İlham
Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu
Mərkəzinin açılışında iştirak edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Prezident
Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin
açılışında iştirak edib.
AZƏRTAC
xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri
Samir Nuriyev dövlətimizin başçısına Mərkəzdə
yaradılan şərait barədə məlumat verib.
Bildirilib
ki, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev
küçəsi, 79 ünvanında yerləşən
beşmərtəbəli binada vətəndaşların rahat
müraciət etmələri və onların müraciətlərinə
baxılması üçün zəruri şərait
yaradılıb.
Mərkəzdə
gözləmə zalları, qəbulların
aparılacağı xidməti otaqlar, kollektiv qəbullar
üçün nəzərdə tutulan müxtəlif
ölçülü zallar, həkim, psixoloq, hüquq məsləhətçisi,
ana və uşaq otaqları vardır.
Vətəndaş Qəbulu Mərkəzində tətbiq olunan yeniliklərdən biri də Çağrı Mərkəzinin istifadəyə verilməsidir. Vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər. Bu müraciətlər operatorlar tərəfindən dərhal qəbul olunaraq vətəndaşlara müvafiq izahat veriləcəkdir. Mərkəzdə tətbiq olunan daha bir yenilik isə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanının yaradılmasıdır. Burada ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sistemi vardır.
Bu Mərkəzin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. Mərkəzdə həm ilk dəfə qəbula gələn, həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər. Burada fəaliyyət göstərəcək könüllülər də bu prosesdə vətəndaşlara yardımçı olacaqlar.
Bir sözlə, vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə yaradılan Mərkəzdə bu işin təşkili üçün hər cür şərait vardır.
Vətəndaşlar qəbulla yanaşı, Prezident Sarayına ənənəvi qaydada, yaxud “president.az” rəsmi səhifəsi vasitəsilə elektron məktubla da müraciət edə bilərlər.
Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin hər biri hərtərəfli təhlil olunur və qaldırılan bütün məsələlərə operativ qaydada baxılır.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejiminin yumşaldılması barədə qəbul etdiyi qərara əsasən dövlət orqanlarında vətəndaşların qrup halında və fərdi qaydada qəbul edilməsinə artıq icazə verilib. Hazırda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vətəndaşların səyyar qəbulları həyata keçirilməkdədir. Eyni zamanda, Prezident Administrasiyasının struktur bölmələrinin rəhbərləri tərəfindən də vətəndaşlar qəbul ediləcəklər.
Qeyd edək ki,
ötən il Prezident
Administrasiyasına daxil olan
müraciətlərin 60 faizi ərizələrdən,
39 faizi şikayətlərdən və təkliflərdən
ibarət olub. Müraciətlər
əsasən sosial müdafiə, İkinci Qarabağ
müharibəsi və onun nəticələri,
hüquq-mühafizə orqanlarının, məhkəmələrin
fəaliyyəti, əfv məsələləri, səhiyyə
xidmətləri, torpaq məsələləri
və işğaldan azad
edilmiş ərazilərlə bağlı
olub. Bu müraciətlərə
operativ baxılaraq müvafiq
kömək göstərildiyinə görə dövlətimizin
başçısı İlham Əliyevin
ünvanına həmin dövrdə 30 minə yaxın minnətdarlıq
məktubu daxil olub.
Azərbaycan.- 2022.- 29 mart.- S.1;6.