Milli ruhumuzun təcəssümü
Novruz qədim zamanlardan xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunmuş, təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bayram sayılmışdır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan bu el bayramı insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır.
Novruz 2009-cu ildə UNESCO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına çoxmillətli nominasiya kimi (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) daxil edilmiş, 2010-cu il fevralın 23-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 64-cü sessiyasında martın 21-i dünyada Beynəlxalq Novruz Günü elan olunmuşdur. 28 noyabr-2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da bu nominasiyaya qoşulmuşdur.
İlk baxışdan bunlar bəlkə də adi faktlar kimi görünə bilər. Amma böyük zəhmət hesabına başa gəlmiş belə bir mədəni nailiyyətin mühüm əhəmiyyəti var. Bu, ilk növbədə Novruz bayramının bəşəri mənəvi abidə kimi əbədiyyət qazanması, dünya miqyasında daim böyük maraq doğurması, öyrənilməsi, təbliği deməkdir. Eyni zamanda xalqımızın və ümumən bir çox Şərq xalqlarının Novruz kimi mənəvi sərvətinə bütün dünyanın verdiyi qiymətdir.
Milli-tarixi irsə bağlılıq
Novruz bayramı bütün dünya xalqlarının təxminən üçdəbiri üçün həm də müştərək olan astroloji göstərici eyniliyini tənzimləyən, planetin böyük bir hissəsində Yerin Günəş ətrafında hərəkəti ilə bağlı fəsillərin əvəzlənməsi - qışın ötüb yazın gəlməsi, gecə və gündüzün bərabərləşməsi, yeni günün başlanması ilə əlamətdar olan bayramdır. Belə əzəli kökə və tarixə malik olan Novruz zaman-zaman özünün yüksək mədəni dəyərlərini böyük sürətlə yaxın və uzaq ellərə yaymış, bir çox etnos, tayfa və xalqları öz bayram ənənələri ətrafında birləşdirə bilmişdir.
Novruz bayramı etiqadlarında insanlara qayğı, diqqət, ədalət idealları başlıca yer tutur. Cəmiyyətdə bərabər, rahat yaşam tərzi formalaşdırmağa, xəstələrə, yaşlılara, kimsəsizlərə əl tutmağa çağırış ifadə olunur. Bu məqsədlə də bayram günlərində min bir nemətlə zəngin xonçalar bəzədilir, insanlar bir-birinə müxtəlif bayram payı, bayram şirniyyatı və digər Novruz nemətləri göndərirlər. Ehtiyacı olanlara yardımlar aparılır və beləliklə də, bütün el-oba tam şəkildə bayram şənliklərinə qatılır.
Prezident İlham Əliyev Novruz bayramını birmənalı şəkildə milli xüsusiyyətlərin - milli varlığın qorunma vasitəsi hesab edir. Bu yanaşma çağdaş Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir.
Yaddaşa qayıdış: bol bəhrəli yeni mövsüm
Bu bayramın “yeni ruzi”, “yeni zəhmət” mövsümü kimi qəbul olunması xalqımızın əməksevərliyindən, halal zəhmətə bağlılığından irəli gəlir. Düşüncəyə görə, Novruzda təbiət oyanır. Torpaq Günəşin şüası ilə isinir. Bol bəhrəli yeni bir mövsümə hazırlaşır. Həyat yenilənir. İnsanın ruhu təzələnir. Hər kəs bu bayramda, Novruz çərşənbələrində gələcəklə bağlı niyyətlər edir, arzular tutur. Onların həyata keçəcəyinə qəlbən inanır.
Novruzla bağlı görüşlər ulu əcdadın, ilkin insanın yaranmasında iştirak edən su, od, yel və torpaq inancı ilə bilavasitə əlaqədardır. Bu, törəniş düşüncəsidir. Belə bir düşüncə mərasim folklorunda aydın şəkildə öz əksini tapıb. Törəniş düşüncəsini formalaşdıran ünsürlərin çoxuna Novruzun silsilə miflərində, nəğmələrində təsadüf edə bilərik. Novruz çərşənbələrinin hər birində insana uğur və xoşbəxtlik gətirən rəmzləri, ümid və inamı görürük. Bu mənada Novruz insanın öz başlanğıcına qayıdışıdır. O, qəlbən əmindir ki, öz xoşbəxtliyini, uğura doğru yolun başlanğıcını həyatı əmələ gətirmiş dörd ünsürdə tapa bilər. Buna görə Novruzun dörd çərşənbəsinin hər biri də bu ünsürlərlə bağlıdır.
İlk çərşənbə Su çərşənbəsidir. Bu çərşənbə baharın hərarətli nəfəsi duyulduqca, torpaq isindikcə, qarlar-buzlar əriyib bulaqlara, çaylara qarışdıqca daha da gurlaşan axar suları simvolizə edir. Axar su torpağa bərəkət gəririr. Həyatı saflaşdırıb duruldur. İnsan öz düşüncələrini, niyyətlərini, mənəvi dünyasını da axar suya çəkir. Mənən təmizlənməyə çalışır. İnanca görə, Novruzda axar suyun üzərindən atılmaqla insanlar ötənlərin günahlarından, sıxıntılarından qurtarmış olurlar. Bundan başqa, bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi yatmazdan əvvəl bir-birinin üstünə su çiləyirlər. Deyilənə görə, axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır. Hətta ağaclar da yerə əyilib budaqları ilə suya toxunur. Əgər axır çərşənbədə hər kəs bu sudan içsə, onlar təzə ildə bütün xəstəliklərdən uzaq olurlar.
