Novruz bayramı bədii əsərlərdə

 

Azərbaycan xalqının tarixində, mədəniyyətində, məişətində, adət-ənənələrində Novruz bayramının özünəməxsus yeri var. Bu bayram qədim məmləkətimizin bütün guşələrində təmtəraqla qeyd olunur. Ancaq bölgələrimizin Novruz təntənəsində həm oxşarlıqlar, həm də fərqli cəhətlər diqqəti cəlb edir. Bu da baharın gəlişinin müjdəsini verən Novruz adət-ənənələrimizə zənginlik gətirir. Milli bayramımızın bu gözəllikləri, zənginlikləri yazıçıların, şairlərin də diqqətindən kənarda qalmayıb.

Novruz adət-ənənələrinin, mərasimlərinin ədəbiyyatımızın klassiklərinin yaradıcılığında əksini tapdığını qeyd edən ədəbiyyatşünas F.F.Qasımzadə Xaqani Şirvaninin şeirləri, Nizami Gəncəvinin “İsgəndərnamə”, “Leyli və Məcnun”, “XosrovŞirin” poemaları, Qazi Bürhanəddinin qəzəlləri, Kişvərinin yaradıcılığı, Məhəmməd Füzulinin, Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin əsərləri, Mikayıl MüşfiqinBayram axşamı” şeiri, Hüseyn Cavidinbaşqa görkəmli şair və yazıçılarımızın əsərlərindən misallar gətirib. Onu da diqqətə çatdırıb ki, XI əsr Azərbaycan şairi Qətran Təbrizi “Divan”ında, Orta əsr şairlərimizdən Sururi, Şahin, Həqiri də öz yaradıcılıqlarında, Mirzə Fətəli Axundzadə “Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-müsyö Jordan həkimi-nəbatət və dərviş Məstəli şah - caduguni-məşhur”, “Sərgüzəşti-vəziri-xani Lənkəran” əsərlərində Novruz bayramından söz açıblar.

Ədəbiyyatımızın sonrakı dövrlərində qələmə alınmış bir sıra əsərlərdə də Novruz bayramı əhvali-ruhiyyəsi əksini tapıb, bayramda keçirilən mərasimlər təsvir edilib. Əsasən, qəmli, hüznlü şeirləri ilə tanınan Molla Vəli Vidadi belə bu mövzudan şən ovqatla söz açıb:

 

Novruzi-bahar oldu, cahan tazətər oldu,

Rəf oldu ələmlər.

Dağıldı bu şadlıq xəbəri dərbədər oldu

Yandı oda qəmlər.

 

Sovet dövrü Azərbaycan ədəbiyyatında da bir sıra əsərlərdə Novruz bayramına, adət-ənənəsinə müəyyən yer verilib. Onlardan biri şair Səməd VurğununKomsomolpoemasıdır. Novruzla bağlı məqamlar bu poemada əksini tapıb.

Yazıçı İsmayıl Şıxlının 1957-1967-ci illərdə yazdığı məşhurDəli Kürromanında XX əsrin əvvəllərində kiçik bir Azərbaycan kəndində - Göytəpədə baş verən hadisələrin fonunda xalqımızın odövrkü yaşam tərzi, məişəti ilə tanış oluruq.  Həmin dövrdə Novruzun necə qeyd olunduğu barədə bu tarixi romanda yazılanlar olduqca maraqlıdır: “Novruz bayramı idi. Kənd uşaqları səbirsizliklə axşamın düşməsini gözləyir, tez-tez xırman yerinə topladıqları ota baxırdılar. Onlar qucaq-qucaq küləş, saman gətirib otun üstünə atırdılar. Bundan başqa, əllərinə keçən quru çırpıları, odun qırıntılarını da buraya atırdılar. Onlar şər qarışan kimi tonqal yandıracaqdılar... Qızlar sakit oturmurdular. Özlərinə təzə paltar tikir, axşama qədər hazır edib geyməyə çalışırdılar. Gəlinlər yumurta boyayır, arvadlar tez-tez düyü arıtlayan qızlara göz yetirirdilər. Səmənilər süfrələrə düzülürdü. Hamı bayrama hazırlaşırdı. Varlı da, kasıb da çalışırdı ki, bu axşam süfrəsi boş qalmasın. Aylarla yığdıqlarını bir gecə üçün xərcləyənlər var idi”.

Yazıçı Əzizə Cəfərzadə XIX əsrdə yaşamış Azərbaycanın görkəmli şairi Seyid Əzim Şirvaniyə həsr etdiyiAləmdə səsim var məniməsərində xalqımızın toy yas mərasimləri, şeir məclisi - “Beytüs-səfa”, çillə çıxarmaq, orucluq bayramı adətləri, müsəlla, qaravəlli, Novruz-İlaxır çərşənbə adətləri, ümumi ibadət digər mərasimləri təsvir edib.

Hər bir azərbaycanlının uşaqlıq xatirələrində çərşənbə Novruz bayramlarının silinməz izləri olur. Əksəriyyətimiz illər ötsə , o bayramları xoş duyğularla, xiffətlə yada salırıq. Cənubi Azərbaycandan olan şair Məhəmmədhüseyn Şəhriyarın məşhurHeydərbabaya salampoemasında bu hisslər böyük səmimiyyətlə ifadə olunub:

 

Qızlar deyər: “Atıl-matıl, çərşənbə,

Ayna təkin bəxtim açıl, çərşənbə”.

Yumurtanı göyçək, güllü boyardıq,

Çaqqışdırıb sınanları soyardıq,

Oynamaqdan bircə məgər doyardıq?

Əli mənə yaşıl aşıq verərdi,

İrza mənə növruzgülü dərərdi.

 

Şair poemada şirin bir dillə Novruz mərasimlərini, adət-ənənələrini təsvir edib.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.- 15 mart.- S.9.