Məktub yetişdi...
Yazıçı
və həyat
Zaman da yetişdi, bu düşüncələri ağ vərəqlərlə bölüşüb, Sizə ünvanlamağın vaxtı-vədəsi də...
Sizə çox məktub yazırlar - müstəqil dövlətin Prezidenti kimi - minnətdarlıq duyğusu ilə...
Bu məktubsa, düşünürəm ki, daha çox ruhun ehtiyacıdır...
İnsan öz duyğularını, düşüncələrini həmişə məktubların dili ilə ifadə edib. Məktubla və sözlə...
...Və bu qəlb çırpıntılarımı - nisgildən vüsala, məğlubiyyətdən Zəfərə, qaçqın şəhərciklərindən doğma obalarımıza qədər uzanan kövrək duyğularımı məmləkətimizə yeni növraq gətirən Novruzun ərəfəsində yekunlaşdırmağa qərar vermişdim...
Fikirləşdim ki, elə bu məktubu da, azad etdiyiniz, təmizlədiyiniz, yolumuzu açdığınız Zəngəzurun qəlbimdəki rəmzi poçtu ilə Sizə göndərim!..
...Hər dəfə ilk bahar yetişəndə, yaz gülləri açılanda qərəmət məni basırdı, bu misraların hərarəti qərib yurdlarımıza niyə gedib çatmır, o yurdlarımız bu gözəllikdən niyə məhrumdur?..
Elə bilirdim o torpaqlarda zaman şaxtalı, sazaqlı bir qış günündə ilişib qalıb...
Boynubükük bənövşələrini də, səmada qanadlanıb bahar müjdəsini dünyaya yetirmək istəyən qaranquşlarını da, çiçəkdən-çiçəyə qonub bal toplamaq həsrətində olan arılarını da sankı don vurub...
O anlardaca, sümüklərim üşüyürdü, şaxtanın qılınc kimi kəsdiyi sazaqlı bir qış günündə, doğmaları üçün məktub yazdıran, amma məktubu yetişməyən Qurbanı - unudulmaz ədibimiz Abdulla Şaiqin “Məktub yetişmədi” hekayəsinin bu zavallı qəhrəmanının faciəli taleyini yada salırdım...
Ədəbi yaddaşımızda uzun onilliklərdir məktubun yetişməməsinin bax belə bir sızıltısı var idi...
Bu sızıltıdan daha göynərtilisi isə qəlbimizin qaysaq bağlamaz yurd yarasıdır. Onun da əzablı ağrıları içində düşünürdüm ki, görəsən bu həsrət, bu qubar, nə zaman bitəcək, nə zaman...
Düşünürdüm ki, aman Allah, o yerlərin səmasının qara çarşabı, dağlarının və düzlərinin ağ kəfəni bəs nə vaxt qalxacaq? Məktublarımız bəs nə zaman yetişəcək?
***
...Bu məktub da uzun illərin həsrətiylə yol gəlirdi...
...2020-ci ilin hər dəqiqəsi tarix olan payız günlərindən, ağacların qızılı libasına büründüyü, təbiətin daha bir fəsil dəyişikliyinə yır-yığış elədiyi vədələrdən və o günlərdə televizorun ekranı qarşısında, radio önündə ayaq üstə dayanıb həyəcandan titrəyən, amma eşitdiyi hər kəlmənin sehrini, enerjisini, ruhunu qaçırmamaq üçün nəfəs almadan...
Sizin qələbə müjdələrinizi dinləyən insanlarımızın sevinc anlarından bəri iç dünyam ünvanınıza yetiriləsi kəlmələrlə dolu idi...
***
Ötən ilin oktyabrında tarixi fərmanınızla yaratdığınız Şərqi Zəngəzura – onun laləzar guşəsi olan Zəngilana, ata yurduma səfər etdiniz.
Silahdaşınız, çiyindaşınız, Vətən dərdinə birgə əlac olduğunuz Mehriban xanımla səmimi görüşlər keçirdiniz.
