Tullantıların abad səltənəti

 

 

Hər gün atılan zibillər təkrar emal edilərək yeni əşyalara, mühüm xammala necə çevrilir?!

 

 

 

Bir vaxtlar neft gölməçələri və nəhəng zibilxanaların əhatəsində olan bu ərazi bəlkə də Bakının görkəmcə ən yoxsul, ən miskin ünvanı sayılırdı. Ucu-bucağı görünməyən zibilxanada yandırılan əşyaların tüstüsü Bakının şimal küləyinə qarışıb ətrafa insanı boğan üfunət dolu qoxu yayırdı. Hər tərəfi tüstü-dumana bürünən bu ərazi insan sağlamlığına zərər vuran ən təhlükəli məkan idi.

Lakin indi həmin acınacaqlı vəziyyətdən əsər-əlamət qalmayıb. Elə bil 10 il öncəki məkan deyil bura. Hər tərəfdə ağaclar əkilib, yaşıllıq içərisində müasir poliqon qurulub. Əraziyə daxil olanda isə tam fərqli mənzərəyə şahidlik edirsən. Bura indi müasir sənaye mərkəzinə çevrilib. Söhbət köhnə Balaxanı zibilxana poliqonundan gedir...

Buraya səfərimizin məqsədi isə 2012-ci ildə Prezident İlham Əliyevin açılışını etdiyi Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun fəaliyyəti, aparılan çeşidləmə əməliyyatı və gündəlik həyatımızda istifadəyə yararsız olduğuna görə zibil qablarıına atdığımız əyşaların təkrar emaldan keçərək tam yeni xammala çevrilmə prosesini izləmək idi.

 

 

 

Heç bir tullantı itkiyə getmir

 

 

 

İlk növbədə zavodun ümumi təhlükəsizlik qaydalarına riayət edərək maska, dəbilqə və jileti geyinib şəhərin zibil qutularından yığılan tullantıların gətirildiyi yerə - qəbul məntəqəsinə doğru irəliləyirik. İlkin çeşidləmə buradan başlanır.

 

Maşınların daşıyıb gətirdikləri tullantılar kranla lentli konveyerə boşaldılaraq irihəcmli zibillərin, böyük karton və digər əşyaların ayrılması prosesi işçilər tərəfindən həyata keçirilir. Xeyli müddətdir burada çalışan Məmməd Məmmədovla söhbətləşirik. Məmməd deyir ki, iş şəraitləri ağır görünsə də, ekoloji sistemə faydalı olmaq, insanların lazımsız zənn etdikləri zibilləri ayıraraq onları yenidən istifadəyə yönləndirmək çox maraqlı prosesdir. Xoşagəlməz qoxular artıq onlarda narahatlıq yaratmır, zibillərdən əldə edilən xammal və görülən işin müsbət nəticələri onların əsl stimul mənbəyi olur.

 

Çeşidlənmə zavodunun direktor müavini Şaiq İsgəndərov qeyd edir ki, sosial və ekoloji cəhətdən kifayət qədər uğurlu olan bu layihənin hesabına heç bir tullantı itkiyə getmir: “Hazırda pilot layihənin icrasını yerinə yetiririk. Qalaqlanan bu zibillər də həmin layihədən nümunələrdir. Layihənin aid olduğu Bakının Nəsimi, Nizami, Nərimanov və Yasamal rayonlarına yerləşdirilən müvafiq rəngli qutulara çeşidlənmiş zibillər atılmalıdır. Ancaq hələ ki, əldə etdiyimiz nəticələr qənaətbəxş deyil. İnsanlar tullantılarını çeşidləməli, yerləşdirilən qutulara doğru şəkildə atmalı olduqlarını bilməlidirlər”. Təbii ki, zavodun işlərini asanlaşdırmaq və mənasız vaxt itkisinin qarşısını almaq üçün prosesə dəstək məqsədilə hər bir ailə tullantılarını çeşidləməyə evindən başlamalıdır. Belə olan halda görülən işlər tam qaydasında olar.

 

 

 

Əllə çeşidləmə, tapılan qiymətli əşyalar...

 

 

 

Zavodla tanış olmağa davam etdik. Lentli konveyerlərlə zibillər yuxarıya - zavodun daxilinə daşınır. Burada maqnit və ələk avadanlıqları yerləşdirilib. Tullantıların içərisinə atılan metal əşyalar da təkrar emal üçün uyğun vasitələr hesab olunur. Onlar xüsusi maqnit qurğusu ilə sovrularaq ayrılan müvafiq yerə yola salınır. Daha sonra ələkli hissədən keçib ayrılan xırda ölçülü yararsız parçalar konteynerlərə daşınaraq yandırılmaq üçün başqa zavoda göndərilir.

 

Yerdə qalan zibillər konveyerlərlə əllə çeşidlənən yerə - kabinəyə gətirilir. Həmin kabinədə zavodun işçiləri mexaniki üsulla çeşidləməni həyata keçirirlər. Lentli konveyerlərin sağ və sol istiqamətlərində işləri icra edənlərin müxtəlif öhdəlikləri var. Başlanğıc hissədə dayananlar kabinəyə daxil olan qalaq tullantıları yayır, irəliyə doğru isə hər bir işçi çeşidləmə prosesini yerinə yetirir. Plastik, dəmir, şüşə qablar, kağızlar, kartonlar, butulkalar və yenidən istifadəyə yararlı digər tullantılar seçilərək ayrı-ayrı konteynerlərin içinə yığılır.

