“Xarıbülbülün sədası: Şuşa-270” festivalı keçirilib

 

Bakıdakı 2 nömrəli Texniki-Humanitar LiseyŞuşa şəhər 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə festival keçirilib.

Festival iştirakçıları ilk olaraq liseyin fəaliyyətini əks etdirən stendlərlə tanış olub, məktəblilərarası breyn-rinq yarışını və hər iki təhsil ocağı şagirdlərinin hazırladıqları maraqlı təqdimatları izləyib, məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

2 nömrəli Texniki-Humanitar Liseyin direktoru Fayaz Hüseynov Bakının ən qocaman məktəblərindən olan, fəaliyyətə başladığı ilk dövrlərdən dünyəvi məktəb kimi şöhrət qazanan, Azərbaycanın maarifpərvər ziyalısı “Həbib bəy Mahmudbəyovun məktəbi” kimi tanınan 135 yaşlı təhsil ocağının belə bir möhtəşəm festivala evsahibliyi etməsini yüksək qiymətləndirib.

BŞTİ müdiri Mehriban Vəliyeva bildirib ki, məktəblilərin əfsanədən zəfər simvoluna çevrilmiş xarıbülbülə, bu il əsasının qoyulmasının 270 ili tamam olan Şuşaya həsr etdikləri festival gələcək nəsillərin milli-mənəvi dəyərlərimizə, tarixi irsimizə bağlılığının göstəricisidir.

Festivalda məktəblilərin ifasında milli musiqi əsərlərimiz, muğamlarımız səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.

Tədbir liseyin həyətində İlaxır çərşənbəsi tonqalı ətrafında əyləncəli proqramla yekunlaşıb.

 

Azərbaycan.- 2022.- 18 mart.- S.10.