Taleyimə minnətdaram ki, bu tarixi görüşdə iştirak etmək, həmin unudulmaz anları yaşamaq, hər dəqiqəsi bir ömrə dəyən təəssüratları yaddaşıma köçürmək mənim də qismətim oldu.
Sonra yenə Şərqi Zəngəzura – onun dilbər guşəsi olan Qubadlıya, ana yurduma gəldiniz...
Hər iki yurdum böyük coşqu, əbədi şükranlıqla qarşıladı hər ikinizi...
Sizin xoş qədəmlərinizlə hər iki doğma yurdumdaca həyat qaynadı, quruculuq, abadlıq işləri başladı.
Və hamı, bütün el-oba böylanıb səbirsizliklə baharı gözlədi...
Və gəldi o bahar...
Yeni, təp-təzə və uzun illərin həsrətindən sonra tarixi bir bahar...
Nədənsə, həmişə mənə elə gəlib ki, ağaclar, güllər kimi insan düşüncələrinin və onları ifadə edən kəlmələrin də tumurcuqladığı çağlar var, ona görə də bu məktubu qələmə almaq üçün həmin çağlara, baharın çərşənbələrinə qədər səbir etməyi üstün tutdum.
Şah İsmayıl Xətainin bir əlində qılıncı, bir əlində qələmi - baharın gəlişi münasibətilə yazdığı misralar... Əsrlərin o üzündən yaz mehi kimi ürəyimi oxşayır:
“Qış bitdi və bahar gəldi,
Gül bitdi və laləzar gəldi...”
Bahar nəfəsli od çərşənbəsi axşamı ocaq çatıb bayram əhvali-ruhiyyəsini bölüşən insanlar evlərinə yığışandan, bayırda əl-ayaq çəkiləndən sonra məktubumun ilk cümlələrini yazmağa başladım...
Bax ürəyində nakam arzularla yaşayan bəndənizin məktubu da belə yetişdi...
Xeyirli olsun!..
***
Biz illərdən bəri daş
kimi ürəyimizdən asılı qalan, qəddimizi əyən,
gələcəyə göz dolu baxmağımıza mane
olan, xoşbəxtlik hissimizi korşaldan ağırlıqdan məhz
Sizin sayənizdə xilas olduq.
Zindan kimi bu ağır daş “Dəmir yumruğu”nuzun zərbəsi ilə param-parça oldu, işğal acılarımızı geridə buraxdıq...
Zülmətə qərq olmuş yurdlarımızın çırağını yandırdınız, kotana, toxuma, insan əlinin tumarına, yamyaşıl taxıl zəmilərinin gözəlliyinə həsrət torpaqlarımıza bərəkət gətirdiniz...
Kor qoyulmuş ayna bulaqlarımıza su, kol-kos basmış yollarımıza abadlıq, tar-mar edilmiş şəhərlərimizə, kəndlərimizə, qəsəbələrimizə dirçəliş bəxş etdiniz...
Qurucu əllərinizlə bu torpaqlarda yeni bir həyat başlatdınız...
Ağırlığımızı-uğurluğumuzu yellər apardı, ayağımızı yer götürdü, ürəkləndik, qüvvətləndik!..
Elimizin ruzisini də Allah yetirəcək həmişə, sağlıq olsun. Çünki Yaradanın böyük bir lütfü kimi bu xalqın el qədri bilən, vətəndaşlarının halından anlayan Sizin kimi rəhbəri var. Həyata keçirdiyiniz inkişaf siyasəti var, ölkəmizə böyük uğurlar qazandıran sosial-iqtisadi layihələriniz var.
Azərbaycanın daha da qüdrətlənməsi üçün reallaşdırdığınız fürsətlər, əli iş-güc tutan bütün insanlarımıza işləyib özünün, ailəsinin dolanışığını təmin etməkdən ötrü yaratdığınız imkanlar var.
