Siyasi iradə
və iqtisadi gücün yaratdığı reallıq
İlham
Əliyev Qarabağ və Şərqi Zəngəzurda
quruculuq, abadlıq işlərini planlı şəkildə həyata
keçirir
Azərbaycan xalqı dostluq, həmrəylik
və yüksək mənəviyyat bayramı olan Novruzu öz
ərazi bütövlüyünü “Dəmir yumruq”la bərpa
etmiş qalib xalq kimi qeyd etdi. Özü də daha coşqulu,
daha təmtəraqlı…
Müzəffər Ali Baş
Komandan kimi işğaldan azad edilən torpaqlarımızda ilk
Novruz tonqalını Şuşada qalayan İlham Əliyev
ikinci bayram tonqalını Suqovuşanda alovlandırdı.
Düşmənin bağrını yaran bayram
tonqalının istisi bütün Qarabağa yayıldı.
Qarabağda
ikinci Novruz tonqalı
Artıq Azərbaycan
xalqının hər bayramda səsləndirdiyi “Gün o
gün olsun ki, Novruz tonqalları Qarabağda alovlansın!”
arzusu reallığa çevrilib. Bu gün Qarabağ və
Şərqi Zəngəzurda bayramlarımız coşqu ilə
qeyd edilir. 30 illik Qarabağ həsrəti sona çatan
keçmiş məcburi köçkünlərimiz indi səbirsizliklə
böyük qayıdışı gözləyirlər.
Martın 20-də Tərtər
rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı
alovlandırıb xalqa ünvanladığı təbrikdə
İlham Əliyev vurğuladı ki, artıq bu, bir ənənəyə
çevrilib. Bundan sonra işğaldan azad edilmiş
torpaqlarımızda həm tikinti-quruculuq işləri daha da
sürətlənəcək, həm də milli
bayramlarımız təntənəli şəkildə qeyd
ediləcək. Çünki bu torpaqlar qədim Azərbaycan
yurdudur, bunu tarixi faktlar, reallıqlar da təsdiqləyir.
Qarabağ, onun tarixi Azərbaycan xalqının adı ilə
bağlıdır. Ermənilər tarixi saxtakarlıqlara əl
atsalar da, zaman və tarix həqiqəti üzə
çıxartdı. 30 ildən sonra tarixi ədalət bərpa
edildi.
30 il ərzində Azərbaycan
misli görünməmiş ikişaf yolu keçdi. Ölkəmizin
iqtisadi və siyasi gücü artdı. Avrasiya geosiyasi
arealında sözü eşidilən ölkəyə,
etibarlı tərəfdaş dövlətə çevrildi.
İlham Əliyevin hücum diplomatiyası erməni
uydurmalarını, saxtakarlıqlarını ifşa etdi. Lakin
buna baxmayaraq işğalçıya heç bir təzyiq
göstərilmədi. Ermənistan silahlı birləşmələrinin
işğal edilən Azərbaycan ərazilərini tərk etmələri
ilə bağlı qətnamələr kağız üzərində
qaldı.
Müzəffər Ali Baş
Komandan, xalqın birliyi və ordunun gücü “dəmir
yumruq” yaratdı. 2020-ci ildə tarixi missiya yerinə yetirildi və
illər sonra düşmən tapdağı altında inləyən
torpaqlarımız azadlığa qovuşdu.
Müharibədən sonra baş
verən hadisələr bu torpaqların kimə məxsus
olduğunu bir daha təsdiqlədi. 30 il ərzində
daşı daş üstündə qoymayan erməni
vandallarının faşist xislətini dünya gördü.
Azərbaycan dövləti cəmi
il yarım ərzində Qarabağ və Şərqi Zəngəzurda
gerçəkləşdirdiyi layihələrlə
dünyanın diqqətini cəlb edir. Bütün Qarabağ
və Şərqi Zəngəzur bölgəsində çox
genişmiqyaslı abadlıq işləri aparılır,
şəhərlər yenidən qurulur, kəndlər
salınır.
2
açılış, 3 təməlqoyma mərasimləri, 1 təqdimat
Suqovuşana səfəri zamanı
Prezidentin açılışını etdiyi, təməlini
qoyduğu, tikinti işləri ilə tanış olduğu
obyektlər də bunu bir daha təsdiqləyir.
Dövlət
başçısı Suqovuşan qəsəbəsində
Müdafiə Nazirliyinin yeni yaradılmış “N” saylı hərbi
hissəsinin açılışını edib, eləcə
də Azərbaycan Kanoe və Avarçəkmə
Federasiyası tərəfindən təşkil edilən ilk
avarçəkmə təlim-məşq
toplantısının rəsmi açılış mərasimində
olub.
