Soyqırımı qurbanlarının xatirəsi anılıb

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn tədbir keçirilib.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilən soyqırım siyasətindən danışıb. Bildirib ki, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımları isə öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşər tarixində ən qanlı faciələrdən biridir: “O dövrdə Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərcə dinc sakin məhz etnikdini mənsubiyyətinə görə məhv edilmişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri yerləyeksan edilmişdir. Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. Təkcə 1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlıları 50 mindən çox azərbaycanlını qətlə yetirmişlər. Şamaxı qəzasının 110, Quba qəzasının 167, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi yandırılmış və talan edilmiş, dinc əhaliyə heç bir fərq qoyulmadan qəddarcasına divan tutulmuşdur. Yeri gəlmişkən, diqqətinizə çatdırım ki, 1918-ci ilin qanlı hadisələri zamanı Gəncədə, Qubada və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhali ilə birlikdə, 3 minə qədər yəhudi bacı və qardaşlarımız erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir”.

Konfederasiya sədri diqqətə çatdırıb ki, hadisələrin üstündən 80 il keçdikdən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlət başçısı kimi 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlarının ilk dəfə rəsmən adı çəkilmiş, “böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunun azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş antiazərbaycan qüvvələrin mənfur əməllərinə siyasi qiymət verilmişdir.

Milli Məclisin deputatı deyib ki, erməni vəhşiliyinə tarixi qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsinin gedişində də şahid olduq: “Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törədirdi: “Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir və digər şəhərləri ballistik raketlərlə, fosforlukasetli bombalarla atəşə tutulurdu. Nəticədə 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış və ziyan çəkmişdir”.

Bu gün fəxarətlə deyə bilərik ki, ermənilərin məkrli əməllərinin cavabı layiqincə verildi. Minilliklərə söykənən şanlı tariximizin ən görkəmli sərkərdələrindən biri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tarixin gedişini dəyişməyi bacardı, işğal altındakı torpaqlarımızı azad etməklə Azərbaycan xalqını məğlubiyyət girdabından xilas etdi və bununla da Azərbaycan tarixində yeni bir şanlı səhifə açıldı. Cəmi 44 gün ərzində Ermənistanın 30 illik işğalına son qoydu, işğalçı məqsədlərlə yaradılmış və bu çirkin missiyanı icra edən bir ordu məhv edildi. Beynəlxalq təşkilatların bərpa edə bilmədiyi beynəlxalq hüququn pozulmuş prinsiplərini Azərbaycan özü, təkbaşına həll etdi, dünyada sülh və təhlükəsizliyi daim təhdid edən separatizmə tutarlı və layiqli cavab verdi”, - deyə deputat qeyd edib.

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 31 mart.- S.3.