Tarixin özü qədər qədim Novruz atributları
Novruz günləri bir az soyuqlu, yağışlı, çiskinli və qarlı günlərə təsadüf etsə də, COVID-19 pandemiyasının çətinliklərinə baxmayaraq, insanlar bu günü könül xoşluğu və xüsusi ovqatla qeyd edirlər. Bunun başlıca səbəbi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Milli Ordumuzun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının 30 illik erməni işğalından azad edilməsidir.
Qəsbkar erməni tapdağından xilas olmuş dədə-baba torpaqlarımızda çiçək açan adi bir gül də, tumurcuq bağlamaqda olan kol da, ağac da, aləmi al-yaşıla bürüyən cəmən də, çiçək də, bir sözlə, yer də, göy də sevinc içindədir. Bu sevincin, bu azadlığın dadı-ləzzəti Qarabağ bölgəsində, xüsusilə qədim Şuşada, Ağdamda, Füzulidə, Hadrutda, Kəlbəcərdə, sərhəd bölgələrimizdə hərbi hissələrdə dalğalanan üçrəngli bayrağımızın müşayiəti altında bayram tonqallarının şaxə qalxan dillərində daha əzəmətli, daha möhtəşəm görünür.
Çoxmillətli ölkəmizin bütün bölgələrində Novruz böyük sevinclə, şən əhvali-ruhiyyə ilə qarşılanır. Hər yerdə səliqə-sahman, təmizlik işləri aparılır, evlərdə səməni göyərdilir, paxlava, şəkərbura bişirilir, xonçalar bəzədilir. Diqqətçəkən məqam isə odur ki, bayram günlərində Heydər Əliyev Fondunun dəstəyi və yerlərdə şəhər, rayon icra hakimiyyəti aparatı nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin, qazilərin, kimsəsiz və imkansızların qapısı döyülür, onlara bayram təbrikləri və Novruz sovqatları çatdırılır.
Bu sovqatların ən önəmli atributlarından biri səmənidir. Səməni bayram ərəfəsində dənli bitkilərdən cücərdilir. Bayram boyunca demək olar ki, bütün süfrələrdə səməni olur. Bu səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin, təbiətin, həyat və bolluğun rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. İnsanlar səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulayaraq, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı oxumaqla xoş günlərə inamını ifadə edirlər. Novruzda papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, yumurta döyüşdürmək bayramın əsas atributlarındandır.
Novruzun digər rəmzlərindən
biri boyanmış yumurtadır. Yumurta oval, dairəvi formada olduğundan qalaktikanı təmsil edir. Yumurtanın
ağ, göy,
yaşıl, qırmızı
boyanması hələ
nənə-babalarımızdan dörd fəslin rəmzi, əmin-amanlıq
kimi yozulur.
Novruzda xüsusi
şirniyyatlar, o cümlədən
qoğal, şəkərbura,
paxlava bişirilir. Qoğal - Günəşin,
şəkərbura - Ayın,
paxlava isə - alovun rəmzi sayılır.
Novruz şənliklərinin
əsas personajları
təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı
bayrama xüsusi ovqat verir. Kosa və Keçəl
obrazları qışla
yazın mübarizəsini
əks etdirir: Kosa torpağın rəmzidir, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa - torpaq ölmür,
dirilir, təbiət oyanır. Axı hər şeydən
əvvəl bu şənlik əkinçilik
bayramını əks
etdirmək üçündür.
Keçəllə Kosanın məzhəkəli
tamaşası müqabilində
yazla qışın bir-birilə mübarizəsi
əks olunur. Qış öz
yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri
əldə etməyə
çalışır. Kosa ilə Keçəlin məzhəkəsinin rəmzi
bundan ibarətdir.
Çox
qədim mənbələrdə
Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlarda
açıq havada keçirilən meydan tamaşalarını gözəlləşdiriblər.
Bu personajlar barədə
tanınmış pedaqoq
və teatr xadimi, Xalq artisti
Hüseynqulu Sarabskinin
“Köhnə Bakı”
əsərində yazılanlar
Novruz ənənələrinin
orijinal variantına yaxındır, onların oyunbazlığı həmin
əsərdə öz
əksini tapıb.
Ümumiyyətlə, hazırda Novruz bayramı otuzdan çox xalq tərəfindən qeyd edilsə də, onun ənənələri
ən dərin və düzgün şəkildə məhz Azərbaycanda qorunub saxlanılır. Buna
nümunə kimi Novruz
mərasimlərinin başlıca atributlarından olan “Kosa-kosa”
tamaşasını göstərmək olar.
Bu tamaşa yalnız
Azərbaycan Novruzuna mənsubdur. Onun indi göstərilən
variantında Kosa ilə Keçəl sanki zarafatlaşırlar. Ancaq tamaşanın qədim formasında onlar bir-biri ilə mübarizə aparırlar.
Tamaşanın Cənubi Azərbaycanda mövcud olan variantlarından birində
qara paltar geyinmiş Keçəl qışın, qaranlığın,
şər qüvvələrin
simvoludur. Keçi dərisindən kürk geyinmiş
Kosa isə yayı, istini, bərəkəti və işıqlı qüvvələri
təmsil edir. Əlində
qara bayraq fırladan Keçəl müxtəlif qorxunc hərəkətlər edərək
sanki uçur. Bununla da o, dünyada öz hökmranlığını
göstərmək istəyir.
Soyuqdan donan Kosa isə
ətrafdakı odun parçalarını bir yerə toplayaraq, tonqal qalamaq istəyir. Keçəl hər vəchlə
ona mane olmağa çalışır. Ancaq Kosa
tonqalı alovlandıra
bilir. Şər qüvvələr işıqdan, oddan qorxduqlarına görə
Keçəl qaçıb
yaxınlıqdakı divarın
arxasında gizlənir.
Kosa onu vurub “öldürür”
və əlindəki qara bayrağı da alıb tonqalın
üstünə ataraq
yandırır. Ətrafdakı insanlar da tonqalın
başına toplanaraq,
isinməyə və şənlənməyə başlayırlar.
Folklorşünasların açıqlamasına görə,
Bahar qızı bayram atributlarına edilmiş son əlavələrdən
biridir. O, bayram rəmzlərini daha da genişləndirib. İdeoloji təbliğat və Qar qıza uyğun
olaraq belə bir personajı əvəzləyən və
yazın gəlişini
ifadə edən Bahar qızı Novruz rəmzlərində
məmnunluq doğuran
yenilikdir.
Əsrlərin sınağından çıxmış
mənəvi dəyərlərimizi,
adət-ənənələrimizi özündə yaşadan
Novruz həm də sülh, əmin-amanlıq və dostluq bayramıdır. Hər il Prezident
İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq
və tövsiyələri
ilə Novruz bayramı qəlbi vətən məhəbbəti
ilə döyünən
soydaşlarımız və
diaspor təşkilatları
tərəfindən ölkəmizin
hüdudlarından kənarda
da böyük təntənə ilə qeyd edilir. Vətən
müharibəsində qazanılan
möhtəşəm zəfər
qələbəsinin sevinci
ilə həmahəng,
könül xoşluğu
və qürurlu duyğularla
qeyd etdiyimiz tarixin özü qədər qədim Novruz bayramını dünyanın bir çox xalqı baharın gəlişi, təbiətin oyanışı
kimi bayram edir.
Rəhman SALMANLI,
Azərbaycan.-2022.- 16 mart.- S.10.