Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının on ikinci iclası keçirilib

 

Martın 14-də Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 12-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ötən dövr ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülmüş işləri, o cümlədən 2021-ci ilin iyul ayında Azərbaycan tərəfindən regionda ilk ölkə (dünyada 10 ölkədən biri) olaraq DİM-lərin icrası istiqamətində görülmüş işlərin yekunu ilə bağlı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üçüncü Könüllü Milli Hesabatın təqdim edildiyini, habelə DİM-lərin həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq qurulduğunu, bu istiqamətdə xüsusilə 2021-ci ilin martında BMT-nin Azərbaycan Nümayəndəliyi ilə Azərbaycan Hökuməti arasında imzalanmış Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin əhəmiyyətini qeyd edib. Eyni zamanda, DİM-lərin həyata keçirilməsi üzrə beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyi diqqətə çatdırılıb.

İqtisadiyyat naziri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədr müavini Mikayıl Cabbarov ölkəmizin COVID-19 pandemiyası ilə mübarizəsinin DİM-lərin məqsəd və hədəflərinə təsirlərinin aradan qaldırılması istiqamətində atılan addımlar barədə məlumat verib. Həyata keçirilən tədbirlər nəticəsində 2021-ci ildə 2020-ci ilə nisbətən ümumi daxili məhsulun (ÜDM) real ifadədə 5,6 faiz, qeyri-neft sektorunun 7,2 faiz artdığı, ümumilikdə isə pandemiya səbəbindən səngimiş iqtisadi fəallığın 2021-ci ildə bərpa olunduğu bildirilib. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə müəyyən edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq müxtəlif dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu 10 alt işçi qrupun iştirakı ilə “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlandığı və layihənin tamamilə DİM-lərin məqsəd və hədəflərinə inteqrasiya edildiyi diqqətə çatdırılıb. Eyni zamanda, 2022-ci il üzrə DİM-lərin maarifləndirilməsi istiqamətində 35 tədbirdən ibarət Fəaliyyət Planının hazırlandığı bildirilib.

İclasda “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn DİM göstəriciləri üzrə mövcud vəziyyət və yeni göstəricilərin prioritetləşdirilməsi imkanları” mövzusunda Dövlət Statistika Komitəsinin sədri Tahiq Budaqov, Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək üçün “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası ilə əlaqədar Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında 2021-ci il üzrə yekun Hesabat və “2022-ci il ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planı” barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişafsosial siyasət şöbəsinin müdiri, Şuranın katibi Hüseyn Hüseynov tərəfindən geniş təqdimatlar edilib.

Sonda Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması məqsədilə DİM-lərin icrası ilə əlaqədar 2021-ci il üzrə Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında Yekun Hesabat və “2022-ci ildə Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət planı” Şura üzvləri tərəfindən müzakirə edilərək təsdiq olunub, DİM göstəriciləri ilə bağlı milli prioritetlərin yenilənməsi və maarifləndirmə tədbirlərinin davam etdirilməsi ilə bağlı bir sıra tapşırıqlar verilib.

 

Azərbaycan.- 2022.- 15 mart.- S.2.