Şuşa şəhərində Azərbaycan-BMT
tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilib
Martın 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Aeroport ilə yaxından tanış olduqdan sonra Zəfər yolu ilə Şuşaya səfər ediblər.
Toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan BMT-yə qoşulduqdan təxminən iki ay sonra Şuşa Ermənistan silahlı birləşmələri tərəfindən işğal olundu. Azərbaycanlılar öz şəhərindən, yurdlarından didərgin salındı. Ancaq 44 günlük Vətən müharibəsindən sonra Şuşa azad edildi. Bu gün Şuşa öz simasını günbəgün dəyişən və Azərbaycanın sürətlə inkişaf edən, yenidən qurulan bir şəhəridir.
Prezidentin köməkçisi deyib ki, Azərbaycan-BMT əməkdaşlığı 1990-cı illərdən bəri dəyişib. Həmin illərdə Azərbaycan humanitar yardım alan bir ölkə idi. Lakin 30 ildən sonra bugünkü Azərbaycan beynəlxalq ictimaiyyətin və BMT ailəsinin tamhüquqlu üzvüdür.
Azərbaycan ilə BMT arasında əməkdaşlığın tarixinə toxunan Hikmət Hacıyev bildirib ki, Azərbaycan 2012-2013-cü illərdə dünyanın 150-dən çox ölkəsinin səsi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Həmin illərdə Azərbaycan BMT-nin prinsip və normalarının reallaşdırılmamasından, Ermənistanın davamlı işğalından əziyyət çəkirdi. Bu gün isə Azərbaycan BMT tərəfindən müəyyənləşdirilən hədəf və missiyaların yerinə yetirilməsinə, xüsusilə də sülh və təhlükəsizliyə töhfə verir”, – deyə Hikmət Hacıyev qeyd edib.
“Bu gün və gələcəkdə bizim əsas prinsipimiz beynəlxalq hüququn prinsiplərini izləmək, onu müdafiə etmək olacaq”, - deyən Prezidentin köməkçisi əlavə edib ki, hazırda Azərbaycan bu prinsipləri rəhbər tutaraq beynəlxalq sülhə və təhlükəsizliyə töhfəsini verir. Ölkəmiz, həmçinin çoxtərəfli yanaşmanı seçib, BMT-nin müxtəlif institutları ilə sıx əməkdaşlıq edir. Təhlükəsizlik sahəsində Azərbaycan sıx əməkdaşlığı davam etdirir və praktiki addımlar ataraq prosesə öz töhfələrini verir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının mandatı əsasında dünyanın müxtəlıf nöqtələrində sülhməramlı missiyaya dəstək verir. Kosovo, Əfqanıstan və digər ölkələrdə Azərbaycanın sülhməramlı missiyası fəaliyyət göstərib. Bu gün Sudanda Azərbaycan sülhməramlıları var.
H.Hacıyev, eyni zamanda, diqqətə çatdırıb ki, bu gün Azərbaycan orta inkişaf edən ölkə statusundadır və onu daha perspektivli gələcək gözləyir. “Biz bu prosesdə BMT və onun institutlarının verdiyi töhfəni yüksək qiymətləndiririk. BMT Azərbaycanı müstəqillik qazandığı ilk illərdən dəstəkləyib”, - deyən Prezidentin köməkçisi vurğulayıb ki, bu gün Azərbaycan öz gündəliyində yeni səhifə açıb, bu, azad olunmuş ərazilərin yenidən qurulması ilə bağlıdır. Bu prosesdə də BMT-ni Azərbaycanın tərəfdaşı kimi görürük. BMT nümayəndələri ölkəmizə səfərləri zamanı artıq ilkin təkliflərini və tövsiyələrini Azərbaycan hökuməti ilə bölüşüblər.
“BMT institutları, həmçinin minalardan təmizlənmə sahəsində Azərbaycanla sıx əməkdaşlıq edir. Bu problem bizim inkişaf gündəliyimizdə əsas maneələrdən biridir”, - deyə Hikmət Hacıyev diqqətə çatdırıb.
Sonra çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, ötən il Azərbaycan dünya ölkələrinə 30 milyon ABŞ dolları dəyərində humanitar yardım göstərib. Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan pandemiya dövründə 80-dən çox ölkəyə humanitar dəstək verib, həmçinin 5 ölkəni 2 milyon dollar dəyərində peyvəndlə təmin edib.
