Təbiətin inciləri: bulaqlar

 

Milli sərvətimiz

 

Ayna bulaqlı Şuşanın yalnız təbiəti deyil, eyni zamanda İlahinin bu diyara bəxş etdiyi gözəlliklər məskəninin ecazkarlığı bir də ondadır ki, başı dumanlı, ətəyi yaşıl ormanlı, sinəsi bumbuz bulaqlardır. Bir sözlə, bu yerlərə ilk qədəm basanları heyran edən və dadı-damağından getməyən suları var: saf və şəffaf, şəfalı, dadlı-tamlı və təmiz...

Sadalamaqla qurtarası deyil Şuşanın məşhur, vəsfinə şeirlər yazılan, mahnılar bəstələnən çeşmələrini: İsa bulağı, Turşsu, Səkili, Daşaltı, Soyuqbulaq, Şorbulaq, Saxsıbulaq, Əjdahabulaq, Dəvəbatıran, Fındıqlı və s.

Kim bu bulaqların adını eşitməyib ki?! Az adam tapılar ki, onların ətrafında süfrə açıb oturmasın.

Şuşalıların xarirələrindən və yazılı ədəbi nümunələrdən də məlumdur ki, İsa bulağı Şuşanın ən məşhur çeşməsidir və dillər əzbəridir. Əslində, baş bulağıdır. İsa bulağı həm də tarixən bu yerləri ziyarət edənlərin əsas istirahət məkanına çevrilib.

Bulağı adicə bir biçinçinin düzəltdiyini söyləyirlər. Ona görə də XIX əsrin ikinci yarısından onu düzəldənin adını daşıyır. Şuşanın təxminən

3 kilometrliyində, şimal-şərqində, yəni Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, qalın, sərin və yaşıl ormandadır. Yaşı bilinməyən, əsrlərin yadigarı, əyilməyən, qoca palıd və vələs ağaclarının altından çağlayıb çıxır.

Mineral su mənbəyi olan Turşsu Şuşadan 17 kilometr cənub-qərbdə 1700 metr hündürlükdən çıxır. Suyu faydalı mikroelementlərlə, xüsusən də karbon qazı, hidrogen-karbonat, maqnezium, natrium  kalsiumla zəngindir.

Suyu içilir, vanna edilir, mədə-bağırsaq, öd kisəsi yuyulurs. Burada ürək-damar, qanazlığı, qaraciyər, öd yolları, öd kisəsi və böyrək xəstəliklərindən əziyyət çəkənlər müalicə olunublar.

Ən uzun mineral su kəmərinin  Şuşada olması təsadüfi deyil. Uzunluğu 32 kilometr, narzan tipli Şırlan suyunun şəhərə çəkilməsi Şuşanın kurort şöhrətini daha uzaqlara yaymışdı. Gündə 342 min litr su verən “Turşsupavilyon qalereyası bu diyarın kurortoloji əhəmiyyətini artırmış, onu dağ-iqlim kurortu səviyyəsindən çıxararaq balneoloji kurorta çevirmişdir.

Turşsu yaxınlığında narzan tipli böyük mineral su mənbəyi olan Dəmir bulağın suyu isə qazlıdır. Şuşa həbsxanasından aşağıda, Daşaltı çayının kənarında çıxan Qotur bulağı sal bir qayanı yararaq 4 metr hündürlükdən əlvan çınqıllığın içinə tökülürgümüş cığır kimi qıvrıla-qıvrıla axıb gedir.

Şuşa təbiətinin incilərini saymaqla qurtarmaq olmaz ki, onların arasında bulaqlar xüsusi əhəmiyyət daşıyır.

 

M.NƏRİMANOĞLU

 

Azərbaycan.- 2022.- 18 mart.- S.10.