Azərbaycan veteranları mənəvi borclarını uğurla yerinə yetirirlər

 

Yaşadığımız dövr müxtəlif proseslərlə çox rəngarəng,  tez-tez dəyişən tarixi hadisələrlə zəngin olduğundan yaddaşıma əbədi yazılır, unudulmaz anlara çevrilir. Mən həyatda həm çox çətinliklərin, məhrumiyyətlərin, həm də uğurların şahidi olmuşam. Bununla belə, həmişə xalqımı xoşbəxt görmək arzusu ilə yaşamışam. Böyük Allah gözəl günləri, qalibiyyətli günləri bizə nəsib edibdir.

Həyatımın ən gənc vaxtlarında, bəşəriyyət tarixinin çox dəhşətli və ən böyük müharibələrindən olan İkinci Dünya müharibəsində ilk gündən könüllü olaraq cəbhəyə yollanmış, Berlinə qədər uzun və məşəqqətli döyüş yolu  keçmişəm. Lakin sınmamışam, əyilməmişəm və sabaha həmişə böyük ümidlərlə baxmışam. Artıq ömrümün elə bir mərhələsindəyəm ki, bu yaxın vaxtlarda baş vermiş mühüm bir hadisənin hələ də təəssüratı altında, romantikunudulmaz duyğular içərisindəyəm.

Bu ilin əvvəlində, Prezident,  Ali Baş Komandan cənab İlham Əliyev işinin son dərəcə gərgin və çox olmasına baxmayaraq, şəxsən vaxt tapıb məni özü qəbul etmiş, anadan olmağımın yüz illiyi münasibətilə ürəkdən təbrik etmiş və “İstiqlal” ordeninə layiq bilmişdir. Əlbəttə, bu böyük bir şərəfdir və həyatımın ən unudulmaz günlərindən biridir. Cənab Prezidentə dərin təşəkkür etsəm də, fəqət izhar etdiyim sözlərim, minnətdarlığım, bu böyük diqqətin, qayğının, hörmətin qarşılığında məni o qədər də razı sala bilməz, mən özümü xalqıma, dövlətimə, Prezidentimə borclu bilirəm.

Əslində, gərgin qrafiklə işlədiyi bir dövrdə, ölkəmizin Prezidentinin vaxt tapıb məni şəxsən təbrik etməsi, sayı milyonu keçmiş veteran ordusuna olan böyük qayğının və diqqətin bariz təcəssümü idi. Mən veteranlarımıza cənab Prezidentin qayğısı  və diqqəti barədə vaxtaşırı olaraq məlumat verməkdən məmnun oluram, qürur duyuram.

Hələ 2015-ci ildə Prezident İlham Əliyev və Mehriban Əliyeva Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına şəxsən gələrək bizə ayırdığı yeni binanın açılışını etmiş və fəaliyyətimizə xeyr-dua verərək demişdi: “Mən çox şadam ki, bu gün birlikdəyik, tarixi qələbəni qeyd edirik. İstəyirəm biləsizniz ki, mən veteranlara bundan sonra da daha böyük qayğı ilə yanaşacağam. Sizin böyük xidmətləriniz olubdur, böyük yol keçmisiniz. Azərbaycana, dövlətçiliyin inkişafına dəyərli töhfələr vermisiniz. Hər bir vətəndaş, hər bir insan, xüsusilə vəzifəli şəxslər sizlərə böyük diqqət və qayğı göstərməlidir”.

Tarixə ekskurs etsək, ölkəmizdə “Veteran hərəkatı”nın salnaməsinin şərəfli səhifələrlə zəngin olduğunun şahidi olarıq. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev müstəqilliyin ilk illərində yazırdı: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər... Veteranlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək  bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur”.

Tarixi qələbəmizi dərindən düşünüb kompleks təhlil edərkən, əlbəttə, daha çox veteranlarveteran hərəkatı yada düşür. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi və ya “Dəmir yumruq  adlanan əməliyyat məhz Ali Baş Komandanımız, cənab İlham Əliyevin öz ordusuna, Silahlı Qüvvələrinə, veteranlarına verdiyi tarixi qiymətin və dəyərin haqlı olduğunu tam təsdiq etdi. Şəxsən onun rəhbərliyi və çağırışı ilə başlanan xilaskarlıq missiyası 44 gün davam edərək erməni faşizminin otuz ildən çox əsarətdə saxladığı tarixi torpaqlarımızın - Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Şuşanın, Laçının, Ağdamın, Kəlbəcərin və başqa ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələndi.

