Azsaylı xalqlar bahar
bayramına yeni rəng qatırlar
Novruz adətləri
Respublikamızın hər yerində millətindən asılı olmayaraq insanlar Novruzu həvəslə qeyd edirlər. Multikultural dəyərlərə söykənən ölkəmizdə yaşayan bütün xalqlar el bayramını müxtəlif adətlərlə qarşılayır, lakin onların hamısı Azərbaycan ənənələrindən qidalanırlar. Şimal bölgəsində azsaylı xalqların çoxluğu isə bu bayram adətlərini daha da rəngarəng edir.
Qubanın bahar mənzərəsi çox maraqlıdır. Burada yaşayan 160 minə yaxın əhalinin tərkibində azsaylı xalqların, etnik qrupların nümayəndələri də var. Hazırda Qubada 20 minə yaxın tat və ləzgi, 2 mindən çox mesxeti türkü, 4 mindən çox xınalıqlı, 3500 buduqlu, 2000 qırızlı, 1000 rus, tatar, gürcü, ukraynalı, belarus, 4 minə yaxın yəhudi yaşayır.
Bu azlıqlar burada bir ocaq başına yığışmış mehriban ailəni xatırladır. Qubada Novruz şənliklərinin hərarəti meydanlarda, küçələrdə çatılan bayram tonqallarının istisinə qarışır. Novruzlu Quba bir az da bayram xonçasını xatırladır. Hər kəs bu xonçaya bir rəng qatır. Öz adətinin, mətbəxinin, inanc və sınamasının bir nemətini-naxışını qoyur. Qubada deyərlər ki, bahar özünü yetirincə yeddi dəfə çölün-düzün, bağın-bostanın yaşıl nemətinin göy qutabını yemədinsə... onda heç nə. Demək, sənin bahardan xəbərin də yoxdur. Səməni umacı, halvası çalıb, qapı-qonşuya, qohuma-yada paylamadınsa, bu nə Novruz qarşılamaq oldu?..
Axır çərşənbədə sübhün gözü aralanmamış çay kənarına gedər, axar su üstündən keçər, yuyunarlar. Evdəki bütün qab-qacağı çərşənbə suyu ilə doldurarlar. Həmin sudan saxlayıb, əkin vaxtı bağa-bostana çiləyərlər ki, cari ildə məhsul bol ruzulu olsun. Sonra azar-bezardan, ağırlıqdan xilas olmaq niyyəti ilə evin kişiləri ailə üzvlərinin sayına görə heyva budağı kəsər, qırmızı parçadan kəsib ağaca, dirəyə bənd edərlər ki, qara yaz qonmasın çöhrələrə...
Bayram axşamı az qala hər məhəllədə çalıb-oynayan cavanlar, xoruz döyüşdürən uşaqlar, Keçəl-Kosa cütlüyü də bir ayrı cür rəng qatırlar şənlik iştirakçılarının ovqatına. Nügədi kəndində cavanlar yaxındakı Bəhyə dağına qalxar, əvvəlcədən hazırladıqları iri bayram şamlarını ən yüksəkdə yandırmaqda bəhsə girərlər.
Quba mətbəxinin ən ləziz yeməkləri, ən lətif şirniyyatı, qax-qoz, löyün-löyün çərəzlə dolu xonçalar düzülər süfrəyə.
Xınalıqlılar axır çərşənbədə oğlan evindən nişanlı qız evinə yeddi pay göndərərlər. Sevgi, sağlamlıq, ruzi, bərəkət, mehribançılıq, sədaqət və övlad rəmzlərini xatırladan bu yeddi rəmz gələcək ailəyə dilənən arzulardır.
Qubanın Qırmızı qəsəbəsində yaşayan yəhudilər də Novruz bayramını eyni coşqu ilə qarşılayırlar. Bayram günü əhalinin böyük hissəsi eşiyə çıxır, bir-birinin yeni gününü təbrik edirlər. Axşam alovlanan tonqallar bu yaraşıqlı qəsəbəni nura bürüyür. Tonqal başına yığışan adamlara şəkərbura, paxlava, qoğal paylanır. Bu tonqalın başında etiqadından asılı olmayaraq hamı yanaşı dayanır. Şənlik tədbirləri gecə yarıdan keçənədək davam edir.
Qubada Novruz şənliklərinin sonunda, bayramın 13-cü günündə səməniatma mərasimi də keçirilir. Bu adətin deyilənə görə, təqribən yarım minillik yaşı var. Həmin gün əllərində səməni olan insanlar Qudyalçayın sahilinə gəlir, səmənini axar suya buraxır və niyyət edirlər. Niyyət edirlər ki, gələn Novruza arzuları çin olsun.
Şabran rayonunda bu bayramı əsrlərdən qoşalaşıb gələn adətlərlə qeyd edirlər. Burada yaşayan dağlı, ləzgi, mesxeti turkləri, tatlar bayramın keçirilməsinə martın əvvəllərindən başlayırlar. Kiçik çillə qurtaran kimi günaşırı qonşu və qohum ailələr bir yerə yığışar, öncədən çərşənbələrə hazırlıq görərlər. Simsar qohumlar arasında deyişmələr keçirər, bayatı deyib çalıb oynayarlar. Elə birinci çərşənbədə bir adam ayırarlar ki, evbaşı düşüb pul yığsın. Həmən yığılan pula buğda alarlar. Yaşca böyük olan ailələrdən birinin başçısı önə çıxıb həmin buğdanı eyni miqdarda ailələrin sayı qədər hissələrə bölər. Qadınlar evdən gətirdikləri boşqablarda səməni qoyarlar.
