Ağamirovlar

 

Məhşur nəsillər

 

Yalnız Şuşada deyil, bütün Azərbaycanda məşhur olan Ağamirovların ulu babası Mir Səbur ağa, onun oğlu Mir Fəseh ağa, nəvələri Mir Fərzənd ağa, Seyid Əsəd ağa, Seyid Zeynalabdin ağa bu şəhərdə yaşayıblar. Haqqında yazılanlara görə, Ağamirovların babaları Qarabağa XVIII əsrin ortalarında Xorasandan gəliblər.

Mir Fərzənd ağanın Mir Əhməd ağa, Mir Mehdi ağa adlı iki oğlu olub. Hacı Mir Əhməd ağa 1810-cu ildə Şuşa şəhərində dünyaya gəlib. Dövlətdən bəy titulu alıb. O, məşhur şair, rəssam, astronom, kimyaçı, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas Mir Möhsün ağa Nəvvabın atası idi. Hacı Mir Əhməd ağanın Mir Möhsün ağadan başqa Mir Rza ağa, Mir Əbutalıb ağa, Mir Hüseyn ağa, Mir Cəlal ağa, Seyid Yusif ağa, Seyid İsmayıl ağa, Mir Fəttah ağa, Mir Məhəmməd ağa adlı oğulları, Seyid Xanım və seyid Səltənət xanım adlı qızları vardı.

Tədqiqatçılar Şuşada yaşayıb-yaratmış, bu şəhərin mədəni və ictimai həyatında əhəmiyyətli yer tutmuş Mir Möhsün ağanı əsərlərinin məzmununa, səviyyəsinə və həcminə görə orta əsrlərin sonuncu ensiklopedist alimlərindən hesab etməyin mümkünlüyünü yazıblar. O, Azərbaycan dilində qələmə aldığı “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) risaləsində Şərqin klassik ənənələrini davam etdirib. Mir Möhsün Nəvvab həm də Azərbaycanda sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardan sayılır.

1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində dünyaya göz açan Mir Möhsün ağanın bütün həyatı bu şəhərlə bağlı olub. O, məktəblərdə dərs deyib, öz açdığı mətbəədə kitablar nəşr edib, elm və incəsənətin müxtəlif sahələrinə həsr olunan iyirmidən çox kitab yazıb, “Məclisi-fəramuşan” ədəbi, “Məclisi-xanəndə” musiqi məclislərini yaradıb.

Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” toplusunda Qarabağdan çıxmış 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar var. O,  1918-ci ildə Şuşa şəhərində vəfat edib.

Mir Möhsün ağanın Ağamir ağa, Mir İbrahim ağa, Mir Haşım ağa, Mir Vahab ağa, Mir Əhməd ağa adlı oğulları, Zəhra xanım, Səkinə xanım, Sürəyya bəyim, Qəmər bəyim, Rəxşəndə xanım, Pərizaman xanım adlı qızları vardı. Oğlu Mir İbrahim ağa 1872-ci ildə Şuşa şəhərində dünyaya göz açıb. Doğma şəhərində ailəsində çağırıldığı adla - Seyid Miriş ağa kimi tanınıb. Atasından ibtidai təhsilini alıb. Sonra Şuşa Realnı Məktəbində oxuyub. Atası kimi şair təbli olub. Şeirlərini MirişMünir təxəllüsləri ilə yazıb. Mir Möhsün ağa Nəvvab oğlunun şeirlərini daxil etdiyi təzkirəsində yazıb: “Mir İbrahim Mir Möhsün Nəvvabın oğludur. Qarabağın Şuşa şəhərində 28 rəbüssani 1288-ci ildə, gün çıxandan 3 saat 52 dəqiqə keçmiş, Sünbilə bürcünün 9-cu dərəcəsində anadan olmuşdur. Yuxarıda qeyd olunmuş tarixdə (yəni 1309-cu ildə) yaşı 21-ə çatır. Elmdə, təhsildə və şeirdə təzədir. Farsca, rusca, fransızca oxuyur. Həvəsləndirmək və maraqlandırmaq məqsədilə onun bir neçə şeirini bu təzkirəyə qeyd etdim. Şeirlərini “Miriş” ləqəbiylə yazır”.

1903-cü ildən atasının açdığı qiraətxananın müdiri olan Seyid Miriş ağa Ağamirzadə “Difai” təşkilatının üzvü idi. 1905-1906-cı illər erməni-müsəlman münaqişəsində neçə-neçə günahsızı ölümdən xilas edib.

Seyid Miriş ağa Ağamirzadə Müsavat partiyasının da üzvü olub. Sovet hakimiyyəti illərində bir sıra vəzifələrdə işləyib. 1920-ci ildə Şuşa əhalisi ərzaq, su, tədris ləvazimatı və sairədən korluq çəkəndə təşkil edilmiş komissiyanın sədri, 1922-ci ilin mayından isə Şuşada aclıq çəkən əhaliyə yardım komissiyasının katibi olub. O, 1925-ci ildə Şuşa su təchizatı komissiyasının sədri təyin edilib. 1926-cı ildə Şuşa şəhərindən III Sovetlər qurultayına üzv seçilib. Seyid Miriş ağa Ağamirzadə 1948-ci il iyunun 2-də Şuşa şəhərində vəfat edib.

