Əsrlərin intiqamını 44 gündə aldıq

 

Parlaq Zəfərimizlə yekunlaşan Vətən müharibəsi sayəsində soyqırımına məruz qalan soydaşlarımızın qanı yerdə qalmadı

 

Cəmi 44 gün sürərək Azərbaycanın parlaq Zəfəri ilə yekunlaşan Vətən müharibəsi həm də son ikiyüzillik tariximizdə qazandığımız ən möhtəşəm qələbə kimi tarixə həkk olundu. 30 il idi ki, işğal altında olan tarixi torpaqlarımız azadlığına qovuşduruldu, öz dədə-baba torpaqlarına qayıtmaq istəyən yüz minlərlə Azərbaycan vətəndaşının yurd həsrətinə son qoyuldu. Və həm də tarixin müxtəlif dövrlərində erməni faşizminin qurbanına çevrilən, soyqırımına məruz qalan soydaşlarımızın qisası layiqincə alındı.

Prezident İlham Əliyevin ötən il sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı bəyan etdiyi kimi, Azərbaycan öz Qələbəsi ilə faşist xislətli düşməni qarşısında diz çökdürdü, onu ömürlük məhvə məhkum etdi: “...44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, təkcə düşməni torpağımızdan qovmadıq, təkcə milli ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını əzdik”.

 

Qan yaddaşımız

 

Bu tarixi faktdır ki, erməni millətçiləri “dənizdən-dənizə” böyük imperiya xülyasına qapılaraq XIX-XX əsrlər boyu xalqımıza qarşı soyqırımı siyasəti yürüdüblər. Azərbaycanlıları və Anadolu türklərini Yer üzündən silmək prinsipi ilə yaşayan faşizm xislətli erməni şovinistlər bu yolda ən iyrənc metodlardan istifadə edib, dünya tarixində bənzəri olmayan faciələr törədiblər.

Hələ XIX əsrin ikinci yarısından başlayaraq Anadoluda qırğınlar törədərək çoxsaylı insanın həyatına son qoyan erməni quldurları XX əsrin əvvəllərindən etibarən Bakıda, Şuşada, İrəvan və Naxçıvan mahallarında, Qarabağda, Borçalıda, Qazaxda, Zəngəzurda, Gəncədə, Qubada, Tiflisdə və başqa yerlərdə on minlərlə azərbaycanlını kütləvi şəkildə qətlə yetiriblər. Bu amansız siyasət nəticəsində 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-1994-cü illərdə xalqımızın başına olmazın müsibətlər gətirərək ard-arda soyqırıma məruz qoyublar.

Tarixi mənbələrdə göstərilir ki, təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin martına qədər cəllad Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Nor-Bəyazid qəzasında 7 kənd dağıdılıb, sakinlərin bir qismi qətlə yetirilib, digər qismi isə öz doğma ev-eşiklərindən didərgin düşüb, əmlakları talan olunub, evləri yerləyeksan edilib.

1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə bolşevik  daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnikdini mənsubiyyətinə görə qətlə yetirilib. Yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.

 

İşğalçının qanlı əməlləri

 

Zaman-zaman olduğu kimi, 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Qarabağın dağlıq hissəsində yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından zorən qovulmasına yönəlmişdi. Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən xalqımız azadlıq hərəkatına başlayaraq, Bakının küçələrinə və meydanlarına çıxıb etirazını bildirirdi. Amma 1990-cı il yanvarın 20-nə keçən gecə sovet ordusu millətimizin azadlıq eşqini, haqq səsini boğmaq üçün geniş xalq kütləsinə qarşı hərbi əməliyyatlara başladı. Sovet ordusunun xüsusi təyinatlı bölmələrinin və daxili qoşunların Bakıya yeridilməsi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı ilin yanvarında Bakı və respublikanın digər yaşayış məntəqələrində sovet ordusunun təcavüzü nəticəsində 147 nəfər insan amansızcasına öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.

Erməni faşizminin qanlı əməlləri bununla da yekunlaşmadı. Tarixi torpaqlarımıza qarşı işğalçılıq siyasəti aparan Ermənistan Qarabağın dağlıq hissəsində və ətraf rayonlarda yaşayan yüzminlərlə insanı öz yurdundan didərgin saldı. 1992-ci ilin 26 fevralında Xocalı sakinlərini dünyada misli görünməmiş qətliama, soyqırıma məruz qoydu. Bu qırğının nəticəsində 613 günahsız insan xüsusi amansızlıqla qətlə yetirildi. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlılar olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Həmçinin 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Faciədən sonra əsir götürülən azərbaycanlılar amansız işgəncələrə məruz qalıblar.

