Qalibiyyət ruhu
Novruz yeni mövsümün başlanğıcıdır. Bu bayramın qeyd edildiyi bütün coğrafiyalarda insanlar Novruzdan sonra böyük ruhla, gələcəyə işıqlı ümidlərlə öz məqsədlərinə doğru irəliləməyə başlayırlar.
İki ildir ki, xalqımız bu bayramı qələbə ovqatı ilə qeyd edir. Artıq qəlbimizdəki ən böyük həsrət bitib. Torpaqlarımız düşmən tapdağından azad olunub. İşğaldan qurtulmuş yurdlarımıza yollarımız açılıb. İndi baharın gətirdiyi gözəllikləri ecazkar Qarabağ torpaqlarında da duyub yaşamaq olur.
Müdriklik və məsuliyyət nümunəsi
Novruz xalqımızın qurub-yaratmaq, dünyanı abadlaşdırmaq, həyatı nizama, səliqə-səhmana salmaq amalının təcəssümüdür. Azərbaycan dövləti bu gün ölkəmizin bütün regionları kimi, Qarabağda, Şərqi Zəngəzurda da genişmiqyaslı bərpa-quruculuq işlərini davam etdirir. Ordumuzun bir-birinin ardınca qələbələr qazanıb üçrəngli bayrağımızı səmalara yüksəltdiyi yerlərdə indi iqtisadiyyatımız irəliləyir. Erməni vandallarının onilliklərlə dağıdıb viran qoyduqları dədə-baba ocaqlarımız yenidən həyata qayıdır. Qələbənin verdiyi ruh yeni başlanğıclar üçün sarsılmaz bir gücə çevrilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin uğurları, indiki gərgin dünyamızda nümayiş etdirdiyi son dərəcə müdrik, məsuliyyətli mövqe ölkəmizin aydın gələcəyini təmin edir.
Bu siyasət sayəsində Azərbaycan ardıcıl inkişaf yolundadır. Dünyanın müxtəlif ölkələrində müharibələrin getdiyi, qlobal maraqların toqquşduğu zamanda ölkəmiz özünü bu təlatümlərin ziyanlarından uzaqda saxlaya bilir. Eyni zamanda hərbi münaqişələrin yoluna qoyulması, dünyada sülhün, təhlükəsizliyin təmin olunması üçün çalışır. Regionda yeni reallıqlar yaradır. Hər kəs üçün faydalı əməkdaşlıqlara doğru geniş imkanlar açır. Azərbaycan bütün dünyaya böyüklük və məsuliyyət nümunəsi göstərir.
Bolqarıstanda keçirilmiş güləş üzrə VII Avropa Çempionatının iştirakçılarını qəbul edərkən Prezident İlham Əliyev bu məqama xüsusi toxundu.
Dünyanın çox yerlərində müharibələrin getdiyini və bundan sonra da gedəcəyi gümanını təəssüflə dilə gətirdi: “Bu gedən müharibələrə diqqət yetirsək, hesab edirəm ki, həm Azərbaycan xalqı, həm bütün dünya ictimaiyyəti bir daha Azərbaycan xalqının böyüklüyünü və Azərbaycan rəhbərliyinin məsuliyyətini görür”.
Həyat yaradan xalq
Bütün bunlar insanlarımız üçün gələcəyə inam ruhudur. Qarşıda duran məqsədlərə doğru əzmlə irəliləməkdən ötrü sabahkı günlərə əminlikdir. Xüsusilə gənc nəsil üçün böyük vətənpərvərlik tərbiyəsidir. Elə güləş üzrə VII Avropa Çempionatında iştirak edərək 7-si qızıl olmaqla, ümumən, 16 medal əldə etmiş güləşçilərimizin bu idman nailiyyətindəki əlamətdar məqamlardan biri də budur ki, onlar qələbəni qalib xalqın təmsilçiləri kimi qazanıblar. Azərbaycanın bayrağını fərxi kürsülərdə qalib ölkənin bayrağı kimi yüksəklərə qaldırıblar.