Ölkəmizdə sakitlik, normal həyat ahəngi, qanunlara, dövlətçilik dəyərlərinə getdikcə yüksələn hörmət ruhu, rəvan inkişaf yolu var və bütün bunların müəllifi və təminatçısı məhz Sizsiniz!
***
Nəhəng dünya nehrə kimi çalxalanır, dövlətlər, xalqlar, dünənə qədər bir-biri ilə qardaş sayılan toplumlar, soyu-kökü, dini, dili bir insanlar üz-üzə qoyulur, qanlı-bıçaq olur.
Adamların başına od ələnir, ölüm saçan silahlar nakam ömürlərə son qoyur, əsrlərlə tikilib-qurulmuş qədim şəhərlər xarabazara çevrilir.
Niyyət bəlli, mahiyyət aydındır: kimlərsə, yenə suyu bulandırıb balıq tutmaq istəyir, kimlərinsə maraqları üst-üstə düşmür, geopolitik iştahalar üzündən xalqlar, sadə insanlar diş altında qalır, faciələrə sürüklənir, həyatlar qaralır, bomba gurultusundan zəhri yarılan körpələrin fəryadı ürək parçalayır.
Bir o qədər də beynəlxalq güclərin riyakarlığı, məsələlərə ikili və soyuq yanaşmaları adamda hiddət doğurur. Azərbaycanın haqq-ədalət uğrunda apardığı savaşda Sizi bu müqəddəs yoldan çəkindirmək, qələbəmizə mane olmaq üçün min bir fənd düşünənlər, illərdir ki, işğala məruz qalana deyil, işğalçıya qahmar çıxanlar, meydan verənlər indi tamam başqa cür mövqelər sərgiləyirlər, ədalətsizlikləri ilə yeni problemlərin təməlini qoymağa çalışırlar, ikrah doğururlar.
Ordumuzun gücü ilə tarixi qələbəmizi necə böyük çətinliklər, fədakarlıqlar bahasına qazandığınız, diplomatik arenada nə qədər maneələri aşdığınız, üzərinizə yönələn təhdidləri necə gərginliklər hesabına dəf etdiyiniz indi əyan olur.
Vətən müharibəsinin hərbi əməliyyatlarını özünüz kimi mübariz, şir biləkli, aslan ürəkli əsgər və zabitlərimizlə aparırdınız.
Əsl sərkərdə məharəti ilə döyüşləri idarə edir, düzgün taktikanız, dəqiq əmrlərinizlə ordumuzu ardıcıl qələbələrə yetirirdiniz. Xalqa yetirdiyiniz zəfər müjdələrindən, hərbi əməliyyatlar haqqında açıqlanan məlumatlardan proseslərin necə də uğurla getdiyi gözlərimiz önündəydi.
Diplomatik səngərlərdə isə nələrin baş verdiyindən, necə oddan-alovdan keçdiyinizdən biz xəbərsiz idik, əyləşib ekran qarşısında elə hey Sizi axtarırdıq...
Yeni Qələbə müjdələrinizin intizarını çəkirdik...
Bu meydanda təkbaşına döyüşürdünüz, Azərbaycana yönələn təzyiqlərə təkbaşına sinə gərirdiniz, dünyanın dörd bir yanından ara verməyən hücumların, fitnə-fəsadların qarşısını alırdınız.
Bu haqq işində öz Liderinə dəstək verən, milli vəhdəti ilə dünyaya görk olan xalqımıza güvənərək...
Azərbaycan uğrunda ölümün gözünə dik baxan insanlarımızın sağlam ruhuna, Vətənə sədaqətinə əminliklə...
Müdrikliyinizə, fəhminizə, dövlətimizi xoşbəxt gələcəyə aparmaq üçün seçdiyiniz yolun ən düzgün yol olduğuna etibar edib hər qətiyyətli addımınızda mənəvi dəstək verən, Siz olan yerdə Azərbaycanın taleyindən xatircəm qalan, zərrə qədər də tərəddüd hissi keçirməyən xalqımızın bu inamından, güvənindən güc alaraq...