Su, Od, Yel və Torpaq çərşənbələrində camaat axşamlar bir yerə yığışar. İnanca görə, səhər oyanan Günəş öncə səməni ilə üzləşər və yerlərə onun yaşıllığı naminə daha isti havasını göndərər. Digər tərəfdən bərəkət rəmzi olan yaşıl ləçəklər evdə, obada, vətən torpağının hər tərəfində dolaşan pis ruhları qovar.
Bayram axşamının əvvəlinci günü siyahı hazırlayarlar. Həmin siyahıda imkansız ailələr, şəhid ailələri, hamilə qadınlar xüsusi olaraq nəzərə alınar. Daha sonrakı yerlərdə həyat yoldaşı səfərdə olanlar, övladları təhsil (ali) alanlar və yeni ailə quranlar yer alar. Kimin imkanı nəyə çatarsa, onu gətirəcəyinə söz verər. Bir də görürsən ki, onlarca ailənin dolanışığı üçün xeyli ərzaq yığılır. Bayramdan bir gün əvvəl hamı gücü çatanı gətirib siyahıda kim nəzərə alınıbsa, ona verər. Orada da hamının “payı”nı səliqə ilə qablaşdırarlar. Hamısının üstünə adlar yazılar, paylayacaq adamlar müəyyənləşər. Onlara bu işdə uşaqlar yaxından kömək edərlər. İlaxır çərşənbədə həmin “pay” siyahı ilə evlərə daşınar.
Tatlar Novruzu üç gün qeyd edir. Belə ki,
martın 19-u günü
səhər kəndin
xanımları bir yerə yığışıb
səməni horrasını
bişirəni müəyyən
edirlər. Bayram axşamı
kənd camaatı evlərindəki səməniləri
gətirər həmin
şəxsin həyətinə.
Səliqə ilə onları
masanın üstünə
düzərlər. Daha sonra
səməniləri xüsusi
qaydada hazırlanmış
toxmacla qabların içində əzirlər.
Daha sonra ocaq qalanar.
İri qazanlarda qadınlar səməni horrasını
bişirməyə başlayar.
Döyülüb əzilmiş səməninin
suyunu süzüb boşaldırlar həmin qazanlara. Qazan dolandan sonra
onu ocağa qoyarlar.
Bişirmə “əməliyyatı” hardasa
12-14 saat çəkir. Bu vaxtın sonunadək bir nəfər əlində taxtadan hazırlanmış oxlovla
onu qarışdırır.
Dayanmadan bulanan səməninin suyuna yalnız un əlavə
olunar. Sonda həmin qarışığı
halva halına gətirirlər.
19 mart gecəsi bişməyə başlayan
səməni horrası
20-si tezdən hazır
olar. Günorta başlayanda kəndin
camaatı həmin horra bişən məhəlləyə yığışar.
Səməni horrasını paylamamışdan
öncə bir kənd ağbirçəyi
qazanın kənarına
çağırılar. Həmin insan dua etməyə
başlayar.
Amin sədaları hər tərəfi bürüyər. Uşaqlar
əllərindəki dolu
boşqablarla həyətlərə
qaçaraq onu ev yiyələrinə
verərlər. Sonra yenidən
camaat bir yerə yığışar.
Əvvəlcədən toplanan ərzaq,
geyim çantalarda imkansız ailələrə
paylanar. Axşama yaxın
musiqi sədaları altında Dədə Qorqud, Keçəl və Kosa başlayırlar
meydan sulamağa.
Şimal qapımız olan Qusar və Xaçmazda
boz ay başlayandan bahara hazırlıq görülür. Böyüklü-kiçikli odun yığmağa
başlayırlar. Hər məhlədə
yığdıqları ağacları
bir nəfərə tapşırdıqdan sonra
öz aralarında Keçəli, Kosanı müəyyənləşdirirlər. Novruza ləzgi dilində “Yaransuvar” (Yeni gün) deyirlər.
Çərşənbə axşamlarından qabaq mis qaba su
töküb saxlayırlar. Çərşənbə
günlərində həmin
su dolu qabı
7 evə aparırlar.
Hərə o sudan istədiyi qədər içir. İnanca görə əgər su 7 nəfərə çatarsa, arzularının
qərarlaşacağına inanırlar. Həmin 7 nəfər
bir yerə yığılar, bir-birini
təbrik edər, deyib, gülər, şənlənərlər. Qusarlılar yeyib-içməyi sevərlər.
Həmin
günlərdə onların
evləri qonaqlı-qaralı
olar.
Bayram axşamı tonqallar qalanar, millətindən asılı olmayaraq, hamı ocaq başına yığılar.
Qusarda icra edilən adətlərdən biri də Novruz axşamı yeni evə daxil olma, elçilik etmək kimi ənənələr diqqəti
cəlb edir. Məhz bayram
axşamı doğulan
uşaqlara Novruz və Bahar ismini
verərlər.
Adət və ənənələr
bizə tariximizin bir hissəsinin yadigarıdır. Minillər öncə yaranan
adətləri yaşatmaq
hər birimizin borcudur. Birlik, bərabərlik, mənəvi dəyərlərə
söykənən bahar
millətindən asılı
olmayaraq oda, suya, yelə və torpağa söykənərək Azərbaycana
pənah gətirər.
Akif ƏLİYEV
Azərbaycan.- 2022.- 20 mart.- S.8.