Ermənistan cinayətlərini ört-basdır etmək
üçün hər zaman
faktaraşdırıcı missiyanın əleyhinə olub
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Fransanın dövlət başçısı Emmanuel Makronun təşəbbüsü ilə videoformatda keçirilən görüşdə əldə edilən razılıqlardan biri də UNESCO-nun bölgəyə missiya göndərməsi ilə bağlı idi. Azərbaycan dövləti hər vaxt regiona faktaraşdırıcı missiyanın təşkilində maraqlı tərəf olub. Çünki Azərbaycana məxsus mədəni irsin vəziyyətinin qiymətləndirilməsinə ciddi ehtiyac hiss olunmaqdadır.
İşğal dövründə mədəni-dini abidələrə qarşı vandallıq aktları barədə xarici KİV-də də kifayət qədər məlumatlar var. İndiki Ermənistan ərazisində Azərbaycana məxsus abidələrin vəziyyəti ilə bağlı narahatlıq da haqlı olaraq UNESCO-ya çatdırılıb. Demək, faktaraşdırıcı missiya Ermənistana da səfər edəcəksə, xalqımızın əsrlərin yaşıdı olan mədəni irsinin vandallar tərəfindən tamamilə yoxolma təhlükəsinin qarşısı alınmalıdır.
Milli Məclisin deputatı Könül Nurullayeva bu məsələnin mahiyyətinə toxunarkən qeyd edib ki, Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir: “Bu məsələ QHT-lərin UNESCO-nun baş direktoruna müraciətində də əksini tapıb. Azərbaycan cəmiyyəti Ermənistanda yerləşən Göy məscid, Qala məscidi, Şah Abbas, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam məscidi kimi 300-dən çox məscidin bərpasını tələb edir. Ermənistanda azərbaycanlılara məxsus 500-dən çox qəbiristanlığın məhv edilməsi, Azərbaycanda aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin qəbrinin dağıdılması əsl vandallıq aktıdır. Bu, Ermənistanın heç bir ümumbəşəri dəyərləri qəbul etmədiyini təsdiqləyir...”
Təəssüf ki, Ermənistan bu cinayətlərini ört-basdır etmək üçün hər zaman faktaraşdırıcı missiyanın əleyhinə olub. Lakin hazırda UNESCO-nun missiyasının reallaşması ilə bağlı razılıq əldə olunub. Ona görə də faktaraşdırıcı missiya bu faktları araşdırmaqda maraqlı olmalı, Ermənistanın prosesə maneçilik törətməsinə yol verməməlidir.
Ermənistan Qarabağda işğalçılıq siyasəti yeritdi. 30 il ərzində Azərbaycanın 9 şəhərini və yüzlərlə kəndini yer üzündən sildi. Bu ərazilərdəki tarixi, mədəni, dini abidələri viran qoydu, talan etdi. Bunlardan əlavə, yalnız İrəvan quberniyasında mövcud olmuş 269 məscidimizdən, İrəvan şəhərindəki “Xan sarayı”, İrəvan qalası, türbələr, karvansaralardan belə bu gün doğru-düzgün məlumat yoxdur...
Ermənistanın işğalçılıq siyasətinə illərlə göz yuman bir sıra beynəlxalq təşkilatların ikili mövqeyi, təbii ki, Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə onların açıq-aşkar təcavüzkarların havadarı olması kimi qəbul edilir.
Azərbaycanın ərazilərini illərlə işğal altında saxlayıb, təbii sərvətlərini talan edən, tarix, mədəniyyət və dini abidələrini yer üzündən silən Ermənistanın özünü sanki bunları törətməmiş, aciz, imkansız, tərksilah edilmiş kimi göstərməsi bir yana, üstəlik, Azərbaycandakı xristian-dini abidələrin hansı vəziyyətdə olmasını gündəmə gətirir. İllərlə təcavüzkarlığın qurbanı olmuş müsəlman dini abidələrinin vəziyyətindən xəbərdar olsa da, səsini çıxarmayan UNESCO-nun problemlə bağlı regiona dəvət edilməsi heç də sadə məsələ deyil. Əsl həqiqət üzə çıxarsa, Ermənistan bunun da əvəzini ödəməli olacaq.
