Qarabağda ilk idman tədbiri
Suqovuşan avarçəkmədə əsas
inkişaf mərkəzlərindən biri olacaq
Hazırda işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş abadlıq-quruculuq işləri gedir. Bu yerlərdə dövrümüzün ən qabaqcıl tələblərinə cavab verən, müasir texnologiyaların tətbiqi ilə yaradılan modern infrastruktur həm Qarabağın iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təminatında mühüm rol oynayacaq.
Təsadüfi deyil ki, həyata keçirilən abadlıq-quruculuq işlərinin müəllifi olan dövlət başçısı tez-tez işğaldan azad olunan ərazilərə səfərlər edir, burada müxtəlif infrastruktur obyektlərinin təməlini qoyur, açılışlarına qatılır. Həmin obyektlər isə ən müxtəlif sahələri əhatə edir.
Azadlığa qovuşmuş ərazilərdə müasir tələblərə cavab verən idman infrastrukturunun qurulması da xüsusi diqqət mərkəzindədir. Ümumiyyətlə, Azərbaycanda modern idman infrastrukturunun yaradılması istiqamətində çoxsaylı layihələr həyata keçirilir, mühüm tədbirlər görülür. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən olan Azərbaycanda onlarla olimpiya idman kompleksləri inşa edilib, digər idman obyektlərində isə əsaslı yenidənqurma işləri aparılıb. Heç şübhə yoxdur ki, tezliklə yeni olimpiya idman komplekslərinin, digər idman müəssisələrinin inşa ediləcəyi əsas məkanlardan biri də işğaldan azad edilən ərazilərimiz olacaq. Avarçəkmədən tutmuş güləşə, şahmatdan başlamış müxtəlif intellektual və komanda oyunlarına qədər, eləcə də bir çox digər idman növlərində Azərbaycanı layiqincə təmsil edəcək yeni idmançılar nəsli azad olunmuş ərazilərimizdə yetişəcək.
Həmin ərazilərdə inkişaf etdiriləcək idman növləri sırasında avarçəkmə də mühüm yer tutacaq. Artıq işğaldan azad olunan ərazilərdə ilk idman infrastrukturu yaradılıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qaldı. Belə ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı oldu. Xatırladaq ki, Azərbaycanda avarçəkmə idman növü ilə 1930-cu illərdən məşğul olunmağa başlanılıb. Sonralar bu, ənənəvi idman növlərindən birinə çevrilib.
Azərbaycanda ən məşhur avarcəkmə bazası Mingəçevirdə fəaliyyət göstərən “Kür” idi. Orada idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılmışdı: baza Kür çayının üzərində yerləşirdi, çay heç vaxt donmurdu, avarçəkəni çətinlik qarşısında qoymurdu. Bu baza iki bəndin arasında yerləşir və suyun səthinn düzlüyünu, sakitliyini tənzimləyir. “Kür” bazasından 18 kilometrlik məsafənin olması məşqlərə tamamilə uyğun idi. Eyni zamanda, təmiz hava, müsbət temperatur, deməli, “açıq su”da olmaq imkanı bazanın təlim-məşq tələblərinə tam cavab verirdi. Buna görə də ötən əsrin 80-ci illərinə qədər keçmiş Sovet İttifaqının avarçəkənləri, digər sosialist ölkələrinin yığma komandaları, hətta 2000 metrlik ən uzun məsafəyə akademik avarçəkənlər təlim, məşq üçün “Kür” bazasına gəlirdilər.
Müstəqilliyin ilk illərində Mingəçevirdəki baza baxımsız hala düşsə də, dövlət başçısının tapşırığı ilə 2010-cu ildə bura ən yüksək standartlara cavab verən səviyyəyə çatdırılıb. Hazırda əsas məqsədlərdən biri ölkədə avarçəkmə idman növünün coğrafiyasını genişləndirmək və gəncləri bu idman növünə cəlb etməkdir. Xatırladaq ki, Olimpiya tariximizdə ilk dəfə medal qazandığımız idman növlərindən biri avarçəkmədir. Təmsilçilərimizdən Valentin Demyanenko Rio Olimpiadasında birnəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yarışda gümüş, İnna Osipenko-Radomska bürünc medallara layiq görülmüşdü.
Son dövrlər digər idman növlərində olduğu kimi avarçəkmədə də federasiyanın rəhbər, məşqçi heyətlərinin yenidən təşkili sürətlə gedir. Özü də olduqca düzgün seçimlər aparılır. Öz sahələrində səmərəli fəaliyyət göstərən şəxslər inanırıq ki, federasiyalardakı ətaləti, ləngimələri tezliklə aradan qaldıracaq, avarçəkənlərimizin uğurları dünyanın dörd bir yanına yayılacaq. Qarabağda qurulacaq ən müasir idman arenalarında keçiriləcək beynəlxalq turnirlər isə ölkəmizə böyük dividendlər qazandıracaq.
Beləliklə, işğaldan azad olunan Suqovuşan qəsəbəsində yaradılan infrastruktur Azərbaycanda idmanın avarçəkmə növünün peşəkar və həvəskar iştirakçılarının sayını daha da artıracaq. Bu gənclərin, yeniyetmələrin fiziki-mənəvi inkişafına müsbət təsir göstərməklə yanaşı, avarçəkmənin təbliği baxımından da əhəmiyyəti olacaq. Suqovuşanda yeni doğulan uşaqlar ölkəmizdə bu idman növünün inkişafına təkan verəcəklər. Qarabağdakı müasir infrastruktur avarçəkmə idmanın tərəqqisində vacib rol oynayacaq.
Elçin CƏFƏROV
Azərbaycan.-
2022.- 30 mart.- S.7.