İtaliya saytları Şərqi Zəngəzur ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantısından yazıb

 

İtaliyanın “Scenari Internazionali”, “Notizie Geopolitiche”, “Insideover”, “Sardegnagol”, “Kmetro0”, “Agenzia Nova”, “Globus Magazine”, “il Corriere della Siciliakimi kütləvi informasiya vasitələri Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası çərçivəsində imzalanmış “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumundanbu sənədin əhəmiyyətindən yazıb.

AZƏRTAC xəbər verir ki, xəbərlərdə bu memorandumun məqsədinin Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir və avtomobil yolları əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarət olduğu, buna nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisinin nəzərdə tutulduğu bildirilir.

Yazılarda bu memorandumu tarixi hadisə kimi qiymətləndirən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirlərinə istinad olunur: “Dövlətimizin başçısı bu əhəmiyyətli nəqliyyat-kommunikasiya layihəsini daim diqqət mərkəzində saxlayır, onun icrası ilə əlaqədar aidiyyəti qurumlara tapşırıqlar verilir. Bu layihənin həyata keçirilməsi nəticəsində uzun illər ərzində Ermənistanın Naxçıvanı blokadada saxlaması siyasətinə son qoyulacaq. Azərbaycanın iki regionu - Şərqi Zəngəzur ilə Naxçıvan arasında İran ərazisindən keçməklə avtomobil, dəmir yolu, enerji və rabitə bağlantısı yaradılacaq. Layihə bütövlükdə regionun nəqliyyat-kommunikasiya mənzərəsini dəyişir, Azərbaycan, İran və Türkiyəni birləşdirərək Avrasiyada avtomobil, dəmir yolu, elektrik enerjisi xətti və rəqəmsal bağlantıların daxil olduğu yeni çoxtəyinatlı dəhlizin əsasını qoyur”.

Habelə məlumatlarda Hikmət Hacıyevin fikirlərinə istinadən bildirilir: “Bu, Türkiyə, İran və Azərbaycanı birləşdirən dəhlizdir. Bu, eyni zamanda, Avrasiyada yeni bir dəhliz olacaq ki, bütün nəqliyyat mənzərəsini dəyişəcək. Təbii ki, bundan bizim ölkələrimiz qazandı. Bəs qazanmayan kim oldu? Ermənistan! Yəni, Ermənistan istəmir deyə, biz onu gözləyəsi deyilik. Azərbaycan bu pozitiv gündəliyini bundan sonra da davam etdirəcək”.

Dərc olunmuş yazılarda, həmçinin münaqişə zamanı bütün kommunikasiya və nəqliyyat layihələrinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və sair layihələrin Ermənistandan yan keçdiyi xatırladılır. Bir il yarımdan artıq müddətdir Zəngəzur dəhlizi ilə bağlı məsələdə nələrin olacağı ilə bağlı Ermənistandan bir cavabın gəlmədiyi bildirilir. İrəvanın regionda müharibədən sonrakı yeni reallıqları başa düşə bilmədiyinin göründüyü, səmərə əldə etməkdə gecikdiyi və bölgədə daha bir inkişafinteqrasiya imkanını itirmək riski ilə üzləşdiyi qeyd olunur.

 

Azərbaycan.- 2022.- 15 mart.- S.3.