Zəngilanda bayram tonqalı
qalandı
Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Azərbaycan xalqı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı olan Novruzu öz ərazi bütövlüyünü “Dəmir yumruq”la bərpa etmiş qalib xalq kimi qeyd edir. Ona görə də budəfəki bayram daha coşqulu, daha təmtəraqlı keçirilir.
Artıq Azərbaycan xalqının “Gün o gün olsun ki, Novruz tonqalları Qarabağda alovlansın” arzusu reallığa çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi doğma torpaqlarımızda da bu gün bayram tonqalları çatılır.
30 illik Qarabağ həsrəti sona çatan keçmiş məcburi köçkünlərimiz də səbirsizliklə böyük qayıdışı gözləyirlər. Çünki illər sonra doğma el-obada Novruzu adən-ənənəyə uyğun qeyd etmək ən böyük arzularından biri olub.
Elə dünən Abşeron rayonu Masazır qəsəbəsi ərazisində kemiş məcburi köçkünlər üçün salınmış “Zəngilan” şəhərciyində təşkil olunmuş bayram tədbirində də bu fkirlər səsləndirildi.
Bayram şənliyində rayon icra hakimiyyətinin məsul işçilərinin, icra nümayəndəliklərinin əməkdaşlarının, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin rəhbərlərinin, eləcə də rayon ictimaiyyətinin iştirak etdiyi mərasimdə qeyd edildi ki, tezliklə doğma yurda qayıdış başlanacaq və zəngilanlılar bütün bayramları evlərində təmtəraqla qeyd edəcəklər.
Bayram tədbirində rayonun idmançıları müxtəlif idman nümunələri ilə öz məharətlərini sərgilədilər. İncəsənət ustalarının təqdim etdikləri konsert proqramı ilə davam edən tədbirin sonunda ənənəvi bayram tonqalı yandırıldı.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2022.- 20 mart.- S.3.