Özünüzün də qeyd etdiyiniz kimi, nəyi, nə zaman və necə etməyi bilməyin, hər şeyi zərgər dəqiqliyi ilə ölçüb-biçmək, yaranmış ən ani fürsəti belə Azərbaycanın daimi faydasına çevirməyi bacarmaq səriştəsinin verdiyi üstünlüklə...
***
Bu səriştənin, fenomenal bacarıqların, proseslərə çevik və peşəkar reaksiyaların, informasiyalarla işləmək qabiliyyətinin böyük dövlət adamı, bütün zamanların ustad siyasətçilərindən olan Heydər Əliyev məktəbindən gəldiyi dərhal bilinir... Bu məktəbdə əxz etdiklərinizin üzərinə toplanan illərin təcrübəsi isə indi Sizin özünüzü də qlobal siyasət məkanının böyük ustadına çevirib...
Davranışlarınız, tərziniz, verdiyiniz qərarlar, məsələlərə strateji yanaşmalarınız, əldə etdiyiniz parlaq nəticələr çoxları üçün əsl ustad dərsləridir!..
Beynəlxalq məkanda baş verən hadisə və proseslərə münasibətiniz, bu günə və gələcəyə baxışlarınız, beynəlxalq səviyyədə irəli sürdüyünüz təşəbbüslər hamıya maraqlıdır, hər kəs üçün mühümdür. Tarix proqnozlarınızın, mühakimələrinizin düzgünlüyünü, təşəbbüslərinizin nə qədər əsaslı olduğunu, təkcə Azərbaycana deyil, ümumən dünyamıza faydalarını zaman-zaman sübuta yetirirdi...
Və bundan sonra da yetirəcək!..
Ona görə ki, başqaları
öz xırda maraqlarını güdərkən, Siz insan
taleyini fikirləşirsiniz...
Başqaları dağıtmaq yolunu
seçərkən, Siz adınızı tarixdə qurucu əməllərinizlə
əbədiləşdirirsiniz!
Başqaları
danışıb vədlər verərkən, Siz real tarixi
işlər görürsünüz.
Hələ orasını
demirəm ki, həyata keçirdiyiniz məqsədyönlü
siyasətlə, mövcud imkanları reallığa
çevirmək qabiliyyətinizlə bu ərazicə
kiçik ölkəmizi Yer üzünün ən əhəmiyyətli
mərkəzlərindən birinə çevirməyi
bacarmısınız.
Bu gün dünyanın
enerji sisteminin, qlobal logistikanın, beynəlxalq
iqtisadiyyatın bir nəbzi də Azərbaycanda sürətlə
döyünür.
Müxtəlif
coğrafiyalarda, ayrı-ayrı məkanlarda, fərqli məsələlərdə
toqquşan, konfliktə girən, münaqişələrə
səbəb olan bütün maraqlar Azərbaycanda
üst-üstə düşür, uzlaşır,
rahatlıqla yola gedir.
Yaxın-uzaq ölkələrdə
günahsız insanların başına raketlərin
yağdırıldığı zamanda, onilliklər boyu min bir
zəhmət bahasına ərsəyə gəlmiş iqtisadi
sistemlərin çökdüyü, infrastrukturun
darmadağın olduğu, yeni münaqişə
ocaqlarının körükləndiyi, son dərəcə
çətin əyyamlarda Azərbaycanda böyük perspektivlər
vəd edən strateji əməkdaşlıqlar,
qarşılıqlı faydalar başlanır, hamının gələcəyi
aydınlıqla görə bildiyi, əmin olduğu tərəfdaşlıq
mühitinin qapıları açılır.
Bax bu mühiti - Siz
yaratmısınız!..
