Sahibə Qafarova: Ermənistandan üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərini yerinə yetirməsini gözləyirik

 

Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova martın 29-da MDB Parlamentlərarası Assambleyası (PA) Şurasının Almatı şəhərində keçirilən MDB PA-nın 30 illiyinə həsr olunmuş iclasında çıxış edib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Sonra Sahibə Qafarova müzakirə olunan mövzu ilə bağlı çıxış edib. Tədbir iştirakçılarını Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının yaradılmasının 30 illiyi münasibətilə təbrik edən Milli Məclisin sədri təşkilata bundan sonra da inkişaf arzularını ifadə edib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Parlamentlərarası Assambleya siyasi, hüquqi, iqtisadi, humanitar və digər sahələrdə qanunvericilik fəaliyyətində təcrübə mübadiləsi üçün əlverişli müstəvidir. Sahibə Qafarova qeyd edib ki, son iki ildə dünyanı bürümüş pandemiyaya baxmayaraq, Milli Məclis Parlamentlərarası Assambleya çərçivəsində fəaliyyətini davam etdirib, Azərbaycan nümayəndə heyətinin üzvləri təşkilatın onlayn və əyani tədbirlərində iştirak edib, ayrı-ayrı komissiyaların rəhbərliyində təmsil olunublar.

Milli Məclisin sədri çıxışında Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsi nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar haqqında da məlumat verib. Bildirib ki, bu gün postmünaqişə dövründə regionda sülh və əməkdaşlıq üçün yeni perspektivlər yaranıb. Ölkəmiz sülh tərəfdarı kimi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın yerinə yetirilməsinə sadiqdir. Biz Ermənistandan da həmin Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini gözləyirik. S.Qafarova deyib ki, Ermənistan konstruktiv yanaşma göstərməli, münasibətlərin ölkələrin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı surətdə tanınması, eləcə də regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi əsasında normallaşmasına çalışmalıdır. Bu, regionda real sülhə və sabitliyə nail olmaq üçün yeganə yoldur.

Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan parlamentinin sədri Simonyanın iclasda iştirakını nəzərə alaraq xatırladıb: “Biz Ermənistandan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə hələ də cavab gözləyirik”.

 

Azərbaycan.- 2022.- 30 mart.- S.4.