Naxçıvan Muxtar Respublikasında təltiflərin təqdimatı olub

 

Martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının medallarının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının, eləcə də “Rəşadətli əməyə görə” nişanının təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanlara çalışdıqları sahələrdə fərqləndiklərinə və göstərdikləri xidmətlərə görə təşəkkürünü bildirib, fəaliyyətlərində uğurlar arzulayıb və qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.

Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının medallarını və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini, eləcə də “Rəşadətli əməyə görə” nişanını təqdim edib.

Təltif olunanlardan Lətif Şükürlü, Talıb Babayev, Elşad Məmmədov, Zərövşən Babayeva, Ruqiyyə Məmmədova, Səkinə İsmayılova, Fərqanə Muxtarova əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq ediblər. Qeyd olunub ki, muxtar respublikada bütün sahələrdə yaradılan şərait səmərəli fəaliyyət üçün geniş imkanlar açır. İnsanların rahatlığına xidmət edən yeni sosial obyektlər tikilir, maddi-texniki baza təkmilləşdirilir. Müxtəlif sahələrdə çalışanların əməyinin qiymətləndirilməsi, əməkhaqlarının artırılması isə onları fəaliyyətlərində daha da ruhlandırır. Qarşıda duran əsas vəzifə bundan sonra da etimadı doğrultmaq, yeni nailiyyətlərin əldə olunması üçün var qüvvə ilə çalışmaqdır. Təltif olunanlar qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar tibb işçisi” fəxri adı ilə təltif olunan şəhid anası Gülşad Rüstəmova təltif olunması münasibətilə minnətdarlıq edib, muxtar respublikada şəhid ailələrinə göstərilən diqqət və qayğını yüksək dəyərləndirib.

“Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan şəhid anası Rəna Hüseynova yaradılan şəraitə görə çalışdığı kollektiv adından minnətdarlıq edərək deyib: “Muxtar respublikada şəhid adı daim uca tutulur, onların ailə üzvlərinə diqqət göstərilir. Şəhid ailəsi olaraq dövlətimiz tərəfindən daim qayğı ilə əhatə olunmuşuq”.

Ali Məclisin Sədri şəhidlərimizə rəhmət diləyib, təltif olunanları bir daha təbrik edib, işlərində uğurlar arzulayıb.

 

Azərbaycan.- 2022.- 15 mart.- S.3.