Dünya hərb tarixi elminə qızıl hərflərlə yazılmış “Dəmir yumruq” əməliyyatı tariximizin ən şərəfli  unudulmaz səhifələrinə çevrilmişdir. “Haroppilotsuz aparatlarından, zərbə dronlarından, Bayraktar-TB2 pilotsuz təyyarələrindən böyük məharətlə istifadə edən ordumuz düşmənin milyardlarla dollar dəyərində olan hərbi texnikasını məhv etdi. Azərbaycan Ordusunun unikal, fərdi, taktikitexniki manevrləri, uçuşları tarixi qələbəni təmin etdi, inanılmaz uğurlar qazanıldı. Xüsusilə, tarixi şəhərimiz olan Şuşanın erməni faşistlərindən qəhrəmanlıqla azad edilməsi taktikası dünya hərb tarixinə möhtəşəm qəhrəmanlıq səhifəsi kimi daxil oldu. Dronların düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələr endirməsi, artilleriya atəşlərini korreksiya etməsi və ən yüksək kəşfiyyat aparmaq keyfiyyətlərinə sahib olması Azərbaycan Ordusunun yüksək texnoloji üstünlüyə sahib olduğunu tam təsdiqlədi. Azərbaycan Ordusunun sahib olduğusehrli texnologiyaonun real qələbəsini təmin edən əsas amil olsa da, əsgərlərimizin və zabitlərimizin fədakarlığı və qəhrəmanlığı təkrarsız idi.

Qeyd etdiyim kimi, Azərbaycanın veteranlar hərəkatı çox böyük tarixi yol keçmiş,  Vətən müharibəsindəki qələbəmizin ideoloji əsasında dayanmışdır. İndi bəzilərinin “qazikimi işlətdiyi  veteransözü öz etimaloji mənbəyini qədim Romanın hərb tarixindən götürsə də, onun öz üstünlükləri və keyfiyyət göstəriciləri milli qürur yerimizə çevrilmişdir. “Qocaman əsgər”, “təcrübəli döyüşçü” və s. bu kimi mənaları ifadə edən “veteranussözü, latınca “qoca” mənasını ifadə edir. Qədim Romanın müharibə tarixində hərbi xidmətini başa vurmuş döyüşçülərə “veteran” adı verilməklə, bu söz həm də böyük səfərbəredici mahiyyət daşımışdır.

Hələ Rusiya imperiyasının  tərkibində olduğu dövrdə xüsusi döyüşkənliyi, cəsarəti, mərdliyi və sədaqəti ilə fərqlənmələrinə baxmayaraq, azərbaycanlıların hərbi xidmətə çağrılması, hərbi məktəblərdə oxuması faktiki olaraq məhdudlaşdırılmışdı (bu işdə ermənilərin də rolu olmuşdur). Azərbaycan tarixində Səməd bəy Mehmandarov, “Rus artilleriyasının Allahı” kimi şərəfli ad qazanmış Əliağa Şıxlinski, general Hüseyn xan Naxçıvanski, Əbülfət ağa Şaxtaxtınski, Kəlbəli xan Naxçıvanski, Xosrov bəy Sultanov, İbrahim ağa Vəkilov, Həbib bəy Səlimov, İbrahim ağa Usubov, Hüseyn xan Naxçıvanski, Mirkazım bəy Talışxanov, Firudun bəy Vəzirov, Qalib bəy Vəkilov, Daniyel bəy Hələcov, Əliyar bəy Haşımbəyov, Süleyman bəy Əfəndiyev, Teymur bəy Novruzov, Əmir Kazım Mirzə Qacar, Feyzulla Mirzə Qacar, Cavad bəy Şıxlinski, Əbdülhəmid bəy Qaytabaşı, Murad Tlexas, Məmməd Sadıq bəy Ağabəyzadə, Məhəmməd bəy Sulkeviç, Əmənulla Mirzə Qacar və digərləri öz qələbə uğurları ilə tarixə düşmüşlər. Təsadüfi deyil ki, Azərbaycanda Novruzovlar nəslindən üç, Qacarlar nəslindən yeddi, Yadigarovlar nəslindən dörd, Cavanşirlər nəslindən dörd, Talışxanovlar nəslindən beş, Şıxlınskilər nəslindən üç, Kəngərlinskilər nəslindən beş, Bakıxanovlar nəslindən üç hərbi sərkərdə - general yetişmişdir. Birinci Dünya müharibəsində 81 saylı Abşeron alayı, 82 saylı Dağıstan alayı, 83 saylı Samur alayı, 84 saylı Şirvan alayı, 205 saylı Şamaxı alayı, 206 saylı Salyan alayı Rusiya tərəfindən vuruşmuş və qarşıya qoyulan vəzifələri fədakarlıqla yerinə yetirmişdir.

