Ermənistan tərəfindən üçtərəfli Bəyanatın müddəalarının pozulması bölgədə sülh quruculuğu səylərinə xələl gətirir

 

Ermənistan Təhlükəsizlik Şurasının 2022-ci il 28 mart tarixli bəyanatı ilə əlaqədar bildirmək istərdik ki, bölgədə gərginliyin artmasının birbaşa səbəbi Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Məhz Ermənistan tərəfindən üçtərəfli Bəyanatın müddəalarının pozulması bölgədə gərginliyi artırır və sülh quruculuğu səylərinə xələl gətirir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Təhlükəsizlik Şurasının bəyanatına dair şərhində yer alıb.

“Beynəlxalq çəkindirmə mexanizmlərinin işə salınması məsələsi ilə əlaqədar Ermənistan rəhbərliyinin diqqətinə çatdırmaq istərdik ki, bəşəriyyət hələlik beynəlxalq hüquqdan başqa daha yaxşı beynəlxalq çəkindirmə vasitəsi düşünməyib. Ermənistan kimi bir dövlət bir tərəfdən beynəlxalq hüququ kobud şəkildə pozub, digər tərəfdən beynəlxalq çəkindirmə mexanizmindən danışa bilməz. Əgər Ermənistan Təhlükəsizlik Şurasının üzvləri ən yaxşı beynəlxalq çəkindirmə vasitəsinin nə olduğunu hələ də bilmirlərsə, o zaman biz beynəlxalq hüququn fundamental prinsiplərini, o cümlədən, dövlətlərin suverenliyi və beynəlxalq sərhədlərinə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq öhdəliklərinə riayət etmək kimi prinsipləri bir daha onlar üçün təkrar edirik, - deyə açıqlamada bildirilib.

Azərbaycan XİN bir daha xatırladıb: “İki ölkə arasında hərtərəfli sülh sazişi üzrə danışıqlara başlamaq məsələsinə gəldikdə, xatırlatmaq istərdik ki, ilk olaraq Azərbaycan tərəfi hələ bir il bundan əvvəl Ermənistanla sülh sazişinin imzalanması təklifini ən yüksək səviyyədə irəli sürübbir ay öncə sazişin əsaslanmalı olduğu konkret prinsipləri səsləndirib. Əgər Ermənistan tərəfi sülh sazişi məsələsini növbəti ictimai məlumatlandırma aksiyası kimi deyil, ciddi addım kimi nəzərdən keçirirsə, o zaman konkret addımlara keçməyin zamanıdır. Bir daha qeyd etmək istərdik ki, Azərbaycan öz tərəfindən buna hazırdır”.

 

Azərbaycan.- 2022.- 30 mart.- S.3.