Prezident İlham Əliyev Suqovuşanda
turizm kompleksinin təməlini
qoyub
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Suqovuşanda olublar
Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə
iştirak ediblər.
Azərbaycan
Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Qış
İdman Növləri Federasiyasının prezidenti Fuad
Nağıyev dövlətimizin başçısına və
birinci xanıma kompleksin layihəsi barədə məlumat
verdi.
Bildirildi
ki, ərazinin minalardan təmizlənməsindən,
dağıdılmış tikililərin
qalıqlarının
yığışdırılmasından, çoxillik bitkilərin
budanmasından sonra burada abadlıq işlərinə başlanılacaq
və əraziyə uyğun bitkilər əkiləcək.
Diqqətə çatdırıldı ki, ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaq. Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyekti yaradılacaq.
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva turizm kompleksində istifadə olunacaq xüsusi maşınlara baxdılar.
Prezident İlham Əliyev kompleksin təməlini qoydu.
Sonra dövlətimizin başçısı və birinci xanım kompleksin ərazisində ağac əkdilər.
Qeyd edək ki,
Suqovuşan Turizm
Kompleksində işlər cari ilin sonunadək başa
çatdırılacaq, növbəti mövsümdə
turistlərə xidmət göstərəcək.
Görülən işlər sübut edir ki, çox
füsunkar, təkrarolunmaz təbiəti olan və tarixi abidələrlə
zəngin Qarabağ bölgəsi tezliklə
Azərbaycanın əsas turizm
zonalarından birinə çevriləcək.
Azərbaycan.-2022.- 29 mart.- S.4.