Sərnişinlər Novruz
bayramını Ağdamda qeyd
ediblər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus marşrutları üzrə bu gün sayca 71-ci reysi həyata keçirib. Yanvarın 24-dən indiyədək Şuşa və Ağdam istiqaməti üzrə ümumilikdə 3196 sərnişin səfər edib. Vətəndaşların öz doğma torpaqlarına gediş-gəlişi uğurla təmin olunub.
Marşrutların təhlili, həmçinin vətəndaşların çoxsaylı müraciətləri və tələbat nəzərə alınaraq mart ayında - Novruz bayramı günlərində Bakı-Şuşa-Bakı istiqamətində avtobus reyslərinin hər gün həyata keçirilməsi qərara alınıb. Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan “www.yolumuzqarabaga.az” portalı üzərindən onlayn qaydada satılır. AZƏRTAC xəbər verir ki, bugünkü səfər sərnişinlər üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki onlar 30 il Novruz tonqallarına həsrət qalmış Ağdam rayonuna bayram etməyə gedirdilər.
Sərnişinlərin yolboyu müşahidə etdiyi mənzərələr bunlar idi: dağıdılmış evlər, məhv edilmiş infrastruktur, minalanmış ərazilər.
Ağdamın talan edilməsi, xalqımızın tarixi, mədəni irsini yer üzündən silmək cəhdi, evlərə, abidələrə, hətta qəbirlərə, məscidlərə qarşı törədilmiş terror erməni vəhşiliyinin sərhəd tanımadığını bir daha nümayiş etdirir.
Düşmən nə qədər çalışsa da, hər qarışı tarix olan Ağdamda Azərbaycan ruhunu məhv edə bilməyib. Hazırda bu ərazilərdə quruculuq işləri gedir.
Bu günü Ağdam sərnişinləri bayram ab-havasında qarşıladı. Alovlanan tonqal hər kəsə qürur və sevinc hissləri yaşatdı. Nəhayət, xalqımızın Novruz bayramını Qarabağda qeyd etmək arzusu reallaşdı.
Ənənəyə
görə, bu bayramda
hər kəs öz evində olmalı, Novruzu doğma
ocağında qeyd etməlidir. Xalq içində deyərlər: “Əgər
Novruzun ilk günü öz evində
olmasan, yeddi il evinə həsrət qalacaqsan”.
Biz də Novruzu evimizdə
- Qarabağda, Ağdamda
qeyd etdik. Tezliklə
Qarabağın sakinləri öz doğma ata-baba
yurdlarına qayıdacaq və əbədi olaraq
bu torpaqlarda yaşayacaqlar.
Azərbaycan.- 2022.- 20 mart.- S.3.