Prezident gənclərə stimul verdi

 

İlham Əliyevlə görüş idmançıları daha böyük qələbələr qazanmağa ruhlandırdı

 

Azərbaycanın idman potensialı ildən-ilə daha da güclənir. Hər il beynəlxalq yarışlarda yüzlərlə medal qazanılır. İdmançılar müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr əldə edirlər. Bu isə onu göstərir ki, təmsilçilərimizin uğurları təsadüfi xarakter daşımır.

Dövlət rəhbərliyi xalqın, ilk növbədə, böyüməkdə olan nəslin fiziki-mənəvi sağlamlığının təmin olunması naminə idmanın inkişafını diqqətdə saxlamaqla yanaşı, ölkənin idman imicinin daha da yüksəldilməsinə çalışır. Bunun nəticəsi olaraq idman artıq ictimai həyatın mühüm tərkib hissəsinə çevrilib.

Bütövlükdə cəmiyyətdə idmançılara müsbət münasibət və böyük hörmət var. Hazırda  paytaxtda və bölgələrdə müasir standartlara cavab verən olimpiya idman komplekslərinin fəaliyyət göstərməsi gənclərə, yeniyetmələrə, eyni zamanda, idmançılara yaradılan şəraitin parlaq nümunəsidir. Qazanılan bu uğurlarda güləşçilərimizin payı daha çoxdur. Belə ki, Azərbaycan güləş məktəbinin yetirmələri olan gənc olimpiya, dünya, Avropa çempionları iştirak etdikləri bütün yarışlarda rəqibləri üçün ən ciddi idmançılar sayılırlar. Pəhləvanlarımız iştirak etdikləri istənilən turnirin favoritidirlər.

Belə yarışlardan birində - Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatında idmançılarımız möhtəşəm uğura imza atıblar. Ümumilikdə 16 (7 qızıl, 2 gümüş, 7 bürünc) medal qazanıblar. Bu nəticə həm medalların sayına, həm də əyarına görə

U-23 Avropa çempionatları tarixində Azərbaycan güləşində rekord göstəricidir. Yarışa cəmi 6 idmançı ilə qatılan yunan-Roma güləşi üzrə yığmamızın 5 üzvü fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar. Millimiz 102 xalla komanda hesabında Avropada ilk  üçlükdə olub.

Qadınlardan ibarət komandamız da qitə birinciliyində 6 idmançı ilə təmsil olunub. Onlardan 4-ü Vətənə medalla qayıdıb. Jalə Əliyeva (62 kq) Avropa çempionu adına yiyələnib. Elnurə Məmmədova (55 kq) ikinci, Gültəkin Şirinova (53 kq) və Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazanıblar. Yığmamız 93 xalla komanda hesabında ilk “5-liy”i qapayıb.

Plovdivə 9 idmançı ilə yollanan sərbəst güləş üzrə millimizin 7 üzvü uğurlu çıxışı ilə yadda qalıb. Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gəldisə, Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşdı. Yığmamız komanda hesabında Avropa çempionu olub.

Bu günlərdə Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa Çempionatının iştirakçılarını qəbul edib. Dövlət başçısı qeyd edib ki,  Avropa Çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər: “İdmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir. Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar…Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdürşadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir”.

Onu da qeyd edək ki, son illərə nəzər yetirdikdə şahidi olurduq ki, ölkəmizdə güləş idman növündə lazımsız arxayınçılıq yaranmışdı. Bunun nəticəsini Tokio Olimpiadasında pəhləvanlarımızın medal göstəricilərində aydın gördük. Rio Olimpiadasında ölkəmizin aktivinə 9 medal yazdıran güləşçilərimiz Yaponiyada 3 mükafatla kifayətləndilər. Bu problemlərlə bağlı Prezident İlham Əliyev iradlarını bildirdi, problemləri göstərdi. Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasında rəhbər dəyişikliyi nəticəsində struktur, məşqçi və yığma komandaların yenidən təşkili sürətlə gedir. Federasiya daxilində, məşqçilər korpusunda hər kəs öz vəzifəsini, məsuliyyətini dəqiq bilir, buna uyğun da fəaliyyət göstərməyə başlayıb.  Prezident İlham Əliyev bildirdi ki, Güləş Federasiyasında gedən proseslər narahatlıq doğururdudurğunluq hiss olunurdu: “Güləş Federasiyasında idarəetmə mexanizmi zəifləmişdi, faktiki olaraq özbaşınalıq hökm sürürdü. Əlbəttə ki, bu, nəticələrə də mənfi təsir göstərmişdir və bu, təbiidir. Ona görə Güləş Federasiyasının rəhbərliyinin dəyişdirilməsi zəruri idi, bu, baş verdi. Əminəm ki, federasiya indi həm buraxılmış bütün nöqsanları aradan qaldıracaq, vəziyyəti təhlil edəcək, - mənə məlumat verilib ki, artıq bu işlərə start verilib, - əlbəttə ki, idmançılara - həm gənclər, həm də böyüklər arasında çıxış edən idmançılara lazımi şərait yaradacaqdır”.

Bu günün idmançıları beynəlxalq yarışlarda qalib gəlmiş müzəffər xalqı təmsil edirlər. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar.

Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə zəruri infrastrukturun yaradılması indi ən müxtəlif istiqamətləri əhatə edir. Bu yerlər üçün hazırlanan və artıq bəzilərinin, konkret halda Ağdamın təqdimatı olan baş planından belə bəlli olur ki, azad olunmuş ərazilərdə ən müasir tələblərə cavab verən idman infrastrukturunun qurulması da əsas diqqət mərkəzində yer alır. İndi yeni olimpiya idman komplekslərinin, digər idman müəssisələrinin inşa olunacağı əsas məkanlardan biri məhz işğaldan azad edilən ərazilər olacaq. Prezident İlham Əliyevin birbaşa diqqəti nəticəsində bu ərazilərdə idmanın inkişafına yeni təkan verən maddi-texniki bazasının yaradılması və möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına imkan verən  infrastrukturun qurulması  bu sahənin inkişafına mühüm töhfə verəcək. Güləşdən cüdoya, şahmatdan tutmuş müxtəlif digər intellektualkomanda oyunlarına qədər, eləcə də bir çox digər idman növlərində Azərbaycanı layiqincə təmsil edəcək idmançılar nəsli artıq azad olunmuş ərazilərdə də yetişəcək. Bu nəsil Azərbaycanın  idman ölkəsi kimi bütün dünyada layiqli yerini daha da möhkəmləndirəcək, onun nüfuzunu daha da yüksəldəcək, üçrəngli bayrağını yeni zirvələrə ucaldacaq.  Dövlət başçısı bildirib ki, biz Qarabağı düşməndən azad edən, o torpaqlarda həyat yaradan, quran xalqıq: “Əlbəttə ki, azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. Biz indidən bu işlərlə məşğul oluruq. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin Baş planlarında da öz əksini tapır. İndidən federasiyalar, Gənclər və İdman Nazirliyi artıq layihələri təqdim etməlidir. Çünki şəhərlərin Baş planlarında idman qurğularının yerləşməsi nəzərdə tutulur”.

Beləliklə, Bolqarıstandan böyük qələbə ilə qayıdan gənc güləşçilərimiz ölkənin idman tarixinə növbəti şanlı səhifə yazdılar. Qarşıda idmançılarımızı bir-birindən mötəbər yarışlar gözləyir. İnanırıq ki, idmançılarımız bu mötəbər tədbirdə də uğurlu çıxışları ilə xalqımızı sevindirəcəklər.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.-10 mart.- S.1; 6.