Azərbaycanın qətiyyəti qarşısında üzr istədi
Siyasi əxlaqsızlığın və xəstə təfəkkürün
daşıyıcısı M.Delyagin cinayət
məsuliyyətindən yayına bilməyəcək
Rusiyanın Dövlət Dumasının deputatı, İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin televiziyada səsləndirdiyi məlum təxribat xarakterli çıxışı elə Rusiyanın özünün siyasi-ictimai dairələrində ciddi etirazlara səbəb oldu.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov M.Delyagini öz şəxsi emosiyalarını cilovlamağa və Azərbaycanın ünvanına qeyri-dost ifadələrlə çıxış etməməyə çağırdı. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bu cür açıqlamaların tamamilə qəbuledilməz və məsuliyyətsiz hesab olunduğunu dedi.
Belə açıqlamaların heç bir halda ölkəsinin və Rusiya rəhbərliyinin Bakı ilə müttəfiqliyə, qarşılıqlı fəaliyyətə və strateji tərəfdaşlığın qurulmasına yönəldilən rəsmi mövqeyini əks etdirmədiyini bildirən Mariya Zaxarova əmin olduğunu bildirdi ki, Dövlət Dumasının rəhbərliyi tərəfindən bu cür təxribat xarakterli açıqlamalara müvafiq qiymət veriləcək.
Dövlət Dumasının deputatının Azərbaycanla Rusiya arasındakı münasibətlərin ruhuna zidd olan, aşkar şəkildə iki dövlətin müttəfiqlik əlaqələrinə nifaq salmaq cəhdi güdən bu sərsəmləməsi təbii ki, Azərbaycanda da ciddi etirazla qarşılandı. Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu M.Delyaginin “Rossiya 1” kanalının efirində sərsəmlədiyi fikirlərlə bağlı həmin kanalın daxil olduğu Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin rəhbərliyinə Azərbaycan ictimaiyyətinin ciddi narazılığını çatdırdı və belə halların qəbuledilməz olduğunu vurğuladı.
Bütün bu siyasi-ictimai etirazların fonunda M.Delyaginin dərhal Azərbaycandan üzr istəməkdən başqa yolu qalmadı. Efirdə Azərbaycanı bombalamaqla hədələyən, ağzına gələni danışıb sərsəmləyən bu adam, necə deyərlər, ölkəmizlə bağlı bütün dediklərini, söylədiklərini geri götürməli oldu. Hətta təmsil olunduğu partiya da nə danışdığını bilməyən, Azərbaycan-Rusiya münasibətlərinin mahiyyətini anlamayan bu məxluqa görə üzrxahlıq etməli oldu. “Spravedlivaya Rossiya” Partiyasının Rəyasət Heyətinin katibi, Rusiya Dumasının III-VII çağırış deputatı Oleq Şein səfir Polad Bülbüloğlunun adına ünvanladığı məktubda Rusiya vətəndaşları adından həmpartiyalısı Mixail Delyaginin səsləndirdiyi fikirlərlə bağlı üzr istəyib, soydaşlarının əksər çoxluğunun Azərbaycanı dost ölkə, Azərbaycan xalqını isə mehriban qonşu kimi qəbul etdiklərini vurğulayıb.
Aydındır ki, M.Delyagin könüllü şəkildə üzr istəməyib. Azərbaycanı hədələyən bu adama birinci növbədə Rusiyanın özünün siyasi dairələrində yaxşıca qulaqburması veriblər. Sağlam düşüncəsini itirməmiş ruslar müttəfiqliyin nə olduğunu, Azərbaycanla Rusiyanın münasibətlərinin məzmununu ona başa salıblar.
M.Delyagini üzr istəməyə məcbur edən əsas səbəb isə Azərbaycan dövlətinin və onun rəhbərinin yüksək qlobal nüfuzudur. Deputat mandatı daşıyan bu adam hansı dövlətlərin forpost və yaxud özünün dediyi kimi “proksi” olduqlarını yaxşı bilir. Onu da bilir ki, Azərbaycan özünün yolu və müstəqil siyasəti olan dövlətdir. Siyasi arena çox geniş meydandır. Bu meydanda nəinki müxtəlif baxışlara, həm də hər cür xislətə malik siyasətçiyə rast gəlmək mümkündür. M.Delyagin kimiləri isə, ümumiyyətlə, nəinki təmsil etdikləri siyasi qrupa, həm də dövlətə ləkədirlər. M.Delyagin siyasi-ictimai məkanda yaxından tanınan sima olmasa da, işlətdiyi ifadələrlə özünü siyasi əxlaqsızlığın və xəstə siyasi təfəkkürün daşıyıcısı kimi qələmə verdi.
Artıq xəbər verildiyi kimi, M.Delyaginin kütləvi informasiya vasitələrində Azərbaycanla Rusiya arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb. İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 2022-ci il martın 29-da M.Delyagin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışı elan edilib. İnanırıq ki, bu adam cinayət məsuliyyətindən yayına bilməyəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2022.- 31 mart.- S.1; 3.