Lənkəranda şəhid ailələri üçün Novruz tədbiri keçirilib

 

Lənkəran şəhərində Novruz bayramı ilə əlaqədar şəhidlərə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Əvvəl icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid anaları və döğmaları, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri “Şəhidlər” xatirə abidə kompleksini ziyarət edərək əbədi məşəlin önünə tər çiçəklər düzüblər. Vətən uğrunda canından keçmiş şəhidlərin ruhuna ehtiram ifadə olunub.

Sonra rayonun Gərmətük qəsəbəsindəki sarayda şəhid ailə üzvləri, Qarabağ və Vətən müharibəsi qaziləri üçün  bayram tədbiri keçirilib. Əvvəlcə birdəqiqəlik sükutla şəhidlərin xatirəsi anılıb. ŞİH-in başçısı  Taleh Qaraşov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fədakar səyləri sayəsində UNESCO  tərəfindən xalqımızın milli bayramı kimi bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil edilmiş Novruz bayramının milli-mənəvi dəyərlərimizin ən gözəl nümunələrindən olduğunu qeyd edən T.Qaraşov 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun Ali Baş Komandanı, Prezident

İlham Əliyevin mahir sərkərdəliyi ilə düşmən üzərində qazandığımız tarixi zəfərdən sonra bu bayramı daha şux, alnıaçıq və böyük sevinc hissi ilə keçirdiyimizi  diqqətə çatdırıb.

Tədbirdə çıxış edən şəhid valideynləri, onların doğmaları və qazilər onlara göstərilən davamlı diqqətə və şəhidlərin Vətən qarşısındakı xidmətlərinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini ünvanlayıblar.

C.Cabbarlı adına Lənkəran şəhər 1 saylı uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında konsertlə müşayiət olunan tədbirdə xalq musiqisi fonunda vətənpərvərlik mövzusunda və şəhidlərlə bağlı mahnılar səsləndirilib, şeirlər oxunub.

 

Ağaddin BABAYEV

“Lənkəran” qəzetinin əməkdaşı

 

Azərbaycan.- 2022.- 20 mart.- S. 7.