Vətən müharibəsindəki qələbəmizə qədər içimizdə bir məyusluq, qırıqlıq vardı. Özümüzü məğlub hiss edirdik. Torpaqlarımızın işğalda qalması bizə heç bir nailiyyətimizə gözüdolusu sevinmək imkanı vermirdi. Ürəyimizdə torpaq itkisinin yarası göynəyirdi. Başımızı qürurla uca tuta bilmirdik. Hər birimiz fərqində idik ki, tam xoşbəxtliyə yetişməyimiz ən böyük qələbə günümüzdən, torpaqlarımızın azadlığından asılıdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızı 30 il idi arzusunda olduğu möhtəşəm Zəfərə yetirdi. Qələbə gününü tarixə yazdı. Milli qürurumuzu özümüzə qaytardı. Başımızı uca etdi. Bizə qalib xalq adı qazandırdı. Bundan sonra olduğumuz hər yerdə bu qalibiyyət bizimlədir. Müxtəlif sahələr üzrə yeni qələbələrimiz, yeni nailiyyətlərimiz üçün böyük bir səbəbdir, motivasiya gücüdür. Azərbaycan Prezidenti idmançılarla görüşündə də bunu dedi: “Əlbəttə ki, idmançılarımız üçün bu əlavə bir stimuldur. Çünki biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik. Siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz. Çünki bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq”.
Ləyaqət
Tarixi qələbəmizdən sonra Azərbaycanın uzun illərdən bəri ölkəmizdə idmanın inkişafı istiqamətində apardığı siyasətin mahiyyəti də indi tam aydın görünməyə başlayır. İdmanın inkişafı Ulu Öndər Heydər Əliyevin siyasətində daim prioritet olub. Bu siyasətin uğurla həyata keçirilməsində Prezident İlham Əliyevin misilsiz tarixi xidmətləri var. Azərbaycan idmançılarının ən böyük qələbələri dövlət başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi dövründə qazanıldı. Ölkəmizin bir sıra beynəlxalq idman yarışlarına evsahibliyi etməsi də son onilliklərin möhtəşəm hadisələridir. İdman xalqın fiziki və mənəvi sağlamlığına xidmət etməklə, sağlam həyat tərzinə marağı artırmaqla yanaşı, eyni zamanda cəmiyyəti birləşdirən, milli həmrəyliyi daha da möhkəmləndirən əsas vasitələrdəndir. Qələbələr insanlara ruh verir, inam yaradır və bütün sahələrdə uğur qazanmağa kömək göstərir. Vətənpərvərlik tərbiyəsini gücləndirir. Azərbaycan Vətən müharibəsindəki tarixi zəfərini də məhz gənclərimizin torpağa, yurda olan məhəbbəti, Azərbaycana sevgisi, fiziki və mənəvi gücləri hesabına qazandı. Aydın oldu ki, illərdir, sadəcə, idmana qayğı kimi yanaşılan bu siyasətin arxasında da böyük hədəflər varmış. Hər şey göründüyündən daha böyük məzmun kəsb edirmiş.
Eyni zamanda bu gün dünyanın müxtəlif münaqişə bölgələrində baş verənlər, mülki əhaliyə qarşı hərbi qanunlara sığmayan ağlasığmaz hərəkətlər bir daha Azərbaycanın 44 günlük Vətən müharibəsini necə böyük ləyaqətlə apardığını sübuta yetirir. Azərbaycan bu müharibəni bütün qanunlara riayət edərək apardı. Mülki əhaliyə qarşı vuruşmadı. Binaları bombalamadı. Əsgər və zabitlərimiz qəddarlıq etmədilər. Ermənilərin illər əvvəl öz havadarlarının köməyi ilə xalqımıza qarşı törətdikləri soyqırımların qisas hissi insanlarımızı hər nə qədər intiqama təhrik etsə də, Azərbaycan xalqı bu cinayətlərin əvəzini mülki əhalidən çıxmadı. Tarixi intiqamını döyüş meydanında aldı. Xocalı canilərindən fərqli olaraq mülki əhaliyə qənim kəsilmədi. “Bütün dünya, bütün hərbi ekspertlər artıq bunu dəfələrlə qeyd edirlər ki, Azərbaycan bu müharibəni həm böyük məharətlə, ustalıqla aparıb, qısa müddət ərzində istədiyinə nail olub, həm də bütün müharibə qanunlarına riayət edərək ləyaqətlə aparıb. Məhz buna görə düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az idi. O da məhz ona görə ki, o mülki vətəndaşlar döyüşlərdə iştirak edirdilər”, - deyə Prezident İlham Əliyev idmançılarla görüşündə xatırlatdı.
Azad yurdlarımızda qalanan bayram tonqalları
Qarşıda Azərbaycanın və ümumən, bölgəmizin gələcəyi ilə bağlı böyük hədəflər, xoş niyyətlər, aydın məqsədlər var. Prezident İlham Əliyev ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə Tərtər rayonunun Suqovuşan qəsəbəsində alovlandırdığı bayram tonqalı ilə, Suqovuşandan bütün dünya azərbaycanlılarına ünvanladığı Novruz təbriki ilə bir daha bunların müjdəsini verdi.