İkinci Od çərşənbəsidir. Ulu əcdadlarımıza aydın idi ki, üzü bahara doğru Günəş yavaş-yavaş torpağı qızdırır, onu əkin üçün hazırlayır, bərəkətləndirir. Onlar oda insanın ötən dövrlə bağlı sıxıntılarını külə çevirən, torpaqla birgə ağırlığını-uğurluğunu götürən güc kimi baxardılar. Od çərşənbəsində tonqallar qalayardılar. Müxtəlif nəğmələrlə, rituallarla tonqalın üstündən atlanardılar. Bütün bunlar günümüzə qədər davam edir. İnsanın qədimlərdən üzü bəri tonqaldan atlanması onun yaşamağa inamını, həyatındakı qayğılardan qurtuluşuna əminliyini ifadə edib. Tarixən Odlar yurdu kimi tanınmış Azərbaycanda odun çox böyük mənası var. Od saflaşmadır, mənəvi təmizlənmədir. Həyatın güc-enerji qaynağıdır. Dağ başında qalanan ocaq həm də kənara ötürülən bir ismarıcdır. Hər hansı təhlükəni birlikdə adlamaq üçün kömək çağırışıdır. Bayrama, şadyanalığa, əlamətdar bir törənə dəvətdir. Od, ocaq yerləri yurdun nişanəsidir. Ona görə odun Novruz atributları sırasında da xüsusi yer tutması təsadüfi deyil.
Novruzun üçüncü çərşənbəsi Yeldir. Bahar nəfəsli yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış, yaza həsrət gülləri tərpədir. Tumurcuqlanan ağacları hərəkətə gətirir. Yel həyatımızda baş verən dəyişikliklərin sorağıdır. Təbiətin canlanmasının əlamətidir. Burada insanın azad ruhunun, bahar mehinin ardınca arzularına doğru qanad açmasının da müəyyən simvolik izləri var. Yel bütün dərdi-səri, üzərimizə düşən ağırlığı, yükü çəkib aparır, deyirlər.
Dördüncü çərşənbə isə Torpaq çərşənbəsidir. Bu çərşənbə artıq su ilə yumşalan, Günəşin hərarəti ilə isinən torpağın əkilib-becərilməyə hazırlığına dəlalət edir. Bu çərşənbə insana əkib becərmək üçün hazırlığını görmək, əkinçi əlinin sığalını gözləyən torpağın bərəkətindən faydalanmaq üçün bir çağırışdır.
Novruz çərşənbələri arasında ən mühümü İlaxır çərşənbə hesab olunur. Bu çərşənbə öz qədim ənənələri ilə xüsusən zəngindir. Həmin gün küsülülər barışır. Doğmalar bir-birinə qonaq gedir, xoş arzularını yetirir, bayram sevinclərini bölüşür. Bayram süfrəsi ətrafında bir araya gəlir. Xoş ülfət, ünsiyyət insanları bir-birinə daha da yaxınlaşdırır, doğmalaşdırır. Ailələrin, nəsillərin yeni davamçıları da belə görüşlərdə bir-birini tanıyıb isinişirlər. Doğmalıqlarının fərqində olurlar. Beləliklə, nəsillər arasında rabitə itmir və daha da möhkəmlənir.
Mifik təfəkkür dünyasından soraq
Novruz bayramı xalqımızın süfrə mədəniyyətini, milli mətbəximizin zənginliklərini də özündə əks etdirir. İnsanlar imkanları çatan qədər zəngin bayram süfrəsi açmağa çalışırlar. Təbii ki, bu düzəni şirniyyatlarsız təsəvvür etmək olmaz. Bayramda bişirilən şirniyyatların çoxu da qədim əcdadlarımızın mifik təfəkkür dünyasından bir soraqdır.
Novruz başdan-başa yenilik, təzələnmə bayramıdır. İnsanlar çox halda evdəki köhnə əşyaları təzələyirlər. Əvvəllər valideynlər övladlarına nəsə təzə geyim, pal-paltar, əşya almaq istəyəndə bunu mütləq Novruz bayramına salardılar. Bu, arxetipik şüurla bağlı idi: yəni burada başdan-başa təzələnmə nəzərdə tutulurdu. Elə bu mənada Novruzun əsas mahiyyəti təzələnmə, yenilənmədir.
Novruz həm də xeyrin şər üzərində qələbəsini simvollaşdırır. Biz 2020-ci ildə bu simvolu həyatımızda, Zəfər tariximizdə yaşadıq. 44 günlük Vətən savaşımız nəticəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Düşmən illərdir işğal altında saxladığı torpaqlarımızdan qovuldu. Xeyir şər üzərində qələbə qazandı. Hər zaman qəlbimizdə yaşayan ümid, qalibiyyət əzmi, yenilik ruhu, haqqa-ədalətə inam hesabına Azərbaycan ən böyük arzusuna çatdı. Bu, bizə Novruzun təlqin etdiyi mənəvi keyfiyyətdir.
El bayramı xalqın müqəddəs etiqadına söykənməklə özündə böyük bədii-estetik, mifik, mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir zamanda Novruz daşıdığı bütün məna və rəmzləri ilə xalqımızın tarixi-mədəni irsə son dərəcə bağlı olduğunu parlaq şəkildə nümayiş etdirir. Azərbaycan xalqı bu keyfiyyətləri, dəyərləri hər zaman yaşadacaq və bütün dünyada xoş bir nümunə yaradacaq.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2022.- 16 mart.- S.10.