Qarabağ, Şərqi Zəngəzur
Sizin əsərinizdir!..
Tarixi əsərləriniz!..
Yollar da arzularımız kimidir,
açılıb, uzanıb gedir: Bakıdan Qarabağa, Zəngəzura...
Ordan da haralara -
yaxşısını Siz bilirsiniz...
***
Beynəlxalq arenada Sizə
olan münasibətdən maraqlı bir məqam da həmişə
diqqətimi çəkib.
Azərbaycan vətəndaşları
kimi beynəlxalq siyasətin əsas
iştirakçıları da Sizə inanırlar, rəğbət
bəsləyirlər, etibarlarında, əməkdaşlıq
meyillərində əsla tərəddüd etmirlər.
Hiss olunur ki, əslində,
böyük siyasətdə də mərdanəlik,
bütövlük, verilən sözlərə sadiqlik, şərəf
və ləyaqət hissi üstün dəyərlər
sayılır. İntəhası, böyük siyasətdəki
hər kəs də bu dəyərlərin
daşıyıcısı ola bilmir. Məqsədlərə çatmaqdan ötrü hər
cür vasitəni məqbul sayanlar bu dəyərləri məhv
edirlər.
Sizə isə ona görə
dünyanın böyük ehtiramı, güvəni var ki, həmişə
dəyərlərinizi qorumağı bacarırsınız,
onları qırmızı xəttin bir tərəfində
saxlamağa nail olursunuz, çünki Azərbaycan dövləti,
Azərbaycan xalqı, keçmişimiz, bu günümüz və
gələcəyimiz elə o müqəddəs dəyərlərdən
ibarətdir.
Sizin bu gün qlobal siyasətdəki
məğrur, qürurlu, mərd obrazınız, təmsil
etdiyiniz ali keyfiyyətlər bizim kimlik
hekayəmizdir...
Onlarsız, nə milli
varlığımızdan əsər-əlamət qalar, nə
də Vətənimizdən...
Bu dəyərlərlə
güclüsünüz, inam yaradansınız,
özünüzün də bəyan etdiyiniz kimi,
sözünüzə imzanız qədər dəyər verənsiniz. Diplomatik
ortamlarda, dövlətlərarası münasibətlərdə
etibar edib ürək qızdıranların güvəninə
axıra qədər sadiqsiniz.
Dost saydıqlarınıza və Azərbaycanı
da səmimi-qəlbdən dost sayanlara dəstəyinizi,
bacardığınız köməyi hətta ən çətin,
mürəkkəb şərtlər altında da əsirgəməyənsiniz.
Müdrik davranışlarınızla, yerindəcə,
məqamındaca verdiyiniz qərarlarla xalqımıza
düşmən deyil, dostlar qazandıransınız.
Bütün bunların nə qədər
önəmli olduğunu Vətən müharibəsində bir
daha anladıq, haqq savaşımıza dəstək verənlərin,
ən azı o günlərdə Azərbaycana qarşı təzyiq
kampaniyasına qoşulmayanların, imkan düşdükcə,
yanımızda olduqlarını büruzə verənlərin
xeyli genişlənmiş sayında izlədik, tarixi Zəfərimizin
dünyanın siyasi çevrələrində qəbul edilməsində
görüb anladıq.
***
Səbriniz, təmkininiz, ani
emosiyalardan uzaqlığınız, hər sözü illərin
peşəkar diplomat vərdişi ilə
ölçüb-biçib dilə gətirməyiniz, amma,
eyni zamanda bu ölçülü-biçili kəlmələrlə
də həqiqətləri əsla pərdələməməyiniz,
əksinə, ən doğru, ən obyektiv olanları ifadə
etməyiniz, başlıcası isə səmimiyyətiniz,
haqqın tərəfində durmanıza qəti əminliyiniz
- İlahi bir vergidir!..
Bu - ilahi bir dəyərdir...
