Mütərəqqi islahatların uğurlu nəticəsi

 

 

Azərbaycanın dövlətçilik tarixi çoxsaylı xoşməramlı addımlarla, hər kəsin rəğbətini qazanan humanizm nümunələri ilə zəngindir. Ölkədə insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin prioritet məsələlərindən biridir. Yəni dövlətin siyasi kursunda humanizm başlıca prinsiplərdəndir.

 

 

 

Humanizm prinsiplərinə sadiqlik

 

 

 

Son 19 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük tərəqqiyə nail olub. Ulu Öndər Heydər Əliyevin humanizm ənənələrinə və siyasətinə sadiqlik İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib. Dövlət başçısının əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin etmək məqsədi ilə həyata keçridiyi islahatlar da bu sahədə böyük irəliləyişə səbəb olub.

 

İlham Əliyev hər zaman mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış edərək bayram və əlamətdar günlərdə əfv sərəncamları imzalayıb. Azərbaycan Prezidentinin son 19 ildə imzaladığı 35 əfv sərəncamı ümumilikdə 5672 nəfərə tətbiq olunub. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş 4 amnistiya aktı isə 40 mindən çox insanı əhatə edib.

 

Vətən müharibəsində böyük Qələbəmizi təmin edən Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə 2021-ci il noyabrın 5-də qəbul edilmiş Zəfər Amnistiyası da İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür. Aktın icrası martın 5-də başa çatdırılıb və 17 min 267 şəxsə amnistiya şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayandır. Bundan əlavə, məhkəmələrin icraatında olan işlər üzrə 890, ibtidai istintaq orqanlarının icraatında olan işlər üzrə isə 1785 şəxsə amnistiya tətbiq edilib.

 

Bununla yanaşı, son illərdə həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının genişləndirilməsi haqqında da ayrıca qanun qəbul olunub, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayət qanunvericiliyinə 600-dək dəyişiklik edilib, bir çox əməllər dekriminallaşdırılıb və 2200-ə yaxın məhkum cəzadan azad olunub.

 

Məhkumların azad cəmiyyətə tamhüquqlu üzv kimi qayıdışı da daim diqqətdə saxlanılaraq onların sosial adaptasiyası ilə bağlı xüsusi qanun qəbul olunub. Vaxtından əvvəl şərti azadetmə institutu da səmərəli tətbiq olunur. Son iki ildə 3500-dən çox məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb.

 

Ümumiyyətlə, mərhəmət, geniş qəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı daim ən ali keyfiyyətlər kimi qiymətləndirilib. Əfv etmək böyük, müdrik insanlara, dövlət xadimlərinə xas olan yüksək keyfiyyətdir. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, Qarabağın Xilaskarı kimi adını tariximizə qızıl hərflərlə yazdıran İlham Əliyevin humanizm prinsiplərinə sadiqliyini təsdiq edən əfv və amnistiya aktları bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti əfv etməyi, bağışlamağı bacaran aqil dövlət adamlarındandır.

 

 

 

Məhkumlara diqqət və qayğı, müasir cəzaçəkmə müəssisələrinin inşası

 

 

 

Prezident İlham Əliyev ölkəmizdə insan hüquqlarının qorunmasına daim xüsusi önəm verib, bu sahədə mütərəqqi islahatlar aparıb, o cümlədən cəza-icra siyasətini humanistləşdirib.

 

Həmçinin ölkəmizdə yeni ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, cəza siyasəti humanistləşdirilir, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür, yeni penitensiar müəssisələr tikilir. Buna misal kimi, Bakının Zabrat qəsəbəsində yeni istintaq təcridxanasının, Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslərinin inşa  olunmasını, Gəncə və Lənkəran şəhərlərində, habelə paytaxtın Umbakı qəsəbəsində belə müəssisələrin tikintisinin aparılmasını göstərmək olar.

Martın 29-da cəmiyyətin həssas qrupu olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələrin təqdimatı da deyilənlərin əyani təsdiqidir.

Prezident İlham Əliyevin də iştirak etdiyi açılış mərasimində bir daha qeyd edildi ki, dövrün tələblərinə cavab verməyən penitensiar müəssisələrin əvəzinə inşa edilmiş yeni müəssisələrdə nümunəvi şərait yaradılıb, istirahət, psixoloq, ibadət otaqları və digər otaqlar ayrılıb, məhbusların faydalı işlə məşğul olmaları üçün istehsalat sahələri təşkil edilib. Hər iki müəssisədə məhkumların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman sahələri, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur yaradılıb. Burada zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, oxu zalı və kompüter otağı var. Burada yaradılmış istehsal bölməsində məhkumlar toxuculuq, xalçaçılıq, biçmə, tikişşirniyyat sexlərində çalışacaqlar.

Müəssisənin ikimərtəbəli tibb-sanitariya hissəsində həkim otaqları, müasir avadanlıqla təchiz edilmiş müayinə-diaqnostika və stomatologiya kabinetləri, laboratoriya, aptek, pediatr otağı və digər yardımçı otaqlar yerləşir. Yeni penitensiar müəssisədə məhkumlarla görüşlər üçünbina inşa olunub. Burada məhkumların ailə üzvləri ilə qısamüddətli və 3 günlük uzunmüddətli görüşü üçün hər cür məişət şəraiti, mətbəxi, gəzinti yerləri olan ayrıca otaqlar da var. Müəssisələrin ərazisində inşa olunmuş ikimərtəbəli məktəb binasında sinif otaqları ilə yanaşı, əmək, kompüter və digər otaqlar, idman zalları yerləşir. Burada yaradılmış şərait məhkumların, xüsusilə yetkinlik yaşına çatmayanların təhsil almalarına və peşə ixtisaslarına yiyələnmələrinə imkan verir.

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində cəmiyyətimizin həssas təbəqəsi olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni penitensiar müəssisələrin tikilməsi ölkəmizdə aparılan köklü islahatların tərkib hissəsidir. Burada yaradılan müasir şərait məhkumların hüquqlarının təminatına, onların səmərəli islah olunaraq sosial adaptasiyasına xidmət edəcək.

Göründüyü kimi, əvvəlki illərlə müqayisədə Azərbaycanda bu sahədə aparılan islahatlar öz bəhrəsini verməkdədir. Bununla yanaşı, beynəlxalq və yerli təşkilatların Azərbaycandakı həbs yerlərinə, eləcə də məhbusların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına artan diqqəti də mövcud kiçik problemlərin həllinə real imkanlar yaradır. Həmin təşkilatların nümayəndələri həbs yerlərinə baş çəkir, məhbuslarla görüşür, onların saxlanma şəraiti və hüquqlarının necə təmin olunması ilə maraqlanırlar. Ombudsman Aparatının əməkdaşları da vaxtaşırı olaraq həbs yerlərinə baş çəkir, məhbuslarla görüşüb onları dinləyirlər. Bütün bunlar Prezident İlham Əliyevin mütərəqqi islahatlarının bariz göstəriciləridir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.-31 mart.- S.4.