Birlik, bərabərlik, qardaşlıq bayramı Novruz Gəncədə təmtəraqla qeyd olunmuşdur

 

Gəncənin Heydər Əliyev meydanında təşkil olunan tədbirdə iştirakçıları əvvəlcə elimizin qədim adəti ilə əllərində şərbət olan milli geyimli qızlar qarşılamışlar. Sonra tədbir iştirakçıları istedadlı gənclərin hazırladıqları təsviri incəsənət əsərlərindən və milli geyimlərdən ibarət sərgiyə, müxtəlif idman oyunlarına baxış keçirmişlər.

İştirakçılar Gəncə Dövlət Dram Teatrı aktyorlarının Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” operettasının motivləri əsasında hazırladıqları “Bazar meydanı” tamaşasına baxdıqdan sonra xalqımızın əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının nümunələrinə tamaşa etmişlər. Kəndirbazların, sehirbazların, yoqa ustalarının çıxışları, həmçinin şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, Gəncə Uşaq Evinin, Körpələr Evi-Uşaq bağçasının kollektivlərinin, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblının çıxışları da maraqla qarşılanmışdır.

Rəmzi olaraq Gəncənin tarixi şəxsiyyətləri Nizami Gəncəvinin, Mirzə Şəfi Vazehin, Cavad xanın obrazları canlandırılmışdır. Onlar insanları humanizmə, doğruluğa, düzgünlüyə və ədalətə səsləmişlər. Cavad xan el igidlərinə şanlı keçmişimizi xatırladaraq hamını Azərbaycanın inkişafı uğrunda həmrəy olmağa çağırmışdır.

İştirakçıları müdrik el ağsaqqalı Dədə Qorqud salamlayıb onlara xeyir-dua verdikdən sonra yazın müjdəçisi - Bahar qız yurdumuza Novruzun gəldiyini xəbər vermişdir. Cəngavərlər möhtəşəm Novruz tonqalını alovlandırmışlar. Tonqalın ətrafında Gəncə Dövlət Kukla Teatrının nəhəng kuklaları, Keçəl və Kosanın maraqlı çıxışları izlənilmiş, “Cəngi” çalınmışdır.

Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Gəncə Dövlət Filarmoniyasının Göygöl Dövlət Mahnı və Rəqs ansamblı, Kamera Orkestrı, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin kollektivləri qonaqların qarşısında bir-birindən maraqlı və rəngarəng çıxışlar etmişlər. Konsert proqramı M.Maqomayevin möhtəşəm “Azərbaycan” mahnısı ilə yekunlaşmışdır.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 20 mart.- S.3.