Nazir qeyd edib ki, müharibə başa çatandan dərhal sonra Azərbaycan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti, yenidənqurma işlərinə başlayıb.
“İşğal dövründə yerlə-yeksan edilmiş bu ərazilərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz yurdlarına geri qayıtması, bu ərazilərdə Azərbaycanın erməni əsilli vətəndaşlarının siyasi, iqtisadi və digər sahələrə inteqrasiyası və bərabərhüquqlu vətəndaş olması əsas prioritetlərindəndir. Azad edilmiş torpaqlarda reabilitasiyaya mane olan əsas məqam bu ərazilərin minalarla çirkləndirilməsidir. Bu, məcburi köçkünlərin təhlükəsiz şəkildə qayıtmasına və sürətli yenidənqurmaya əngəl törədir. BMT institutlarının təmsilçilərinin bu regionlara səfəri və baş verənləri öz gözləri ilə görməsi yaxşı olardı. Ümid edirik ki, bu missiyalar gördüklərini öz hesabatlarında əhatəli şəkildə təqdim edəcəklər və konkret təkliflər verəcəklər. Təbii ki, bu hesabatlarda Azərbaycan Hökumətinin qısa zamanda gördüyü işlər də kənarda qalmamalıdır”, - deyə nazir əlavə edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva çıxışında vurğulayıb ki, BMT-nin təsisatları işğaldan azad edilmiş ərazilərin bərpası və minalardan təmizlənməsi işlərində Azərbaycana kömək göstərəcək. "1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv oldu və bu illər ərzində biz əməkdaşlığımızı gücləndirməyə çalışırıq. Biz Bakıda ilk dəfə ofisimizi açanda münaqişədən əziyyət çəkən qaçqınlara və məcburi köçkünlərə yardım etmişik. 2021-ci il martın 1-də BMT ilə Azərbaycan arasında növbəti beş il üçün əməkdaşlığın əsas istiqamətlərini əks etdirən saziş imzalanıb. Bunlar gender bərabərliyi, ətraf mühit, inklüzivlik və sair məsələlərlə bağlıdır”, - deyə rezident əlaqələndirici qeyd edib.
Vladanka Andreyeva, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatındakı rolunu və bu təşkilat çərçivəsində pandemiya ilə mübarizədə ölkəmizin səylərini yüksək qiymətləndirib.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə çıxışında deyib ki, ətraf mühitin mühafizəsi həmişə ölkəmizin əsas vəzifələrindən biri olub. Bu baxımdan yaşıl inkişaf və “yaşıl enerji” məsələləri prioritetlərdir.
Nazir vurğulayıb ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji”ni inkişaf etdirmək niyyətindədir və bu sahədə əsas diqqət əhalinin təmiz içməli su ilə təminatına yönəlib.
Muxtar Babayev Oxçuçayın çirkləndirilməsindən narahatlığını bildirib və qeyd edib ki, bu, bütün regionun ekosistemi üçün böyük təhlükə yaradır.
Nazir onu da vurğulayıb ki, Azərbaycan üçün daha bir prioritet bərpaolunan enerji mənbələrinin inkişafı, eləcə də “xalis sıfır emissiya” zonasının yaradılmasıdır. “Azad edilmiş ərazilərin bərpası üçün beynəlxalq təşkilatların dəstəyi vacibdir”, - deyə M.Babayev əlavə edib.
Çıxışlardan sonra Azərbaycan-BMT əlaqələrinin 30 illiyi ilə bağlı poçt markasının təqdimatı olub.
Toplantı panel iclasları ilə davam edib.
Qeyd edək ki, Şuşa toplantısında əsas
məqsəd Azərbaycan-BMT
tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində
qət edilmiş yolun nəzərdən keçirilməsi üçün
əlverişli platforma
yaratmaq, postpandemiya və postmünaqişə
reallıqlarında Azərbaycanın
yeni prioritetlərini və imkanlarını müzakirə etmək olub.
Çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının
məhz Şuşada keçirilməsi xüsusi
rəmzi məna daşıyır. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı
olmaqla yanaşı, hazırda bölgənin bərpa-quruculuq, tərəqqi,
qələbə simvoludur.
