Qocalar evinin tənha sakinləri

 

Həyatının ahıl çağında kimsəsiz və tənha qalmış insanlar dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar

 

Bilgəhdəki “Qocalar evikimi tanınan Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə gələrkən yolboyu beynimdə çoxlu suallar dolaşırdı. Təşəbbüs ilk dəfə kimə məxsus olub? Nəyə görə ona ehtiyac duyulub?

 Qocalar evi”ndə yaşamaq valideynin, yoxsa övladınmı səhvi ucbatından olur? Bu məkanın sakini olmaq lütfdür, yoxsa bədəl?! Yolboyu məni intizarda saxlayan hisslər mənzil başına çatanda təəccüblə əvəz olundu.

 

Mükəmməl sosial siyasətin nümunəsi

 

Geniş həyət, təmirli bina... Qapısındakı lövhəni görməsəydim, səhv gəldiyimi düşünəcəkdim.

Qocalar evi”nə daxil olan andan yaradılan şəraiti, göstərilən xidmətləri görərkən ilk növbədə dövlətimizin öz ahıl insanlarına necə diqqət və şəfqətlə yanaşdığına əmin olduq. Bəli, Azərbaycan mükəmməl sosial siyasətin həyata keçirildiyi, o cümlədən ahıl vətəndaşların yüksək dövlət qayğısı ilə əhatələndiyi, bu kateqoriyadan olan insanlara hörmət və ehtiramla yanaşılan ölkələrdən biridir. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına, təsdiq etdiyi dövlət proqramlarına, digər sənədlərə əsasən ölkəmizdə ahılların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən həyata keçirilən humanist layihələr, nəcib tədbirlər ahıl vətəndaşları da əhatə edir. Fondun dəstəyi ilə ahıllara xidmət edən müxtəlif tədbirlər, aksiyalar keçirilir. Leyla xanım Əliyeva tez-tezQocalar evi”nə gəlir, buranın sakinləri ilə görüşür, onları dinləyir, həm də bu insanlara çox böyük mənəvi dəstək olur. Belə görüşlərin hər biri bu insanlarda sonsuz sevinc, fərəh hissi yaradır.

Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində olan Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin beşmərtəbəli binasında 300 sakinin məskunlaşması üçün hər cür şərait yaradılıb. Müəssisənin direktoru Samirə Mehdiyeva bizi müəssisə, sakinlər, işçi heyəti ilə tanış edərək ətraflı məlumat verdi. Dedi ki, hər bir ahıl ayrıca otaq, tibbi yardım və geyimlə təmin olunur. Kitabxana, ahılların özünüməşğulluğu, müəyyən əl işləri hazırlamaları üçün emalatxanalar, hətta idman zalı onların istifadəsindədir. Hazırda burada 188 ahıl şəxs və 67 işçi heyət var. İşçilər xüsusi diqqətlə seçilir. Belə ki, onlar tibbi, psixoloji testlərdən keçəndən sonra işə götürülürlər.

Yeri gəlmişkən, xidmət  müəssisəsinə yalnız 70 yaşından yuxarı ahıllar qəbul edilir. Ahılların hər biri təqaüd alır və istədikləri vaxt mağazaya gedib, ürəkləri istəyəni ala bilir. Çox zaman bundan istifadə etmirlər, çünki ehtiyac olmur.

 

Burada hər şey ürəyimizcədir”

 

Müəssisənin sakinlərindən ilk olaraq, Ənvər dayı ilə tanış olduq. Bu müdrik insan qısa müddət ərzində sevgimizi qazandı. 96 yaşlı Ənvər dayı buranın ən ahıl sakinidir. O, üç ildir qızıyla birgə burada yaşayır. Qızı eşitmə və danışma qüsurludur. Uzun illərdir qızıyla birlikdə kirayədə yaşayan Ənvər dayı həm fiziki, həm maddi baxımdan özünü və qızını idarə edə bilmədiyini görəndə müvafiq orqanlara müraciət edib. “Burada hər şey ürəyimizcədir. Təmizliyimiz, geyimimiz, qidalanmağımız çox yaxşıdır. Mənimlə yaşıd, həmsöhbət  olan yoldaşlarım var. Başlıcası isə, övladım gözümün qabağındadır. Onun necə sevgiylə əhatə olunduğunu, üzünün, gözlərinin güldüyünü görəndə buranı seçməyimdən rahatlıq duyuram”, -  deyə o bildirir.

