Məhkumların
hüquqlarının qorunması üçün
ardıcıl tədbirlər görülür
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cəmiyyətin həssas qrupu olan
qadın və yetkinlik yaşına çatmayan məhkumlar
üçün Bakıda yeni inşa olunmuş müasir
penitensiar müəssisələrdə yaradılan şəraitlə
tanış olub.
AZƏRTAC xəbər verir ki,
ötən əsrin 30-cu illərində inşa olunmuş və
dövrün tələblərinə cavab verməyən
penitensiar müəssisələrin əvəzinə inşa
edilmiş yeni müəssisələrdə nümunəvi
şərait yaradılıb, istirahət, psixoloq, ibadət
otaqları və digər otaqlar ayrılıb, məhbusların
faydalı işlə məşğul olmaları
üçün istehsalat sahələri təşkil edilib.
Hər iki müəssisədə
məhkumların asudə vaxtlarını səmərəli
keçirmələri məqsədilə idman sahələri,
təhsil və peşə ixtisaslarına yiyələnmələri
üçün lazımi infrastruktur yaradılıb. Burada zəruri
ədəbiyyatla təchiz olunmuş kitabxana, oxu zalı və
kompüter otağı vardır.
Dövlətimizin
başçısının istehsalat sahələrinin
genişləndirilməsi, bu fəaliyyətə
sahibkarların, iş adamlarının cəlb edilməsi ilə
bağlı tapşırıqlarına uyğun olaraq yeni
müəssisələrdə yaradılmış istehsal
bölməsində məhkumlar toxuculuq,
xalçaçılıq, biçmə, tikiş və
şirniyyat sexlərində çalışacaqlar.
Müəssisənin ikimərtəbəli
tibb-sanitariya hissəsində həkim otaqları, müasir
avadanlıqla təchiz edilmiş müayinə-diaqnostika və
stomatologiya kabinetləri, laboratoriya, aptek, pediatr otağı və
digər yardımçı otaqlar yerləşir.
Yeni penitensiar müəssisədə
məhkumlarla görüşlər üçün də
bina inşa olunub. Burada məhkumların ailə üzvləri
ilə qısamüddətli və 3 günlük uzunmüddətli
görüşü üçün hər cür məişət
şəraiti, mətbəxi, gəzinti yerləri olan
ayrıca otaqlar vardır.
Müəssisələrin ərazisində
inşa olunmuş ikimərtəbəli məktəb
binasında sinif otaqları ilə yanaşı, əmək,
kompüter və digər otaqlar, idman zalları yerləşir.
Burada yaradılmış şərait məhkumların,
xüsusilə yetkinlik yaşına çatmayanların təhsil
almalarına və peşə ixtisaslarına yiyələnmələrinə
imkan verir.
Qeyd edək ki, Prezident İlham
Əliyevin diqqət və qayğısı sayəsində cəmiyyətimizin
həssas təbəqəsi olan qadın və yetkinlik
yaşına çatmayan məhkumlar üçün yeni
penitensiar müəssisələrin tikilməsi ölkəmizdə
aparılan köklü islahatların tərkib hissəsidir.
Burada yaradılan müasir şərait məhkumların
hüquqlarının təminatına, onların səmərəli
islah olunaraq sosial adaptasiyasına xidmət edəcəkdir.
Xatırladaq ki, Bakının Zabrat
qəsəbəsində yeni istintaq təcridxanası,
Naxçıvan Muxtar Respublikasında və Şəkidə
müasir penitensiar komplekslər inşa olunub. Gəncə və
Lənkəran şəhərlərində, habelə
paytaxtın Umbakı qəsəbəsində belə müəssisələrin
tikintisi aparılır.
Azərbaycan dövlətinin siyasi
kursunda humanizm başlıca prinsiplərdən biridir. Prezident
İlham Əliyevin bu vaxtadək imzaladığı 35 əfv
aktı ilə 6 minədək məhkum
bağışlanıb, Birinci vitse-prezident, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə qəbul olunmuş 4 amnistiya aktı isə 40 mindən
çox insanı əhatə edib.
Eyni zamanda, ölkədə ədliyyə
sisteminin müasirləşdirilməsi ilə bağlı
aparılan islahatlar çərçivəsində penitensiar
xidmətin fəaliyyəti təkmilləşdirilir, cəza
siyasəti humanistləşdirilir, məhkumların
hüquqlarının qorunması, saxlanma şəraitinin,
tibbi və digər təminatlarının
yaxşılaşdırılması üzrə
ardıcıl tədbirlər görülür.
Zəfər Günü münasibətilə
elan edilmiş və bu ərəfədə icrası başa
çatan amnistiya aktı isə dövlətimizin
başçısının humanizm siyasətinin növbəti
təzahürü olmaqla daha böyük əhatə dairəsinə
görə fərqlənib və 15 mindən çox şəxsə
şamil edilib.
Həmçinin həbs yerlərində
saxlanılan şəxslərin hüquq və
azadlıqlarının genişləndirilməsi haqqında
ayrıca qanun qəbul olunub, cəza siyasətinin humanistləşdirilməsi
məqsədilə cinayət qanunvericiliyinə 600-dək dəyişiklik
edilib, bir çox əməllər
dekriminallaşdırılıb və 2200-ə yaxın məhkum
cəzadan azad olunub. Eyni zamanda, məhkumların azad cəmiyyətə
tamhüquqlu üzv kimi qayıdışı daim diqqətdə
saxlanılaraq onların sosial adaptasiyası ilə
bağlı xüsusi qanun qəbul olunub. Vaxtından əvvəl
şərti azadetmə institutu da səmərəli tətbiq
olunaraq son iki ildə 3500-dən çox məhkum vaxtından əvvəl
şərti azadlığa buraxılıb.
Azərbaycan.- 2022.-30 mart.- S.1-2.