Qarabağa
Böyük qayıdış planımızı uğurla
gerçəkləşdirəcəyik
Novruz
bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Sizi Novruz bayramı münasibətilə
ürəkdən təbrik edir, hər birinizə
cansağlığı və səadət arzulayıram.
Azərbaycan torpağında qədim
köklərə malik Novruz bayramı xalqımızın mədəni
sərvətlər xəzinəsində layiqli yer tutur. Ulu əcdadımızın
zəngin daxili aləminin və nikbin
dünyagörüşünün dolğun təcəssümü
olan bu el bayramı yüzillərdən bəri
varlığımızın ən dərin qatlarına
nüfuz etmiş, milli özünüdərkin təşəkkülünə
töhfələr vermiş, ali dəyərlərin
daşıyıcısına çevrilərək
insanlarımızı vahid mənəviyyat ətrafında
daim bir-birinə yaxınlaşdırmışdır.
Tariximizin taleyüklü
anlarında gələcəyə inamımızı biz, eyni
zamanda, Bahar bayramının bəxş etdiyi mənəvi
güc sayəsində qoruyub saxlamışıq.
Qloballaşma dalğasının vüsətli dövründə
Novruz ənənələrinin müqəddəs ərməğan
kimi uca tutulması və bütün rəngarəngliyi ilə
yaşadılması çoxəsrlik mədəni irsimizə
ehtiramımızın ifadəsidir.
Məhz parlaq Zəfərimizin
qat-qat gücləndirdiyi xoş bahar ovqatı içində,
artıq ikinci ildir ki, azadlığına qovuşmuş
torpaqlarımızda hazırda yüksək sürətlə
genişmiqyaslı bərpa və quruculuq işləri
aparılmaqdadır. Yaz ətirli bayramımız bizi daha
şövqlə çalışıb indi rahat nəfəs
alan bu doğma yurd yerlərini qısa müddətdə
abadlaşdırmağa və öz əvvəlki dinc həyatına
qaytarmağa ruhlandırır.
Vətənimizin ərazi
bütövlüyü naminə canlarından keçmiş
igid övladlarımızın xatirəsini bu bayram günlərində
minnətdarlıqla yad edir, ölkənin müdafiəsində
mətinliklə dayanan Azərbaycan əsgərinə təbriklərimi
yetirirəm.
Əminəm ki, xaricdəki
soydaşlarımızın bizimlə birgə azərbaycançılıq
məfkurəsi işığında baharı
qarşılamaları onların qəlbində yurdumuza
bağlılıq hisslərini daha da möhkəmləndirəcəkdir.
İrəlidə bizi ümumxalq əhəmiyyətli
mühüm vəzifələrin həlli gözləyir.
İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici
ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik
şəraitində qurub-yaratmaq əzmi nümayiş etdirəcək,
Qarabağa böyük qayıdış planımızı
uğurla gerçəkləşdirəcəyik.
Hamınıza bahar əhval-ruhiyyəsi
arzu edirəm. Qoy bu əziz bayram hər evə, hər
ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin!
Novruz bayramınız mübarək
olsun!
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 mart 2022-ci il
Azərbaycan.-
2022.- 19 mart.- S.1.