Azərbaycan və Birləşmiş Ərəb
Əmirlikləri əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığı
genişləndirəcək
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən VIII Dünya Hökumətləri Sammiti çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə BƏƏ-nin insan resursları və əmirlik naziri Əbdülrəhman Əl-Avarın görüşü olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu, siyasi, iqtisadi və digər sahələrdə, həmçinin bərpaolunan enerji istehsalı sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi, ticarət dövriyyəsində artımın davam etdiyi bildirilib.
S.Babayev ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan ardıcıl addımları diqqətə çatdırıb. Nazir Azərbaycanda həyata keçirilən sosial müdafiə və aktiv məşğulluq proqramları, sosial təminat, əmək və məşğulluq sahələrində aparılan islahatlar, DOST mərkəzləri barədə məlumat verib, insan resurslarının inkişaf etdirilməsi və işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən işləri qeyd edib.
İslam Əməkdaşlıq Təşkilatının Bakı şəhərində yaradılacaq əmək mərkəzinin təşkilata üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığa mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Ə.Əl-Avar iki ölkə arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu, əməkdaşlıq əlaqələrinin əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etməsində maraqlı olduqlarını bildirib. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti, islahatları barədə məlumat verib.
Görüşdə
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi ilə
BƏƏ-nin İnsan Resursları və
Əmirlik Nazirliyinin gələcək əməkdaşlığına
dair fikir mübadiləsi
aparılıb. Əməkdaşlığın müqavilə-hüquq
bazasının yaradılması imkanları nəzərdən
keçirilib.
Azərbaycan.- 2022.- 31 mart.- S.4.