Burada diqqətimi çəkən bir məqam bütün sakinlərin yaşlarından çox cavan görünmələri idi. Hətta bəzilərinə baxanda nə əcəb bu yaşda insanları bu müəssisəyə qəbul ediblər, deyə düşündüm də. Sonradan ünsiyyət zamanı məlum oldu ki, onların yaşı 70-dən az deyil. Belə həmsöhbətlərimdən biri də 72 yaşlı Mayıs dayıdır. O, övladları olsa da, müəyyən səbəblərdən burada yaşamaq qərarına gəlib. Ənvər dayı ilə həm də “tərəf müqabil”dirlər, asudə vaxtlarında şahmat oynayırlar. Ənvər dayı hətta Gənclər Günündə Sabunçu rayonunda keçirilən şahmat müsabiqəsində iştirak edərək mükafat da alıb.

74 yaşlı İsa dayı mülayim siması, gülər üzü ilə ilk baxışdan diqqətimi çəkdi. Əbəs deyilmiş. Demə, uzun illərin müəllimi imiş. 36 illik peşə həyatında yüzlərlə şagirdin yöngöstərəni olub. Şagirdləri, kollektivi hələ də onu xatırlayır, ara-sıra müəllimlərinə baş da çəkirlər. Səhhətindəki problemlərdən yana bir sıra ağır əməliyyatlardan sonra özünü təkbaşına idarə edə bilməyib və bura pənah gətirib. Mərkəzdə sevimli güşəsi kitabxanadır. Gününün çox hissəsini mütaliə etməklə keçirir. Ən çox da şeir əzbərləməyi sevir. Bu şeirlərdən birini bizim üçün də söylədi.

Mərkəzdə yaşayan ahılların asudə vaxtlarının səmərəli keçməsi, darıxmamaları, ən əsası da özlərini cəmiyyətdən təcrid olunmuş hiss etməmələri üçün müxtəlif tədbirlər, gəzintilər, əyləncələr təşkil edilir. Sakinlərə aşbazlıq, toxumatikiş kursları, yoqa dərsləri, müxtəlif peşə təlimləri keçirilir. Pandemiya bir az səngiyəndən sonra dənizkənarı parka, İçərişəhərə, konsertlərə, zooparka, mərkəzdəki restoranlara, hətta Zirəyə balıq tutmağa da gediblər. Samirə Mehdiyeva deyir ki, “Xeyirxah insanlarımız, vətəndaşlarımız bizə maddi dəstək olmaq istəsələr də, onu qətiyyən qəbul etmirik. Çünki buna ehtiyac yoxdur”.

Bu yaxınlarda gözəl bir təşəbbüsü də gerçəkləşdiriblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Maştağa qəsəbəsindəki Mədəniyyət Mərkəzində “23.59 qatarı” adlı birpərdəli tamaşa səhnələşdirilib. Tamaşa Türkiyə dramaturqu Toyqun Orbayın “21.15 qatarı” pyesi əsasında hazırlanıb. Səhnədə tanınmışlarla yanaşı, “Ahıllar evinin sakinləri və işçiləri də yer alıblar.