1918-ci ildə xalqımız dövlət müstəqilliyinə nail olduqdanXalq Cümhuriyyəti qurulduqdan sonra Rusiya ordusunda xidmət edən 21 general Bakıya gələrək  yeni yaradılmış Xalq Cümhuriyyəti ordusunda xidmət etmək arzularını bildirmişdilər. Erməni-daşnak terroru nəticəsində ordumuzda xidmət edən 12 general, 27 polkovnik, 46 kapitan, 148 praporşik, 260 nəfər digər rütbəli hərbi qulluqçularımız qətlə yetirilmişlər.  Onların sırasında general-mayorlar Həbib bəy Səlimov, Əmir Kazım Mirzə Qacar, İbrahim Ağa Usubov, Əbdülhəmid bəy Qaytabaşı, Murad Gəray bəy oğlu Tleyxas, Əliyar bəy Haşımbəyov, general-leytenant Məmməd bəy Sulkeviç kimi qüdrətli sərkərdələr xüsusilə qeyd edilməlidir. 

Azərbaycan hərb tarixinin növbəti şərəfli səhifələri II Dünya Müharibəsi illərinə təsadüf edir. SSRİ-nin tarixi qələbəsinin təmin edilməsində Azərbaycanın Bakı neftinin misilsiz rolu olsa da, bununla yanaşı döyüşçülərimiz və sərkərdələrimiz də ata-babalarının qəhrəmanlıqlarını təkrarlamaqla böyük xidmətləri var.

Sovet  İttifaqının  tərkibində olduğu dövrdə ölkəmizdə azərbaycanlı hərbçi kadrların yetişdirilməsi sahəsində uğurlu addımlar atılmışdır. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti ilə, hələ 1971-ci ildə, Bakıda C.Naxçıvanski adına ixtisaslaşmış hərbi lisey yaradılmışdır. Ulu Öndərin bu böyüktarixi xidmətlərindən biri də gələcəkdə müstəqillik əldə edəcək Azərbaycanın Ordusunun kadr ehtiyaclarını ödəməyə hesablanmış və bu istiqamətdə böyük uzaqgörənliklə həyata keçirilən tədbirlər idi.

Veteran hərəkatı isə bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da daim diqqətdə saxlanılmış və zaman-zaman inkişaf etdirilmişdir. 3 iyun 1956-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi böyük rəşadətlər və igidliklər göstərərək, nəinki SSRİ-ni, habelə bütün Avropanı faşizmdən xilas etmiş müharibə veteranlarını bir təşkilatda birləşdirmək təşəbbüsü ilə çıxış etdi. Buna görə də 29 sentyabr 1956-cı ildə “Sovet Müharibə Veteranları Komitəsi” təsis edildi. Sonradan digər veteranların da (əmək veteranı və s.) həmin təşkilatda birləşməsi təmin edildi, müttəfiq respublikalarda onun nümayəndəlikləri təsis olundu. Buna görə də illər keçdikcə Veteran hərəkatı daha böyük vüsət aldı, genişləndi və yeni-yeni səhifələrlə zənginləşdi.