Ötən il Şuşada qalanmış Novruz tonqalının ardınca bu, azad yurdlarımızda qeyd edilən növbəti bahar bayramı idi. Bu, hər bir azərbaycanlının illərdir Novruz bayramlarında və başqa bütün xoş günlərdə ürəyimizdə göyərən, hər zaman dilimizdə səslənən arzumuzun reallaşmasıdır. “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu reallıqdır. İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün mən Novruz tonqalını burada - Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”, - dedi dövlət rəhbərimiz.
Prezident İlham Əliyev hazırda bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, şəhərlərin yenidən qurulduğunu, kəndlərin yenidən salındığını diqqətə çatdırdı. Bildirdi ki, hazırda əsas vəzifə keçmiş məcburi köçkünləri tezliklə bu doğma yerlərə qaytarmaqdır.
Bütün bunlar bir daha göstərir ki, aparılan quruculuq-bərpa işləri Azərbaycan Prezidentinin daim xüsusi nəzarətindədir. Qarabağa, Şərqi Zəngəzura müntəzəm səfərlərin əsas məqsədlərindən biri də görülən işlərlə yerində tanışlıqdır. Bunun bariz nümunəsi kimi Suqovuşana səfəri zamanı da dövlət rəhbərimiz Mehriban xanımla birgə bir sıra layihələrin icrası ilə yaxından tanış oldu. Onlar Suqovuşanda çəkilmiş müasir izolyasiyalı və mühafizəli kabel xəttinin təqdimatında,”N” saylı hərbi hissənin açılışında, qəsəbədə təşkil edilmiş ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışında iştirak etdilər. Suqovuşandakı fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış oldular, qəsəbədə 144 şagird yerlik tam orta məktəbin binasına baş çəkdilər. Eyni zamanda Suqovuşanın gələcək inkişafına yeni töhfələrini verdilər. Belə ki, yüksək turizm potensialına malik bu bölgəyə turizm axınına şərait yaradacaq kompleksin təməlini qoydular. Milli-mənəvi dəyərlərimizə hörmət nümunəsi kimi Suqovuşanda yeni məscidin də təməli qoyuldu.
Qurucu əllər
Azərbaycan dövlətinin bu istiqamətdə başlıca hədəfi quruculuq, abadlıq işlərini planlı, səmərəli və eyni zamanda keyfiyyətli şəkildə aparmaq, qısa müddət ərzində 10 min kvadratkilometrdən çox ərazini yenidən qurmaqdır. “Çünki mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerləyeksan edib, bütün tarixi abidələrimizi dağıdıb, təhqir edib. Biz isə qurub-yaradan xalqıq. Müharibədən cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq. Budur bugünkü Azərbaycanın reallıqları. Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir”, - deyən Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi iradə, cəmiyyətimizdəki milli həmrəylik, xalqımızın xoş niyyətlər, işıqlı amallar uğrunda səfərbərliyi hətta ilk baxışdan mümkünsüz görünənləri də mümkün edir.
Gözəlliyə qatılan gözəllik
Vətənin gözəlliklərini, füsunkarlığını, əzəmətini, tarixinin möhtəşəmliyini bütün ruhu ilə duyan Azərbaycan Prezidenti Suqovuşandan bu gözəlliyə heyranlığını bir daha dilə gətirdi. Qeyd etdi ki, bu gözəl mənzərəli yerlərə baxdıqca doğma diyarımızın nə qədər ecazkar, dağlarımızın nə qədər əzəmətli olduğu bir daha görünür. “Bütün bu tarixi gözəlliyə biz gözəllik qatacağıq, zövq qatacağıq və burada azərbaycanlılar rahat yaşayacaqlar, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayacaqlar”.
Prezident İlham Əliyev əziz, doğma xalqımıza işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərini çatdırdığına görə özünü xoşbəxt sandığını dilə gətirdi. Əslində, bu, Azərbaycan xalqı olaraq bizim də xoşbəxtliyimizdir ki, belə müdrik, qətiyyərli Liderimiz var. Vətənin taleyi onun əmin əllərindədir. Belə bir güclü Liderin ardınca Azərbaycanın xoşbəxt, abad, firavan gələcəyinə doğru irəliləyirik.
İradə ƏLİYEVA
Azərbaycan.-
2022.- 31 mart.- S.1; 4.