Tamaşada iştirak edən Həbib dayı deyir ki, artıq 17 ildir ki, burada yaşayır. Stolüstü oyunları çox sevən, insanlarla rahat ünsiyyət qurmağı bacaran Həbib dayı gözəl səsi ilə də eşidəni valeh edir. O, mütəmadi olaraq müəllimləri ilə mərkəzə gələn şagirdlərin sevimli həmsöhbətidir. Onlar Həbib dayının ifa etdiyi mahnıları isə xüsusi zövqlə dinləyirlər. Müəssisənin onun evi olduğunu söyləyən ağsaqqal burada həyat yollarının kəsişdiyi Məleykə xanımla birlikdə 14 ildir ki, ömürlərinin ikinci baharını yaşayırlar. Onlar Novruz bayramına sevinclə hazırlaşıblar. Əslində, indi burada hamı bu işə səfərbər olub. Səməni qoyur, xonçalar hazırlayır, bayram şirniyyatları bişirir, abadlıq işləri görürlər.

Sona xanımla Elmira xanım da uzun illərdir burada yaşayırlar. Bacı kimidilər. Otaqları ayrı olsa da, günün, demək olar ki, çox hissəsini birlikdə keçirilər.

Yazın gəlişi bura da bir ayrı ab-hava gətirib. İsti havalarda müəssisənin sakinləri bağda əkdikləri güllərə, ağaclara qulluq edirlər, geniş, səliqəli həyətdə gəzintiyə çıxırlar, hələ trenajorlardan da istifadə edərək fəal həyat tərzi keçirirlər.

 

Müəssisədə heç bir ahıl koronavirusa yoluxmayıb

 

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşayanların səhhəti daim nəzarətdə saxlanılır, onların sağlamlığına xüsusi diqqət göstərilir. Mərkəzdə ilk tibbi yardımın göstərilməsi üçün lazımi imkanlar var. Eyni zamanda dövlət dəstəyi ilə müraciət etdikləri bütün xəstəxanalardan yüksək diqqət görürlər. Həkimlər   mütəmadi olaraq bura gəlib sakinləri müayinə edir, xəstəliklərinin erkən aşkarlanması qarşısının alınması üçün müvafiq işlər görürlər. Əgər ehtiyac varsa, xəstəxanaya yerləşdirirlər.

Pandemiyadan öncə həftə sonları yaxınları, qohumları ahılları ziyarətə gəlir, birlikdə vaxt keçirirdilər. Karantin dövrü olduğu üçün sakinlərin yaşları, səhhətləri nəzərə alınaraq hələlik bu görüşlərə icazə verilmir. Elə buna görə digər tədbirlər səbəbindən pandemiya müddətində mərkəzin bir sakini belə xəstəliyə yoluxmayıb.

Psixoloqlar da mütəmadi olaraq mərkəzə gəlir, fərdi qrup şəklində söhbətlər aparır, öz yaşıdları ilə ümumi dil tapması, mərkəzə adaptasiya prosesinin rahat keçməsi üçün psixoloji dəstək göstərirlər.

Əslində, belə müəssisələrdə insanlararası münasibətlərdəki tarazlığı qorumaq çox çətindir. Müxtəlif  xasiyyətli, uzun bir həyat yolu keçmiş, dünyagörüşü dünyaya baxışı fərqli olan bu qədər insanın, necə deyərlər, bir damın altında yaşaması heç asan deyil. Bu da rəhbərlikdən   işçi heyətindən səbir, diqqət, ən əsası isə, peşəkarlıq tələb edir. Gördüyüm qədərilə onlar bu işin öhdəsindən bacarıqla gəlirlər.

Bu cür sosial müəssisələr hər bir dövlətin simasıdır. Dövlətin humanistlik, insanlıq, inkişaf səviyyəsinin təyini üçün meyardır. Bu baxımdan Azərbaycanda ahıl vətəndaşlara göstərilən bu qayğı dövlətimizin sosial siyasətinin ən gözəl nümünələrindən biridir. Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində gördük ki, respublikamızda tənha ahıllara dövlət qayğısının artırılması, onların rahatlığı, sosial təminatının gücləndirilməsi üçün ardıcıl addımlar atılır. Bir daha əmin olduq ki, həyatının ahıl çağında bu ya digər səbəblərdən tənha qalmağa məhkum olmuş insanlar dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunublar.

 

Ülkər XASPOLADOVA

 

Azərbaycan.- 2022.- 20 mart.- S.1; 4.