Bu fitri istedadı
qarşınızdakının niyyətini ilk kəlmələrindən
anlamaq qabiliyyətiniz tamamlayır.
Müsahibələrinizi dinləyərkən,
ilk növbədə, cəsarətiniz heyranlıq doğurur,
istənilən media qurumunun təmsilçisinin
qarşısına çıxmaqdan, onların istənilən
suallarına cavab verməkdən əsla çəkinmirsiniz. Hər belə müsahibəni
Azərbaycanın haqq sözünü dünyaya yetirmək
üçün yeni bir imkan bilirsiniz, onların istənilən
suallarına isə - hətta təxribat məqsədli sual
olsa belə, veriləsi tutarlı, əsaslandırılmış
cavablarınız var. Müsahibələr gedişində
yaranmış çox ani məqamdan çevik şəkildə
istifadə edərək, iki-üç kəlməlik
replikanızla bütün söhbətin
möhürünü vurmağınız, opponenti məğlub
duruma salmağınız da tamam başqa bir ustalıqdır.
Söhbətə hansı niyyətlə
başlamasından asılı olmayaraq, heç bir jurnalist, həmsöhbət
Sizdən gərgin emosiyalarla, məyus hisslərlə
ayrılmır, əksinə, özü ilə xoş bir
ünsiyyətin unudulmaz, pozitiv təəssüratlarını
aparır. Sadəliyinizlə, səmimiyyətinizlə,
işıqlı təbəssümünüzlə, emosional
intellektinizlə olduğunuz ortamdakı insanlarda o qədər
gözəl aura yaradırsınız ki, burada hər hansı
gərginliklərə, sıxıntılara yer qalmır.
Buna Sizinlə bircə dəfə
ünsiyyətdə olmuş hər kəs şahiddir...
***
Şərqi-Zəngəzurda, dədə-baba
yurdumda o tarixi görüşümüzü
xatırlayıram...
Nə gizlədim, görüş ərəfəsində
xeyli gərgin idim, illərin həsrətindən sonra
doğma yurda qovuşmağın ürək
döyüntüləri öz yerində, axı dövlət
rəhbəri ilə görüşməyin, kəlmə kəsməyin
özü də böyük bir məsuliyyətdir, həyəcandır...
Amma Sizinlə görüşün
elə ilk dəqiqələrindəcə bütün həyəcanlı
anlar, gərginliklər ötüb keçdi, o qədər səmimi,
rahat, adamın canına yatan ab-hava yaratdınız ki, hətta
çıxış edəndə, əvvəlcədən
düşündüyüm qeydlərimi belə unutdum, bir də
hiss elədim ki, həmin an ürəyimdən nə gəlirsə,
düşüncələrimdən nə keçirsə,
onları dilə gətirirəm, bilərəkdən
yaratdığınız şərait, verdiyiniz cəsarət
dilimi açıb, ürəkləndirib,
davranışlarıma sərbəstlik gətirib.
Orasını da fikirləşdim ki,
Sizin özunəməxsus, məqsədli şəkildə
yaratdığınız o ünsiyyət mühitində
başqa cür mümkün deyildi axı, orada adam
hər cür sünilikdən, ütülü
davranışlardan uzaq tərzdə, necə varsa, yalnız elə
ola bilərdi...
Bax bu imkanı və şansı siz
yaratdınız...
Böyüklük budur!..
Əzəmət budur!..
Həm də sadəlik budur!..
El-obalarımıza, azad
yurdlarımıza səfərlərinizdə, sükan
arxasında yol gedə-gedə Mehriban xanımın telefonun
kamerası ilə çəkib paylaşdığı təəssüratlarınızda,
doğma ellərimizin dağı, daşı, çayı,
ağacı, yolu-rizi ilə sevgi dolu ünsiyyətinizdə,
qayğınızda, ümidlərinizdə,
torpaqlarımızda xarabalıq mənzərələri
yaratmış vandalların bu bədnam əməllərinə
qarşı hiddətinizdə də Siz məhz
özünüzsünüz.
