Dünya Bankının meneceri: Azərbaycanla ikitərəfli əməkdaşlığımız bundan sonra da davam edəcək

 

Martın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Dünya Bankının nümayəndələri ilə görüşüblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, "Azərbaycanın ölkə üzrə sistemli diaqnostik tədqiqatı: maraqlı tərəflərlə məsləhətləşmələr" mövzusuna həsr edilmiş tədbiri giriş sözü ilə komitə sədri Tahir Mirkişili açıb. Ölkəmizin Dünya Bankı ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edən Tahir Mirkişili Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin qurumun keçirdiyi tədqiqatlara və layihələrə önəm verdiklərini vurğulayıb. Komitə sədri son illər dünya və ölkə iqtisadiyyatlarının qarşılaşdıqları çətinliklər fonunda iqtisadi siyasət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində birgə əməkdaşlığın xüsusi önəm kəsb edə biləcəyini bildirib.

Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl Milli Məclisdə ilk dəfə olduğunu və görüşdən məmnunluq duyduğunu dilə gətirib. Cari ildə Dünya Bankının Azərbaycandakı fəaliyyətinin 30 illiyinin tamam olduğunu deyən S.Maykl ikitərəfli əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib.

Dünya Bankının nümayəndəsi Dünya Bankının Azərbaycan üzrə apardığı Ölkənin Sistematik Diaqnostikası Tədqiqatının (ÖSDT) yekunlarını deputatların diqqətinə təqdim ediləcəyini bildirib.

Təqdimatdan əvvəl Dünya Bankının Azərbaycan nümayəndəliyinin əməliyyatlar üzrə baş mütəxəssisi Səidə Bağırlı məlumat verib ki, Dünya Bankı hər bir ölkədə fəaliyyətinin bir neçə ilini əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyasını hazırlamamışdan əvvəl, ölkənin Sistematik Diaqnostikası Tədqiqatını (ÖSDT) aparır. Hazırda Azərbaycan üzrə tədqiqatın ilkin nəticələri ölkə parlamentinə təqdim olunacaq və sənədlə bağlı deputatlarla məsləhətləşmələr aparılacaq.

Sonra aparıcı müəllif Alan Fuks Tarlovski “Azərbaycan: Ölkə üzrə Sistemli Diaqnostik Tədqiqatın (ÖSDT) yeniləməsi” üzrə təqdimatı iştirakçıların diqqətinə çatdırıb.

Alan Fuks Tarlovski Dünya Bankının ölkədəki fəaliyyəti üçün ÖSDT-in aktuallığı, onun ilkin nəticələri barədə məlumat verib, məqsədini, strukturunu açıqlayıb. Layihənin aparıcı müəllifi tədqiqat nəticəsində müəyyən edilmiş əsas çağırışlar barədə deputatlara ətraflı izahat verib.

Təqdimatdan sonra Tahir Mirkişili, komitə sədrinin müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Rüfət Quliyev, Vüqar Bayramov sənədin müzakirəsində çıxış ediblər.

Azərbaycan və Dünya Bankı arasındakı əlaqələrin tarixinə toxunan deputatlar qurumun ilk müstəqillik illərindən bizimlə əməkdaşlıq etməsini yüksək qiymətləndiriblər. Onlar Dünya Bankının “Azərbaycan: Ölkə üzrə Sistemli Diaqnostik Tədqiqatı”nın əhəmiyyətini vurğulayaraq sənədlə bağlı fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.

Söhbət zamanı iqtisadiyyatın müasir çağırışlar fonunda gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.

Görüşdə Milli Məclisin deputatları Mahir Abbaszadə, Elnur Allahverdiyev, Məzahir Əfəndiyev, həmçinin Dünya Bankının nümayəndələri iştirak ediblər.

 

Azərbaycan.- 2022.- 15 mart.- S.2.