UNESCO-nun Azərbaycan və Ermənistana araşdırma missiyası göndərməklə bağlı ən yüksək səviyyədə əldə olunan çoxtərəfli anlaşmanın, habelə Azərbaycan Mədəniyyət Nazirliyinin bir neçə gün öncə Qarabağdakı tarixi alban (udin) abidələri ilə bağlı yaydığı açıqlamanın məğlub ölkədə ciddi təlaş yaratması özünü Ermənistan XİN-in “allergik” reaksiyasında göstərdi. Ermənistanın Azərbaycana qarşı növbəti ittiham, hədyan və böhtanlarının şahidi olduq. Bu isə tərəflər arasında münasibətlərdə hələ də ciddi yeniliklərin olmadığını göstərir və Ermənistanın 44 günlük Vətən müharibəsində biabırcasına məğlub olmasına baxmayaraq, hələ də revanşizm xülyasından əl çəkməməsi, sərhədlərin dəqiqləşdirilməsi və müəyyənləşdirilməsi, tanınması, azərbaycanlı əsir və girovların qaytarılmasında yaxasını kənara çəkməsi deməkdir. Bu eyni zamanda 10 noyabr 2020-ci ildə Ermənistanın imzalamağa məcbur olduğu kapitulyasiya aktının müəyyən bəndlərinə tamamilə ziddir.
Azərbaycan dövləti və xalqı 200 ilə yaxındır ki, təmkinini gözləməkdə, Ermənistan isə yalançı hay-küyü ilə daşnakların işğalçılıq, terrorçuluq siyasətinə dolayısı ilə haqq qazandırmağa çalışmaqdadır.
“Öz ərazisi”ndə (əslində, hazırkı Emənistanın yerləşdiyi ərazi Azərbaycana məxsusdur və tarixi sənədlərdə təkzibolunmaz faktlarla təsdiqlənir) yaşamış etnosları qovub çıxarmaqla (son deportasiya nəticəsində, daha doğrusu, 1988-1989-cu illər ərzində Ermənistandan 250 min nəfərdən artıq (50 minə yaxın ailə) azərbaycanlı tarixi ata-baba yurdundan qovularaq Azərbaycana pənah gətirib) monoetnik dövlətə çevrilən, mədəni-tarixi irsimizi saxtalaşdıran və buna nail olmayanda Yer üzündən silən təcavüzkar dövlət çoxmillətli, çoxkonfessiyalı Azərbaycanı “erməni mədəni irs”inə qarşı genosid siyasəti yürütməkdə, “erməni kilsələrini albanlaşdırmaqda” ittiham edir. Hansı ki, vəziyyət tamamilə əksinədir.
Azərbaycan Mədəniyyət Nazirliyinin bu günlərdə bir daha bəyan etdiyi kimi, söhbət məhz tarixi ədalətin bərpasından, o cümlədən ermənilər tərəfindən “özününküləşdirilmiş” qədim alban məbədlərinin öz sahibinə və əvvəlki simasına qaytarılmasından gedir. Bundan ötrü beynəlxalq ekspertlər də cəlb olunmaqla, xüsusi komissiya yaradılacaq. Təbii ki, həmin komissiyaya erməni tərəfindən də mütəxəssislər qatıla bilər.
Ermənistan təcavüzkar siyasətlə özgəsinin ərazisində mövcud olmuş tarixi abidələrə qənim kəsilməsinin üstünün açılmasından, total saxtakarlıqlarının ifşa olmasından təbiidir ki, narahatdır. Çünki on illərdir daşnaklar Qarabağın işğalda saxladıqları ərazilərdəki abidələrin, kilsələrin, guya, onlara məxsus olduğunu iddia edərək, beynəlxalq birliyi çaşdırmağa çalışırlar.
