Ceyms Hippi: Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verir

 

Martın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Böyük Britaniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Eyni zamanda, iki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, investisiya, enerji, işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə əməkdaşlıq məsələləri, o cümlədən alternativ enerji mənbələri və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Ölkələrimiz arasında iqtisadi sahədə əldə olunan nailiyyətlərin məmnunluq doğurduğu qeyd edilib və Birləşmiş Krallığın Azərbaycanda ən böyük birbaşa xarici sərmayədar olduğu vurğulanıb.

Bu il Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirən nazir Ceyhun Bayramov ölkəmizin Krallıqla əlaqələrə önəm verdiyini, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

Söhbət zamanı regional təhlükəsizlik məsələləri də müzakirə olunub.

Nazir Ceyhun Bayramov postmünaqişə mərhələsində azad edilmiş ərazilərdə mövcud olan vəziyyətdən danışaraq, 44 günlük Vətən müharibəsi nəticəsində imzalanmış birgə bəyanatların icrası ilə bağlı məsələlər, azad olunmuş ərazilərdə üzləşdiyimiz mina təhlükəsionunla aparılan mübarizə barədə qarşı tərəfə ətraflı məlumat verib. O, hazırkı mərhələdə işğal amilinin aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanlarından, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma prosesindən danışıb. Nazir Böyük Britaniya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfəni, eləcə də bu ərazilərin yenidən qurulması və bərpası işlərində iştirakının ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Ceyms Hippi Azərbaycana ilk səfəri çərçivəsində dövlətimizin başçısı ilə keçirilən görüşü məmnunluqla vurğulayıb. O, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini bildirib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyi qeyd olunub.

Görüşdə tərəflər Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Azərbaycan.- 2022.- 31 mart.- S.5.