Səməni, ay Səməni

 

Baharın şəfəqləri hələ qışı döyməyib,

zirvələr papağını Günə tərəf əyməyib,

hələ “Novruzgülləri” çöldə düymələnməyib;

sən gözəl, yamyaşılsan,

sən Allah, saxla məni,

Səməni, ay Səməni.

 

İlk baharım - Səməni, dünyanın yaşıl tacı,

otaqlara boylanıb ağaclar pıçıldadı,

şam yandırdıq; alov da qəlbini sənə açdı,

nurlanan şamlar kimi həyata bağla məni,

Səməni, ay Səməni.

 

Gözün aydın, Vətənim düşmənlərini yendi,

44-günlük savaşda

Zəfər topları dindi,

qış olsa da Şuşanın

havaları isindi;

Tanrıya tapşır yenə bu müqəddəs Vətəni,

Səməni, ay Səməni.

 

Səndən təmiz var ki, bu dəyişən dünyada,

insanları sevgidən uzaq düşən dünyada?

işığı-zülmətiylə hey.. döyüşən dünyada

salma qəribçiliyə millətimin bəxtini,

Səməni, ay Səməni.

 

Küləkdə ləngər vuran zəmilərə dön bu il,

torpağımı qoruyan səngərlərə dön bu il,

ruhun düşərli olsun,

uğur yetirsin hər il -

saxla Azərbaycanı,

hər il göyərdək səni,

SƏMƏNİ, AY SƏMƏNİ...

 

Vahid ƏZİZ,

Xalq şairi

 

Azərbaycan.- 2022.- 20 mart.- S.8.