Xüsusilə faşizm üzərində qələbənin  iyirmiillik yubileyinin keçirilməsi münasibətilə veteranlaraveteran təşkilatlarına göstərilən diqqət sonra daha da inkişaf etdirildi. Gənclər bütün ittifaq miqyasında tarixi yürüşlər keçirir və ölkənin inkişafında fəallıq göstərirdilər. Bu yürüşlər içərisində “Brest qalasına tarixi yürüşüxüsusi olaraq qeyd etmək istəyirəm. Tarixçilər qeyd edirlər ki, “Brestin məşhur meydanında, bütün ölkə veteranları adından qalanın tarixi müdafiəçiləri, yürüş iştirakçıları olan gənclərə, simvolik olaraq qəhrəman qalanın açarını təqdim etdilər. “Brest qalasının mövcud olduğu bütün tarixi dövr ərzində, ilk dəfə olaraq onun müdafiəçiləri, bu əfsanəvi darvazanın açarını gənclərə etibar etdilər”. Qəhrəman Brest qalasının tarixi açarını SSRİ gənclərinin nümayəndəsi, gənc toxucu Valentina Kondratiyevaya Azərbaycan məktəblisi İlham Əliyev (hazırkı Prezidentimiz) təqdim etmişdi.

Fikrimcə, bu gün ölkə Prezidenti, cənab İlham Əliyevin Azərbaycan veteranlarına göstərdiyi xüsusi diqqət məhz həmin dövrdən başlanmışdır.

İttifaq miqyasında geniş vüsət almış Veteran hərəkatı 21 mart 1987-ci ildə Azərbaycanda yeni bir təşkilatın təsis edilməsi ilə nəticələndi. Bu baxımdan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətə başlamasının 35 ili tamam olur.

Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı, ölkəmizdə Veteran hərəkatının da yeni inkişaf mərhələsinə keçidinə səbəb oldu. Veteranlaraveteran təşkilatlarına lazımi şərait yaradıldı.

Bu istiqamətdə mühüm hadisələrdən biri 1994-cü ildə ölkə tarixində ilk dəfə olaraqVeteranlar haqqında” Qanunun qəbul edilməsi oldu. Həmin qanun Heydər Əliyev tərəfindən Milli Məclisə təqdim edilmişdi. Bu qanunda veteranlara dair dövlət siyasətinin əsas istiqamətləri müəyyən edilmiş, müharibə veteranlarının, Silahlı Qüvvələr veteranlarının, Əmək veteranlarının statusu, onların pensiya təminatı, istehsal fəaliyyəti, mənzil-məişət şəraiti, dərman və müalicə vasitələri ilə təminatı, onlar üçün nəzərdə tutulan əlavə güzəştləri, veteranların sosialtibbi müdafiəsi, digər zəruri və vacib məsələlər ilk dəfə olaraq hüquqi baxımdan mükəmməl tənzimləndi. Qanunun 21-ci maddəsində göstərilirdi ki, veteranların sosial müdafiəsi tədbirlərini müvafiq icra hakimiyyəti orqanları planlaşdırır və veteranların sosial müdafiəsi proqramları dövlət büdcəsinin, Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun vəsaiti hesabına maliyyələşdirilir. Bizim təşkilat da dövlət başçısının təsdiqlədiyi vəsait hesabına maliyyələşdirilir.

Ulu Öndər Heydər Əliyevin siyasi varisi, onun dövlətçilik və ideoloji kursunun şərəfli davamçısı, ölkə Prezidenti, qalib ordunun Ali Baş Komandanı İlham Əliyev   veteranlara üzünü tutaraq demişdir: “Onlar xalqımızın fəxridirlər. Cəmiyyətin ən dəyərli insanlarıdır... Hər bir vəzifəli şəxs, sizə böyük diqqət və qayğı göstərməlidir. Mən bütün məmurlara tapşırmışam ki, sizin problemlərinizlə məşğul olsunlar ki, siz rahat yaşaya biləsiniz. Sizin buna haqqınız çatır... Çünki siz Vətəni müdafiə etmisiniz, qəhrəmanlıq göstərmisiniz... Biz sizinlə fəxr edirik. Gənc nəsil də sizinlə fəxr etməlidir. Gənc nəslimizin vətənpərvərlik uğrunda tərbiyə olunmasında, sizin kimi insanların rolu çox böyükdür”.

Məhz cənab İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük diqqəti və qayğısı nəticəsində Müharibə, Əmək və Silhalı Qüvvələr Veteranları Təşkilatı müasir ofislə, inventarlarla, nəqliyyat vasitələri ilə təmin edilmiş, bütün lazımi şərait yaradılmışdır.

