arasında yerləşir. Tədqiqatçı deyir ki, yol qırx saxsı daşdan hazırlanmış kobud təbii dolama pilləkəndən ibarətdir. Eni iki-üç metr, pillələrinin hündürlüyü bir metrə qədərdir. Sonralar naməlum daşyonan ustalar enib-çıxmağın rahat olması üçün pillələrə müəyyən qədər əl gəzdirmiş, onları hamarlayaraq qaydaya salmışlar. Qırxpilləkən Azərbaycan şair və yazıçılarının əsərlərində dəfələrlə tərənnüm olunubdur.

Xanlıq qoruğuna gəlincə, bura cıdır yarışları keçirmək üçün nəzərdə tutulmuş düzənlik bir sahə olub. Atçapma yarışları növbə ilə - bir dəfə Xanlıq qoruğunda, sonra isə Cıdır düzündə keçirilirmiş.

Şuşanın ən gözəl guşəsində yerləşən malikanələrdən biri Gövhər ağaya məxsus idi. İbrahimxəlil xan Cavanşirin qızı Gövhər ağa bu malikanə ilə şəhər arasında böyük daş körpü də çəkdirib. Həmin ərazi ona məxsus olduğuna görə “Gövhər ağalıq” adlanırdı: “Meydan” şəhərin mərkəzi hissəsində olub. Rastbazar küçəsinin qurtaracağındakı bu geniş sahə “Böyük meydan”, “Baş meydanda adlandırılır. SolundaBöyük məscid”, - “Yuxarı Gövhər ağa məscidi”, üst tərəfində Mirsiyabovun karvansarası yerləşir. Meydanın tən ortasında daşdan yonulmuş Meydan bulağı var idi. Keçmişdə buradan kişilər tuluqlarla su aparıb satır, qadınlar isə qablarını doldurub evlərinə daşıyarmışlar. Bu meydanda alan da vardı, satan da, təzə xəbərlərə müştaq olan da, söhbət-həkət müştəriləri də. Zarafatcıl, baməzə adamlar da üçbir-beşbir oturub söhbət edərdilər. Xanlıq dövründə burada hərbi oyunlarparad keçirilir, çövkən yarışları təşkil edilirdi. Günün ikinci yarısı isə löhrəm atlarla gəzinti başlayırdı”.

Qarabağ hakimi İbrahimxəlil xan Cavanşir hər il bu meydanda bayram şənlikləri, xüsusilə Novruz bayramı keçirir, döyüşlərdə fərqlənən əsgərlərə və qoşun başçılarına xələt, at, silah və digər hədiyyələr bağışlayırdı. O, bir qayda olaraq, kasıb-kusuba əl tutarmış. Burada eyni zamanda, Aşura günü dini mərasimlər də keçirilirmiş.

Bazar başı” meydanı “Qapandibi” bazarından uzanan, sıx-sıx və cərgə ilə tikilmiş dükanları olan küçənin qurtaracağında, Xan qızı Natəvanın evinə yaxın şəhər bağının qarşısındadır. Meydanın ətrafında müxtəlif dükanlarkarvansara olub. Şəhərin ən izdihamlı, qələbəlik yeri olanBazar başı” gecə yarısına qədər adamla dolu olarmış. Şuşaya gələn hər kəs ilk dəfə burada görüşər, yola düşən isə buradan keçib-gedərmiş. Bir çox ictimai binalar, o cümlədən rayon partiya komitəsinin binası və şəhər mədəniyyət evi  də “Bazar başı”nda yerləşib.

Şuşa şəhərinin ən məşhur məkanlarından biri də “Xannişin”, yəni “xan oturan yerolub: Çuxur məhəllədə - Bəylik eşiyində Şahnişinlə üzbəüz. Xanlığın cəbbəxanası da burada yerləşib. İstər Pənahəli xan Cavanşir, istərsə də sonralar İbrahimxəlil xan Cavanşir hər hansı bir fövqəladə vəziyyətlə bağlı burada təcili müşavirə çağırıb, gələcək döyüşlər barədə məşvərət edib, əməliyyat planları cızıb, müdafiə tədbirləri hazırlayıb. Həmçinin ordunuqoşunun tərkibini, sayını, taktiki gedişlərini  burada nəzərdən keçirib, əmrlər veriblər. Eyni zamanda, əyanları ilə birlikdə qonaq-qaranı da məhz elə “Xannişin” də qarşılayıblar.

Tarixdən o da məlumdur ki, Ağa Məhəmməd şah Qacar 1795-1797-ci illərdə Şuşanı mühasirədə saxlayarkən TopxanadanXannişini dəfələrlə top atəşinə tutmuş, təkcə qala divarlarına deyil, həmçinin xanlara və xanzadələrə məxsus saray və imarətləri dağıtmışdı.

Qayabaşıda Şuşada tarixi yer adıdır. Böyük Qurdlar məhəlləsində yerləşirdi. Qarabağ xanlarının sarayları, Pənahəli xanın cəbbəxanası da bu sal qaya üzərində olub.

Bəylik eşiyiÇuxur məhəllədə, Daşaltı çayının sol sahilindəki sıldırım qayaların üst tərəfində qaya başında idi. Qarabağ xanlarına məxsus sarayların imarətlərin, demək olar ki, hamısı burada yerləşirdi. Həmin ərazidə yalnız xanlar xanzadələr yaşayırdı.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2022.- 18 mart.- S. 10.