Azərbaycanın Milli Qəhrəmanı
Əsgər Əliyevin anım mərasimi keçirilib
“Vətən, ana torpaq ugrunda şəhid olanlar, doğma xalqına sədaqət nümunəsi göstərənlər heç vaxt unudulmur. Onların xatirəsi qədirbilən xalqımız tərəfindən xatırlanaraq daim ürəklərdə yaşayır”.
Bu fikirlər Azərbaycanın Milli Qəhrəmanı Əsgər Ələkbər oğlu Əliyevin anım günü ilə əlaqədar onun adını daşıyan Lənkəran Şəhər Mədəniyyət və İstirahət Parkında keçirilən tədbirdə səsləndirilib. Milli Qəhrəmanın ailə üzvlərinin, Lənkəran Şəhər İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, müharibə və əmək veteranları və ictimaiyyətin nümayəndələrinin, məktəblilərin, hərbçilərin iştirak etdikləri mərasimdə çıxış edənlər Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yoluna bir daha işıq salaraq, onun xatirəsinə bəslənilən hörmət və diqqətdən danışıblar.
Tədbirdə çıxış edən Milli Qəhrəmanın atası Ələkbər Əliyev övladının xatirəsinə bəslənilən ehtirama görə qədirbilən Azərbaycan xalqına ailəsi adından minnətdarlığını bildirib.
Qeyd edək ki, Əsgər Əliyev 1974-cü il noyabrın 8-də Lənkəranin Ləj kəndində anadan olub. 1982-1992-ci illərdə Ləj kənd və Haftonu qəsəbə orta məktəblərində təhsil alib. Sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin Tank-artilleriya fakültəsində təhsilini davam etdirib.
1995-ci il martın 17-də Bakıda hakimiyyəti zorla devirmək cəhdi zamanı Əsgər Əliyev 4 yaralını xilas edərkən aldığı ikinci güllə yarasından dünyasını dəyişib. Doğulduğu kəndin qəbiristanlığında dəfn olunub.
Prezidentin 4 aprel 1995-ci il tarixli sərəncamı ilə Əsgər Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Ağaddin BABAYEV
Azərbaycan.-
2022.- 20 mart.- S.10.