Bütün bu dəhşətli hadisələr tarixə ermənilər tərəfindən törədilən vəhşiliklər, vandalizm, terrorçuluq kimi yazılıb. Mənfurlar daim xislətlərindəki hiyləgərlik, riyakarlıq, namərdlik, zalımlıq kimi insanlığa yaraşmayan xüsusiyyətlərinə xas davranaraq günahsız insanlarımızı hədəf seçiblər. Dəhşətlisi də budur ki, faşist ideologiyalı ermənilər xalqımıza qarşı törətdikləri bu dəhşətli əməlləri ilə daim öyünüb, körpələri, qocaları, qadınları öldürməklə, xüsusilə də qəddarcasına, insan ağlına sığmayan işgəncələrlə həyatlarına son qoymaqla fəxr ediblər. Hətta əcnəbi KİV-ə verdikləri müsahibələrində, qələmə aldıqları yazılarında bu iyrənc əməllərini dünyaya bəyan etməkdən də ar etməyiblər.

Məşhur britaniyalı jurnalist, “Qara bağ” kitabının müəllifi Tomas de Vaalın 2000-ci ildə sabiq Ermənistan prezidenti Serjik Sarkisyandan aldığı müsahibə ermənilərin sərgilədiyi iyrənc davranışa kiçik bir nümunədir: “Xocalı hadisələrinədək azərbaycanlılar elə bilirdilər ki, biz onlarla zarafat edirik. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq”.

S.Sarkisyan tərəfindən səsləndirilən elə bu qandondurucu sözlərdən də aydın olur ki, erməni faşistləri hər zaman düşünüblər ki, Azərbaycan xalqına qarşı bu cür vəhşiliklər törədərək onların gözlərini qorxudacaq, tarixi torpaqlarımızın ermənilər tərəfindən zəbtinə göz yumduracaqlar...

Amma bu vəhşi tayfanın qaniçən “başbilənləri” yanılırdılar və 44 günlük Vətən müharibəsi zamanı başlarından aldıqları “dəmir yumruq” zərbəsi ilə xam xəyallardan  ayrılaraq “Qarabağ Azərbaycandır!” reallığını qəbul etməyə məcbur oldular...

 

Erməni faşizmi əbədi məhvə məhkum edilib

 

27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı yenidən təxribata əl atan Ermənistan silahlı qüvvələri elə həmin gündən etibarən hərb meydanında duruş gətirə bilməyərək Azərbaycanın qarşısından biabırcasına qaçmağa başladılar. Düşmənə sarsıdıcı zərbə vuraraq sürətlə torpaqlarını işğaldan azad edən Azərbaycan Ordusu Ermənistan hakimiyyətini atəşkəs üçün yalvarmağa məcbur etdi. Döyüşlər başlayandan sonra vasitəçi dövlətlərin köməyi ilə Azərbaycanla Ermənistan arasında üç dəfə humanitar atəşkəs əldə edildi. Amma dövlət siyasəti terrora köklənmiş Ermənistan yalvarışları sayəsində razılaşdırılıb elan edilmiş humanitar atəşkəs rejimlərini də özü kobudcasına pozaraq gecə-gündüz yaşayış məntəqələrimizi atəşə tutdu. Vandal erməni silahlıları həm cəbhəboyu rayon və kəndlərimizi, həm də cəbhə zonasından uzaq məsafədə yerləşən şəhərlərimizi ağır artilleriyaraket atəşinə məruz qoyur, nəticədə arasında azyaşlıların, qoca və qadınların da olduğu mülki şəxslər yaralanır, həlak olur, evlər və sosial obyektlər dağıdılırdı.

Körpə uşaq qatili olan ermənilərdən fərqli olaraq, Azərbaycan tərəfi ləyaqətlə davranaraq, heç bir müharibə cinayəti törətmədi, mülki əhalini hədəf seçməyərək, düşməndən qisasını döyüş meydanında aldı.

2020-ci ilin 10 noyabrında yüz illərdir xalqımızın qanına susayan faşist ideologiyalı erməniləri kapitulyasiya aktına imza atmağa, Azərbaycanın qarşısında diz çökərək yalvarmağa məcbur edərək, soyqırımına, qətliama düçar olan bütün soydaşlarımızın, Vətənin müdafiəsinə qalxaraq gözünü belə qırpmadan bu torpaqların uğrunda canını fəda edən şəhidlərimizin qisasını aldıq.

Xalqımız heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmayacaq. Bu mənfur tayfanın qatil üzvlərinin xalqımıza qarşı törətdikləri faciələr qan yaddaşımızdır.

İndi də erməni faşizmi baş qaldırmağa çalışır, lakin onların bütün bu cəhdləri uğursuz və əbəsdir. Çünki Azərbaycan xalqı özünün yüksək əzmi, gücü və qətiyyəti ilə erməni faşizmini əbədi məhvə məhkum edib.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 31 mart.- S.6.