Hacı Mir Əhməd ağanın digər oğlu Seyid İsmayıl ağa molla yanında oxuyub. Xırda ticarətlə məşğul olub. Seyid İsmayıl ağanın oğlu Mir Süca ağa 1899-cu il 12 dekabrda Şuşa şəhərində dünyaya gəlib. İkisinifli rus-tatar məktəbində, sonra Şuşa Realnı Məktəbində təhsil alıb. 1914-cü ildə Aşqabada köçüb. Orada gimnaziyada oxuyub, inqilabi hərəkata qoşulub.

1917-ci ildə Şuşa şəhərinə dönüb. Şuşa qəzasında başlayan inqilabi hərəkatın rəhbərlərindən olub. Fərrux bəy Vəzirovun mülkünə hücum zamanı yaralanıb. Bakıya müalicəyə göndərilib. Sonra inqilabçı Mir Həsən Vəzirovun göstərişi ilə Bakı Xalq Komissarları Sovetinin gizli məktubunu Aşqabada aparıb. Aşqabad ingilislərin əlinə keçdikdən sonra İrana gedib. Bir müddətdən sonra oradan Qarabağa qayıdıb.    

Şuşa qəzasında Mir Süca ağa Ağamirovun iştirakı ilə keçirilən toplantıda Qarabağda Sovet hökumətinin qurulduğu elan edilib. O, 1926-cı ildən Bakıda yaşayıb.1937-ci ildə repressiyaya uğrayıb, sürgünə göndərilib.

Mir Süca ağa Ağamirov 1955-ci ilin dekabrından 1960-cı ilin martınadək SSRİ Yollar Xalq Komissarlığında yüksək vəzifədə çalışıb. 1960-cı ildən ittifaq əhmiyyətli təqaüdçü olub. O, 1977-ci il 1 iyunda Bakı şəhərində vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

Azərbaycanda ilk nəbatat alimlərindən biri Mirmusa Ağamirov 1886-cı ildə Şuşada dünyaya gəlib. O, 1906-cı ildən Şəkidə pedaqoji fəaliyyət göstərib. Şəkinin və Bakının bir sıra məktəbində müəllimlik edib. 1935-1943-cü illərdə ali təhsil ocaqlarında bitki anatomiyası və fiziologiyası kafedrasının müdiri, 1944-1946-cı illərdə professor olub. Azərbaycan dilində ilkBitki anatomiyası” dərsliyinin müəllifidir. Mirmusa Ağamirov 1947-ci ildə Bakıda dünyasını dəyişib.

Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda dünyaya gəlib. Ailədə iki qız, bir oğlan olublar. Ataları onların yaxşı təhsil almasına çalışıb. Onun bəy nəslindən olan atası Sucay Ağamirov anası 1937-ci ildə başlayan repressiyalardan qurtula bilməyiblər. Xalq düşmənikimi sürgün ediliblər. Bibisi Suqra xanım Tamillanı onun bacı-qardaşını himayəsinə götürüb. Suqra xanım mühəndis-neftçi olub, Bakıda neft buruqlarında işləyib.

Tamilla Ağamirova on səkkiz yaşında Bakı Teatr Məktəbinə daxil olub. Təhsilini başa vurduqdan sonra 1951-ci ilin əvvəllərində Moskvaya yollanıb, SSRİ Teatr İncəsənəti İnstitutunun 3-cü kursuna qəbul edilib. İki il sonra təhsilini başa vurub, MXAT məktəb-studiyasına daxil olub. O, 1952-ci ildənRomenMoskva Musiqili Dram Teatrının qabaqcıl aktrisası olub. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində çox parlaq rollarla tamaşaçıların qarşısına çıxıb. Kino sahəsində fəaliyyət göstərib. “Don Kixot”, “Onun böyük ürəyi”, “Əsl dost”, “Koroğlu”, “Matteo Falkone”, “Zəncirlənmiş adam”, “Yenilməz batalyon digər filmlərdə çəkilib. O həm Təhlükəsizlik, Müdafiə Hüquq Qaydası Akademiyasının professoru, “MaskiFondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistri olub.

Tamilla Ağamirovanın həyat yoldaşı Nikolay Sliçenko SSRİ xalq artisti, “Romenteatrının bədii rəhbəri, qaraçı mahnı romansların dünyaca məşhur ifaçısı idi. Onların üç övladı - iki oğlu, bir qızı olub. O, 1960-cı ildə Azərbaycan SSR Əməkdar artisti, 1982-ci ildə RSFSR Əməkdar artisti, 1988-ci ildə isə RSFSR Xalq artisti fəxri adlarını alıb. Bir sıra orden mükafatlarla təltif edilib. 2021-ci ildə, doxsan dörd yaşında Moskvada vəfat edib.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.- 18 mart.- S.10.