Ombudsman: “Ermənistan müharibə
cinayətlərini törətdiyinə görə beynəlxalq
hüquqi məsuliyyətə cəlb
olunmalıdır”
Bu günlərdə Azərbaycan Respublikasının Xocalı rayonunun Fərrux kəndi ərazisində Azərbaycan Ordusunun hərbçiləri tərəfindən aparılan müvafiq qazıntılar zamanı insan nəşlərinin qalıqları aşkar olunub. Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərə aid olduğu güman edilən həmin qalıqların aşkarlanması faktı ilə bağlı hazırda müvafiq araşdırmalar və dəqiqləşdirmələr aparılır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib.
Ombudsman təəssüflə qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlıların amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilməsi, daha sonra onların nəşlərinin kütləvi şəkildə basdırılması ilə bağlı çoxsaylı faktlar mövcuddur.
“Bütün bu faktlar isə beynəlxalq humanitar hüququn normalarının, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə konvensiyalarının, xüsusilə də “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Konvensiyanın və ona dair 1977-ci il tarixli I Əlavə Protokolun müddəalarına açıq hörmətsizlikdir və beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməlidir.
Ermənistan
insanların ən mühüm təbii
hüquqlarından biri olan
yaşamaq hüququnun
kobud şəkildə pozulması ilə
nəticələnən müharibə cinayətlərini
törətdiyinə görə beynəlxalq hüquqi
məsuliyyətə cəlb olunmalıdır”, - deyə Səbinə
Əliyeva vurğulayıb.
Azərbaycan.-
2022.- 31 mart.- S.3.