Çox təşəkkürlər!..
Bu obrazınızı çox məhdud
texniki imkanlarla, yəni heç bir çəkiliş heyəti,
rejissor mizanı, operator işi, ssenarist qeydləri olmadan, adicə
bir telefon kamerası ilə, amma misilsiz yaradıcı duyumla,
peşəkarlıqla çəkib tarixdə əbədiləşdirən,
bununla çağdaş kommunikasiya mütəxəssisləri,
televiziyaçılar üçün əsl örnəklər
yaradan Mehriban xanıma da könül dolusu təşəkkürlər!
Azərbaycan həyatının elə
bir sahəsi yoxdur ki, Sizin və Mehriban xanımın - qoşa
qanad kimi - diqqətindən kənarda qalsın, bu tarixin əhatə
dairəsindən iraq düşsün...
Siz xalqımızın, Vətənimizin
keçmişinə, milli-mənəvi dəyərlərinə,
coğrafiyasına, yer-yurd adlarına hamıdan çox bələdsiniz. Qarabağın,
Şərqi Zəngəzurun toponimlərini, işğaldan
azad edilmiş torpaqlarımızın tarixini, ərazi
xüsusiyyətlərini, relyefini o qədər dərindən
bilirsiniz ki, bu bilgiyə, marağa heyran qalmamaq olmur.
Bütün bunlar Azərbaycana
sevginizdən gəlir!
Vətən sevgisi xilqətinizdədir!..
Nə xoş ki, bu sevgini bütün
ruhunuzla hiss edir və həm də
yaşadırsınız...
Sizin sükan arxasında “Ey Vətən!”
nəğməsini dinlədiyiniz anlar, o nəğməni dinləyə-dinləyə
azad yurdlarımıza baxıb gələcəyə doğru
yol çəkən gözlərinizdəki sevgi, qürur,
qayğı qədər aydın görüntülər...
Necə də gözəl anlar, səmimi
dəqiqələr idi...
Həmin nəğməni yalnız
Azərbaycanı bu qədər sevən, adını uca tutan
onun bu gününə və gələcəyinə görə
məsuliyyəti geniş çiyinlərində,
köksündə daşıyan Lider bax bu cür sevgi və məhəbbətlə
dinləyə bilər...
Və nəhayət ki, o yaz gəldi...
Yaz gəldi azad yurdlarımıza...
Bu yaz - həm də bir başqa
yazdır axı...
Otuz ilin həsrətilə, acı
intizarı ilə gözlədiyimiz yaz...
Bu yazın müjdəsi, hərarəti,
ətri azad yurdlarımızdan şirələnib, boy
götürüb gəlir...
Əcdadlarımızın ocaq yerlərində
qalanan bayram tonqallarının şöləsi ilə,
işğaldan qurtulmuş torpağın sinəsindən
boylanan tər bənövşənin, çırtdağ
novruzgülünün, kövrək xarıbülbülün
xəfif gözəlliyi ilə, insanlarımızın
dirçəliş, abadlıq, qurub-yaratmaq əhvalı ilə...
Yeni müjdə və yeni ümidlərlə!..
Bu ruh - Sizə inamdandır, Sizin
ardınızca irəlilədiyimiz inkişaf yolunun
düzgünlüyünə əminliyimizdən, güvənimizin
əbədi gücündəndir...
Sevdiklərinizlə birgə, bax beləcə,
neçə gözəl baharlara, neçə gözəl
bayramlara, əziz Xilaskarımız!
Novruz bayramımız mübarək
olsun!..
...Və elə bu inamla, bu sevgiylə
də tamamlayıram bu məktubumu...
Sağ olun, cənab Prezident!..
İmamverdi
İSMAYILOV
Zəngəzur-Qarabağ-Bakı
14 mart 2022-ci il
Azərbaycan.- 2022.- 15 mart.- S. 5.