Azərbaycan ilə Almaniya
arasında ikitərəfli münasibətlərin genişləndirilməsi
üzrə fikir mübadiləsi
aparılıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Beerbok ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ikitərəfli münasibətlərin genişləndirilməsi, enerji sahəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri, o cümlədən Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparılıb.
Görüş zamanı bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu vurğulanıb, ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib.
Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verib, habelə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair Azərbaycanın baxışını bölüşüb. Azərbaycanın Aİ-nin etibarlı tərəfdaşı olduğu və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı vurğulanıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparıblar.
Azərbaycan.- 2022.- 30 mart.- S.3.