Xatırladaq ki, 30 il əvvəl
- 1992-ci il martın
2-də Azərbaycan Respublikası
BMT ailəsinin bərabərhüquqlu
üzvünə çevrilib,
bununla da beynəlxalq ictimaiyyətdə
layiqli təmsil olunmaq imkanı qazanıb. Ötən dövr ərzində
Azərbaycan-BMT tərəfdaşlığı
yüksələn xətt
üzrə inkişaf
edib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan BMT platformalarında
irəli sürdüyü
qlobal təşəbbüsləri
ilə fərqlənən
və böyük dəstək qazanan qabaqcıl ölkələrdən
biridir.
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin
həyata keçirilməsinə
də xüsusi önəm verir. Azərbaycan dünyada
2030-cu il Gündəliyinin icrası
ilə bağlı
3-cü Könüllü Milli
Hesabatını təqdim
edən 12 ölkədən
biri, öz regionunda isə ilk dövlətdir. Dayanıqlı
İnkişaf Məqsədlərinin
nailiyyət indeksi üzrə mümkün
100 xaldan 72,4 xal toplayan Azərbaycan
regionda ən yaxşı nəticə göstərərək 2021-ci il
üzrə Dayanıqlı
İnkişaf Hesabatında
165 ölkə arasında
55-ci yeri tutub. Hesabatda Azərbaycanın yoxsulluğun azaldılması,
səhiyyə, qidalanma,
qadınların əmək
bazarında iştirakı,
təmiz su və sanitariya, enerjiyə əlçatanlıq,
internet istifadəsi, nəsli
kəsilmək təhlükəsi
olan canlıların mühafizəsi, əhalinin
rifahının yaxşılaşdırılması,
şəhər və
yaşayış məntəqələrinin
davamlı inkişafı
sahələrində əldə
etdiyi tərəqqi ayrıca vurğulanıb.
Sülh və davamlı inkişaf bir-biri ilə sıx bağlıdır və bir-birini gücləndirir. 2030-cu ilədək Dayanıqlı
İnkişaf Gündəliyində
BMT-yə üzv dövlətlər inkişaf
üçün sülhün
vacibliyini yekdilliklə
qəbul edib. Hazırda Azərbaycan münaqişədən
zərər çəkmiş
ərazilərində əsaslı
yenidənqurma və bərpa işləri aparır, ən qabaqcıl standartları, alətləri və texnologiyaları tətbiq etməklə fəaliyyətini
ardıcıl şəkildə
genişləndirir və
sürətləndirir. Davamlı inkişaf prinsiplərini rəhbər tutaraq azad olunmuş ərazilərdəki dirçəliş
prosesi ölkənin Davamlı İnkişaf Məqsədlərinə daha
da yaxınlaşmasını
təmin etmək baxımında Azərbaycan
üçün mühüm
əhəmiyyət daşıyır.
Bu baxımdan
Azərbaycanın COVID-19 pandemiyasının
nəzarətdə saxlanılması
üçün vaxtında
gördüyü təsirli
və adekvat tədbirlər Ümumdünya
Səhiyyə Təşkilatı
tərəfindən də
yüksək qiymətləndirilir. Azərbaycan pandemiyaya, “peyvənd millətçiliyi”nə
qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi
istiqamətində də mühüm qlobal təşəbbüslərlə
çıxış edib. BMT Baş Assambleyasının Xüsusi
Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun
bariz nümunələridir. Həmrəylik
əlaməti olaraq koronavirusla
mübarizəni dəstəkləmək məqsədilə
Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə
Təşkilatı vasitəsilə 80-ə yaxın ölkəyə
maliyyə və humanitar yardımı
göstərib. Azərbaycan, həmçinin qlobal
tədbirlərlə bağlı konkret
tövsiyələr hazırlaya biləcək BMT-nin
COVID-19-dan sonra Qlobal Bərpa
üzrə Yüksək Səviyyəli Panelinin
təsis edilməsi təşəbbüsü ilə
çıxış edib. Bundan başqa,
Azərbaycan Qoşulmama Hərəkatına
rəhbərlik edən ölkə kimi postpandemiya dövrünün
müzakirəsi üçün Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti
yüksək səviyyəli iclasının təşkil edilməsi
üzərində çalışır.
Azərbaycan.-
2022.- 19 mart.- S.2.