Görkəmli şəxsiyyətlər Novruzun
ilkin qaynaqları və tarixi
haqqında
Novruz bayramı ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu baxımdan Ç.Daiminin “Novruz mərasiminin mifoloji və tarixi qaynaqları” yazısında da xeyli məlumatlar var. Belə ki, “İslam ensiklopediyası”nın məlumatına görə, Novruz Əhəmənilər (e.ə.558-331) zamanından bayram edilən və şəmsi (Günəş) təqviminin birinci günü (Rumi 9 mart, miladi 21 mart) olaraq qəbul edilən bayramdır.
M.Kaşqari “Divani-lüğət-it türk” əsərində (XI yüzillik) türklərin yüz illər boyu istifadə etdikləri 21 mart başlanğıcının, on iki heyvan təqviminə istinadən Novruz və yeni il fəsillərinin təsnifini vermişdir: “Türklər ili dörd fəslə bölərək onlara ad verirlər. İlin başlanıb bitməsi bu fəsillərdən bilinir. Yeni gün - Novruzdan sonra ilk bahara “Oğlaq ayı”, sonra da “Uluq oğlaq” ayı deyirlər.
Ş.Saminin “Qamusi-türki”ndə Novruz belə tanıdılır: “Yeni gün əski İran təqvimində, təqvimi-cəlalidə (yəni Ö.Xəyyamın təqvimində) ilbaşı və ilin bahar xəbərçisi olan gün olub, Rumi təqvimlə martın doqquzuna (miladi 21 mart) təsadüf edər”.
Qiyasi “Lüğət”ində Novruz bayramı ilə bağlı deyilir: “Novruz fərvərdin ayının birinci günüdür ki, bu gündə martın 3-də Günəş Qoç bürcünə daxil olur”. Amma bütün deyilənlərdə son olaraq bu qənaət önə çəkilir ki, Novruz bayramı baharın gəlişi, bununla torpağın canlanması, yazın ilk gününün qarşılanması bayramıdır. Yazın ilk günü isə Günəşin zahiri hərəkəti əsasında yaradılmış təqvimə əsaslanır.
Günəş təqvim ilinin bir qayda olaraq mart ayının 20-22-dən (fevral ayı ilə əlaqədar ilin uzun, qısalığından asılı olaraq) başlanmasının isə elmi bazası mütləqdir. Bu, bilavasitə “...dəqiq astronomik hadisəyə - Günəşin dünyanın Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçməsinə, gecə-gündüzün bərabərləşməsinə və yerin Şimal yarımkürəsində astronomik baharın girməsinə uyğun gəlir”.
Bu cəhət Azərbaycan şairlərinin əsərlərində də bu və ya digər dərəcədə öz əksini tapmışdır. Böyük şair M.Füzuli gecə-gündüzün bərabərliyi ilə yazın başlanmasını, bununla da Novruz bayramının yetişdiyini poetik şəkildə belə ifadə etmişdir:
Vəslin mənə Novruz gecəsi oldu müyəssər,
Sanki o gecə gündüz ilə oldu bərabər.
Bu məsələ Abbas Səhhətin dediklərində daha dəqiqdir:
O gün ki fəsli yaz
olar,
Gecə, gündüz taraz olar.
Azərbaycanın xalq şairi Səməd Vurğun poemasında yazıb ki:
Axır çərşənbədir...
İl tamam olur,
Bu il
kənd içində
danışır hamı
-
At üstə gəlmişdir Novruz bayramı -
Qulunlu at üstə...
Bu bir muraddır.
Qocalar deyir ki, bolluq keçəcək,
Torpaq su yerinə şərbət
içəcək,
Odur ki, hamının ürəyi
şaddır,
Hamının arzusu, ümidi gülür,
Üzündən, gözündən nurlar tökülür.
Böyük Azərbaycan
şairi M.Şəhriyarın
“Heydərbabaya salam” əsərində də Novruz öz poetik ifadəsini tapmışdır:
Bayram olub, qızıl palçıx
əzərlər,
Naxış vurub otaqları bəzərlər,
Taxçalarda düzmələri
düzərlər,
Qız-gəlinin fındıqçası,
hənası,
Həvəslənər anası, qayınanası.
Y.V.Çəmənzəminlinin “İki od arasında” romanında Novruz bütün incəliyi ilə təsvir olunmuşdur. “Qazı il təhvilinə beş dəqiqə qaldığını elan etdi: Hamı özünü şad göstərməyə çalışdı. Xalq adətincə, yeni il hansı bir əhval-ruhiyyə ilə qarşılansaydı, guya eyni əhval-ruhiyyə ilin sonuna qədər davam edərdi. Odur ki, üzlər gülümsəyir, qəmi, dərdi unutmağa çalışırdılar, gözlər süfrəyə, bolluğa və gül-çiçəyə dikilirdi... Bir-iki dəqiqə davam edən dərin sükutu top atəşləri pozdu: il dəyişilirdi”.
Novruz
bayramı hər hansı dini görüşə, ideoloji
istəklərə əyilməyən, xalqımızın böyük ehtiramla qeyd etdiyi təsərrüfat
məzmunlu yaz bayramıdır. Bu bayram Azərbaycan
xalqının milli ruhunu
və yaddaşını, onun daxili aləmini bütün
zənginliyi ilə yaşadır.
Azərbaycan.-
2022.- 20 mart.- S.10.