Dövlət
başçısı turizmin inkişafı konsepsiyası əsasında
yaradılacaq turizm kompleksinin, yeni tikiləcək məscidin,
orta məktəb binasının təməllərini qoydu. “Azərişıq”
ASC tərəfindən Azərbaycanda ilk dəfə
Suqovuşan qəsəbəsinə çəkilmiş 35
kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən
mühafizəli və istismar xərcləri daha az olan kabel xəttinin
təqdimatında iştirak etdi.
Suqovuşan Turizm Kompleksində
işlər cari ilin sonunadək başa
çatdırılacaq, növbəti mövsümdə
turistlərə xidmət göstərəcək.
Görülən işlər sübut edir ki, çox
füsunkar, təkrarolunmaz təbiəti olan və tarixi abidələrlə
zəngin Qarabağ bölgəsi tezliklə Azərbaycanın
əsas turizm zonalarından birinə çevriləcək.
Göründüyü kimi,
abadlıq və quruculuq işləri Suqovuşan qəsəbəsində
də geniş vüsət alıb. Prezident də xüsusi
olaraq qeyd etdi ki, Suqovuşan qəsəbəsində
yaşayış binalarının bərpası, turizm
zonalarının yaradılması, Bütövlükdə həm
Qarabağda, həm də Şərqi Zəngəzurda
quruculuq, abadlıq işləri planlı şəkildə
aparılır: “Biz elə etməliyik ki, qısa müddət
ərzində ancaq böyük səmərə ilə və
böyük keyfiyyətlə 10 min kvadratkilometrdən çox
olan ərazini yenidən quraq. Çünki mənfur
düşmən işğal dövründə bütün
şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan
edib, bütün tarixi abidələrimizi dağıdıb, təhqir
edib. Biz isə qurub-yaradan xalqıq”.
Həqiqət göz önündədir.
İlyarım öncə işğaldan azad edilən ərazilərimizə
səfər edərkən hər kəs ürəkdağlayan
mənzərəyə şahidlik edirdi. Bu gün isə Azərbaycan
dövləti yalnız öz hesabına, heç kimdən, yəni
heç bir maliyyə təşkilatından yardım almadan bu
torpaqlarda xariqələr yaradır. Hava limanları, dəmir və
avtomobil yolları, yaşayış məskənləri,
körpü və tunellər, eləcə də Zəngəzur
dəhlizinin bərpası dövlətin qüdrətinin
göstəricisidir.
Müharibədən cəmi bir ildən
bir qədər çox vaxt keçməsinə baxmayaraq Azərbaycan
qurub-yaradır. Bütün bunlar hər kəsdə əminlik
yaradır ki, tezliklə bütün planlar, nəzərdə
tutulmuş məqsədlər reallaşacaq və dünya Azərbaycanın
iqtisadi qüdrətinə bir daha şahidlik edəcək.
Prezident bildirdi ki, Azərbaycanin
reallıqları göz önündədir. Bu günkü
güclü Azərbaycan bütün işləri görməyə
qadirdir. Ortada siyasi iradə, iqtisadi güc və milli həmrəylik
var. Şanlı zəfər hər birimiz üçün
qürur mənbəyidir.
İstənilən xalq və onun
yaratdığı dövlət siyasi, iqtisadi və digər cəhətlərdən
nə qədər möhkəm, qüdrətli olarsa, onun həyata
keçirdiyi siyasətin müstəqillik elementləri də
o dərəcədə güclü olar. Bu gün Azərbaycan
müharibədən sonra yaranmış yeni reallıqlara uyğun
addım atmaqla dünyaya gücünü, qüdrətini, nəyə
qadir olduğunu nümayiş etdirir.
Müzəffər Ali Baş
Komandan İlham Əliyev 2022-ci ildə də Qarabağı və
Şərqi Zəngəzuru quruculuğun baş meydanına
çevirib. Qlobal böhranın dünya iqtisadiyyatına mənfi
təsir etdiyi dönəmdə belə Azərbaycan öz
gücünə işğaldan azad edilən torpaqlarında
yenidənqurma, tikinti-quruculuq işləri aparır, həmçinin
digər bölgələrində də dövlət
proqramında əksini tapmış layihələri gerçəkləşdirir.
Bütün proseslərə nəzarət
edən Prezident mütəmadi olaraq Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən
layihələrə şəxsən nəzarət edir,
müxtəlif yeni obyektlərin təməlini qoyur.
İlham Əliyevin Suqovuşanda
Novruz tonqalını yandırması düşmənə bir
daha gözdağı verdi, hər birimizin ürəyini
dağa döndərdi.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.
- 2022.-30 mart.- S.1; 5.