Şuşanın tarixi şöhrətinin bərpa olunduğu gün

 

 

Bir il öncə şəhərdə kompleks yenidənqurma işlərinə start verildi

 

 

 

Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu gün bərpa işlərinə start veriləcək. Məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildi. İlkin araşdırmalar başlanıldı və yaxın gələcəkdə layihə təqdim ediləcək”.

Prezident İlham Əliyev bu sözləri düz bir il əvvəl, 2021-ci il martın 16-da Şuşaya səfəri zamanı bildirmişdi. Bu, şəhərin işğaldan azad edilməsindən sonra Ali Baş Komandanın Şuşaya etdiyi ikinci səfər idi.

Məhz bu səfər zamanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşanın tarixi ünvanlarına baş çəkmiş, şəhərin bərpası istiqamətində görüləcək işlərlə tanış olmuşdular.

 

 

 

İlham ƏLİYEV: “Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir”

 

 

Şuşa Azərbaycan xalqının elə bir tarixi və mədəniyyət abidəsidir ki, ermənilər onu 28 il yarım davam edən işğal dövründə özününküləşdirə bilmədilər. Bu şəhərin hər küçəsi bir tarix, hər ünvanı mənəvi sərvətimizdir, xalqımızın keçmişidir, milli-mədəni xəzinəsidir. Ona görə də Şuşa heç vaxt yadları qəbul etmədi. Şuşa ermənilər üçün əvvəldən də yad idi, işğal dövründə də belə olaraq qaldı. İlham Əliyevin dediyi kimi, Şuşa ayaqdadır, Şuşa sınmadı, Şuşa əyilmədi! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilmədi, nə qədər çalışsa da, bu Azərbaycan şəhərini erməniləşdirə bilmədi. Çünki hər küçəsində, hər bir abidəsində yalnız xalqımızın mədəniyyətinin, milli dəyərlərinin, ulu tarixinin silinməz izləri var.

Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir bəy Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlət başçısının bu sözləri ötən il yanvar ayından reallığa çevrildi.

Şuşanın işğaldan azad olunmasından sonra buraya ilk səfəri zamanı Prezident İlham Əliyev şəhərin əbədi sakinlərinin - Natəvanın, Üzeyir bəy Hacıbəylinin və Bülbülün büstlərini də özü ilə gətirmişdi.

Ötən il martın 16-da Şuşaya ikinci səfəri zamanı Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə, Pənahəli xanın sarayının qalıqlarına, Molla Pənah Vaqifin büstünün qoyulacağı əraziyə, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksinə, Şuşa Dövlət Rəsm Qalereyasının binasına, Şuşa Xalça Muzeyinə, Şuşa sanatoriyasına baxış keçirmiş, bu ünvanlarda və “Qarabağ” mehmanxanasında aparılacaq təmir-bərpa işlərinin layihələri ilə tanış olmuşdular.  Və elə o zaman Prezident İlham Əliyev demişdi: “Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir”.

 

 

 

Bir ildə görülən işlər möhtəşəm və əhatəlidir

 

 

Ötən dövrdə Şuşanın bərpası, tarixi və mədəni şöhrətinin özünə qaytarılması ilə bağlı görülən işlər olduqca çoxşaxəlidir. Artıq Vaqifin məqbərəsi əvvəlki görkəmi saxlanılmaqla bərpa edilib. Ötən ilin martında Heydər Əliyev Fondu tərəfindən başlanan bərpa işləri bir neçə aya yekunlaşıb. Vaqifin Şuşadakı evinin yaxınlığındakı büstü də yenidən qurulub. Şuşanın məşhur ünvanlarından olan Xalq artisti Bülbülün ev-muzeyibir neçə ay ərzində bərpa olunub. Bərpa  edilən abidələrdən biri də görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlidir. Şuşanın mənəvi irsi olan İsa bulağından və Natəvan bulağından artıq su gəlir.

Rəsm Qalereyası, Xalçaçılıq Qalereyası da şəhərin bərpa olunan binaları sırasında yer alır. “Xarı Bülbül” və “Qarabağ” hotelləri də Şuşanın yeni quruculuq ünvanlarıdır. Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən tarixi Şuşa şəhərində icra olunan sosial layihələrin ardıcıl və sürətlə davam etdiyini göstərir.

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti ilə Şuşa yenidən qurulur, şəhərin tarixi-mədəni memarlıq abidələri yüksək keyfiyyətlə bərpa edilir. Bərpa  işlərinə Heydər Əliyev Fonduonun rəhbəri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük töhfələri xüsusi qeyd edilməlidir. Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidləri də Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Ötən il Azərbaycan, Avstriya, İtaliya, Latviya və Türkiyədən olan ekspertlər tərəfindən bu məscidlərdə qiymətləndirmə işləri aparılıb, bərpa layihəsi işlənilib. Yuxarı Gövhər ağa məscidində bərpa işlərinin birinci mərhələsi artıq başa çatıb. Hazırda məsciddə ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məsciddə ilkin layihə qorunmaqla möhkəmləndirmə işləri həyata keçiriləcək, məscidin ərazisində olan və ermənilər tərəfindən dağıdılmış mədrəsə bərpa ediləcək. Ən geniş bərpa işləri dağıntıların miqyasına uyğun olaraq, Aşağı Gövhər ağa məscidində aparılacaq. Məscidlərin minarələri bərpa ediləcək, eləcə də dam və döşəmə örtükləri dəyişdiriləcək.

Şuşadakı mühüm mədəni-tarixi memarlıq abidələrindən olan Mehmandarovların malikanə kompleksində də bərpa işlərini Heydər Əliyev Fondu aparır. Artıq bərpa işlərinin böyük bir qismi yerinə yetirilib.

Prezident İlham Əliyev ötən il Şuşaya 7 dəfə səfər edib. Bu səfərlər zamanı dövlət başçısının iştirakı ilə şəhərdə bərpa olunan ünvanların bir qisminin açılışı olub. Eyni zamanda dövlət başçısının iştirakı ilə təməlqoyma mərasimləri keçirilib. Şuşa Rayon Mərkəzi Xəstəxanasının,  Şuşa Radio-Televiziya Yayım Stansiyasının, “OtelKonfrans Mərkəzi”nin, 1 saylı ümumtəhsil məktəbinin,  Daşaltı məscidinin, şəhərin birinci məhəlləsinin təməlləri qoyulub. Təbii ki, görülən işlər bununla bitmir, şəhərin yolları və digər infrastrukturlar da sürətlə bərpa olunur.

Qeyd edək ki, Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 16 mart.- S.1;6.