Təvazökarlıqdan uzaq olsa da, qeyd etməyi vacib bilirəm ki, təşkilata rəhbərlik  mənə etibar edildikdən sonra, onun fəaliyyətində köklü dəyişikliklər etməyə çalışmışam. İlk öncə hüquqi dövlət quruculuğu mərhələsində yeni nizamnaməmiz hazırlanmış, müvafiq qaydada qeydiyyatdan keçmiş, işlək mexanizm yaradılmış, kadr potensialı köklü sürətdə yaxşılaşdırılmışdır. 44 günlük Vətən müharibəsi dövründə veteranlarımız bütün cəbhəboyu əsgərlərimizin və zabitlərimizin yanında olmuş, onlara tövsiyələrini vermiş,  öz təcrübələrindən istifadə edərək, döyüşçüləri qələbəyə ruhlandırmış, tarixi qələbənin qazanılmasına ciddi dəstək olmuşlar. Yaralı əsgərlərimizə, şəhid ailələrinə tez-tez baş çəkmiş, onların qayğı və problemlərinin həllinə kömək etmişlər.

Təşkilatımızın təşəbbüsü ilə İkinci Dünya müharibəsinin veteranları ilə Qarabağ müharibəsinin veteranları arasında “Nəsillərin görüşü” adlı tədbir keçirilmiş, “Zəfər bayramı” adlı tədbir isə yaddaqalan hadisəyə çevrilmişdir. İmkanlarımız daxilində ayrı-ayrı veteranlara maddi yardımlar göstərilmiş, bəzilərinə müasir əlil arabaları verilmiş, ərzaq məhsulları paylanmışdır. Veteranları maraqlandıran məsələlərə veteran.az saytında aydınlıq gətirilmişdir. Qarabağ müharibəsinin  bir sıra veteranları təşkilatımızın nümayəndəli orqanlarına seçilmiş, təmsil olunmuş, onların müxtəlif problemlərinin həllinə kömək göstərilmişdir. Etiraf edim ki, ayrı-ayrı veteranlar üçün güzəştlərin və qayğıların artırılmasına qanunvericilik yolu ilə təşəbbüslər göstərilmiş, Müdafiə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən onlara  diqqət və qayğı artırılmışdır.

Ölkənin ictimai-siyasi həyatında baş verən hadisələr, yubileylər təşkilatımızda yüksək səviyyədə qeyd edilir, gənclərlə, ziyalılarla tez-tez görüşlər keçirilir. Fəaliyyətimizin zaman-zaman təkmilləşməsinə, rayon və şəhər təşkilatlarının rolunun artırılmasına, beynəlxalq əlaqələrin və əməkdaşlığın gücləndirilməsinə  xüsusi diqqət yetiririk. Ölkəmizin ictimai-siyasi və mədəni həyatında Müharibə, Əmək və Silhalı Qüvvələr Veteranları Təşkilatının rolu gündən-günə artır, onun fəaliyyəti daha da təkmilləşdirilir və bu təşkilatın sözün əsl mənasında,  veteranların ümid yerinə çevrilir.

Qarşımızda isə hələ böyük vəzifələr dayanır. Biz daim ölkə Prezidentinin yanında olduğumuzu, onun daxilixarici siyasətini ürəkdən bəyəndiyimizi qürurla qeyd etmiş, veteran kimi öz sözümüzə sadiq olmuşuq.

Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranları Təşkilatının təsis edilməsinin 35 illiyi Novruz bayramının keçirildiyi günlərə təsadüf edir. Mən də bu imkandan istifadə edərək ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevi, veteranların hamisi kimi sevilən Birinci vitse-prezident Mehriban Əliyevanı bu əziz  bayram  münasibətilə təbrik edirəm, onlara möhkəm cansağlığı, dövlətimizin və xalqımızın xoşbəxt gələcəyi  naminə böyük uğurlar və qələbələr arzu edirəm. Bütün ölkə veteranları, hərbçilərimiz, ziyalılarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında indi daha sıx birləşib.

 

Fatma SƏTTAROVA

Azərbaycan Respublikası Müharibə,

Əmək və Silhalı Qüvvələr Veteranları

Təşkilatı Rəyasət Heyətinin sədri, Prezident təqaüdçüsü

 

Azərbaycan.- 2022.-15 mart.- S.8.