Azərbaycanın 3 şəhəri UNESCO-nun qorunması vacib hesab edilən maddi-mədəniyyət abidələri siyahısına salınıb. Bununla bağlı Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatında deyilir ki, UNESCO-nun qarşıdan gələn missiyası Ermənistan ərazisində Azərbaycan xalqına məxsus irsin ətraflı öyrənilməsi, monitorinqi və sənədləşdirilməsi mühüm əhəmiyyət kəsb edəcək. Bəyanatda habelə hazırkı Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların zəngin tarixi, mədəni və dini irsinə aid nümunələrin mövcudluğu da xatırladılır. 1869-cu ildə Qafqaz Rusiyası Qubernatorluğu tərəfindən dərc edilmiş “1870-ci il üçün Qafqaz təqvimi” sənədindəki statistik məlumatlara görə, təkcə İrəvan quberniyasında 269 məscid olub. Həmin siyahıya məscidlərlə yanaşı, İrəvandakı “Xan sarayı”, İrəvan qalasının divarları, müasir Ermənistan ərazisində mövcud olmuş çoxsaylı hamamlar, karvansaralar, türbələr, qəbiristanlıqlar da daxildir.
Təəssüf ki, illərdir həmin tarixi abidə və dini məbədlərin hansı vəziyyətdə olması beynəlxalq təşkilatlar tərəfindən nə araşdırılıb, nə də qəti movqe sərgilənib. İndi bunu UNESCO-nun missiyası qiymətləndirməlidir. Azərbaycan-UNESCO əməkdaşlığının yüksək səviyyədə olmasını nəzərə alıb, inanırıq ki, bu beynəlxalq humanitar qurum öz missiyasına sadiq olduğunu təsdiqləyəcək, nüfuzunu ermənilərin bəd niyyətlərinə qurban verməyəcəkdir.
Əlbəttə, əgər UNESCO da ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, “ikili siyasət”ə, yaxud “balanslı yanaşma”ya üstünlük verməklə işğalçı ilə təcavüzə məruz qalanı ayırmayacaqsa, onda onun taleyi Minsk qrupunkundan fərqlənməyəcək. Rəsmi Bakının isə daim yüksək səviyyədə əməkdaşlıq etdiyi bir təşkilatdan belə mövqe gözləməməsi təbiidir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib: “Ermənistan işğal altında saxladığı ərazilərdə törətdiyi məqsədyönlü dağıntıları gizlətmək üçün onilliklər ərzində bu ərazilərə UNESCO missiyasının səfərinin qarşısını alıb. Bu fakt, UNESCO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub. Eyni zamanda Ermənistan öz ərazisindəki Azərbaycanın mədəni irsini tamamilə məhv edib, son 30 ildə beynəlxalq hüquq, o cümlədən humanitar hüquq normalarını tapdalayıb. 1949-cu il Cenevrə Konvensiyası, UNESCO-nun 1954-cü və 1970-ci illər konvensiyalarını kobud şəkildə pozub. Ermənistanın yuxarıda sadalanan vandalizminin nəticələri beynəlxalq media və müstəqil ekspertlər tərəfindən geniş şəkildə sənədləşdirilib və işıqlandırılıb”.
Azərbaycan XİN-in son bəyanatı bölgəyə araşdırma missiyaları göndərəcək UNESCO-ya, sadəcə, xatırlatma deyil. Bu bəyanat eyni zamanda işğalçı Ermənistanın məsuliyyətsizliyini təkzibolunmaz faktlarla üzə çıxarmalı olan UNESCO-nun özünün də hansı missiya daşımasını unutmamasını bir daha yada salmağa, həm də belə məsələlərdə ayıq-sayıq olmağa bir çağırışdır.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2022.- 15 mart.- S.4.