 

Kağızları çeşidləyən Sülhiyyə bildirir ki, daxil olan tullantılardan seçilməli olan əşyalara xüsusi nəzər yetirilir: “Burada işlədiyim müddətdə qiymətli və dəyərli əşyalar da tapmışam. Bu yaxınlarda zibillərin arasında aşkarladığım şəxsiyyət vəsiqəsi isə sahibinə geri qaytarılıb”. Kabinədə olan müddətdə müşahidələrimiz əsasında deyilənlər öz əksini tapdı. Həqiqətən də, işçilər bircə tullantını belə gözlərindən qaçırmır, onları yaxşıca çeşidləyərək müvafiq konteynerlərə daxil edirlər.

 

 

 

İşçilərin sağlamlığı və təhlükəsizliyi tam qorunur

 

 

 

Kabinədə təhlükəsizlik məsələsinə məsul olan Neman Dəmirovla söhbətimiz zamanı kollektivin kifayət qədər mehriban və səmimi olduğunu öyrəndik. Burada hamı bir ailə kimidir: “Təhlükəsizliyin təmin olunması mənim səlahiyyətimdədir. Zibillər məişət tullantılarından ibarət olsa da, onların arasında bəzən qumbaralara, silah-sursatlara da rast gəlinir. İşçilərə belə situasiyalarla qarşılaşacaqları zaman davranış qaydalarına dair təlimatlar veririk. Təhlükəli əşya aşkar edildiyi təqdirdə konveyerin hərəkəti dayandırılır, lazımi tədbirlər görülür. Növbəti mərhələdə isə tapılan əşya polisə təhvil verilir”.

 

Daim hərəkətdə olan konveyerləri izləmək kifayət edir ki, tullantıların kabinədən sonrakı dayanacağını tapa biləsən. Belə ki, kabinədəki çeşidləmədən sonra qalan yararsız tullantılar lentlərlə daşınaraq konteynerlərə yığılır. Lazımi yüngül fraksiyalı tullantılar yandırılma zavoduna yönləndirilir. Digərləri poliqona aparılaraq basdırılır.

 

Burada əsas məqamlardan biri isə ayrılan tullantıların paketlənib rezidentlərə təqdim edilməsidir. Çeşidlənmə zavodunda olan avadanlıqlardan biri də məhz bu funksiyanı yerinə yetirir. Yararlı məhsullardan olan karton, kağız, butulka və s. presləmə avadanlığına daxil edilərək briketlənir və rezidentlərə təqdim olunmaq üçün hazır vəziyyətə gətirilir.

 

 

 

Ecazkar tullantılarla bəzədilən guşə

 

 

 

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun maraqlı guşələrindən biri də qeyri-adi əşyaların nümayiş olunduğu kiçik muzeydir. Girişdə “Təmiz Şəhər”in digər layihələrindən olan Qalada “Tullantıdan sənətə” adlı beynəlxalq sərgidə nümayiş olunan möhtəşəm əsərlərdən ikisinin rəsmi yer alır. Yeri gəlmişkən, layihə 2012-ci ildən həyata keçirilir. Sərgidə yerli incəsənət nümayəndələri ilə yanaşı, dünyanın 40-dan çox ölkəsindən gələn sənətkarların tullantılardan yaratdıqları heyrətamiz əsərləri də görmək olur.

 

Tullantılar içindən dəmir pullar da tapılır. Təkcə ötən il ərzində zavodda maqnit qurğusu ilə 151 kiloqram dəmir pul aşkarlanıb. Bu pullar xeyriyyə məqsədilə ehtiyacı olanlara verilib. Bəzən də tapılan pullar ehtiyacı olan uşaqların arzularının gerçəkləşdirilməsi istiqamətində görülən işlərə xərclənir.

 

Burada olarkən belə qənaətə gəldik ki, “Təmiz Şəhər” ASC bərk məişət tullantılarının yerləşdirilməsi, zərərsizləşdirilməsi və təkrar emala cəlb edilməsi ilə şəhərin ekoloji, iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və sənayenin inkişafına yüksək töhfə verir.

 

 

 

Xammalın yenidən istehsalı

 

 

 

İllik 200 min ton tullantı qəbul etmək gücündə olan bu zavod çeşidlənmənin aparılması nəticəsində onların ümumi həcmini azaldır, Balaxanı Sənaye Parkı üçün ucuz xammal bazası formalaşdırır və ölkədə təkrar emal işinin qurulmasına münbit şərait yaradır. Zavodda təkrar emal üçün yararlı olan kağız, şüşə, plastik, metal və digər xammal ümumi kütlədən ayrılaraq təkrar emal müəssisələrinə göndərilir.

 

Çeşidlənmə prosesi ilə hərtərəfli tanış olduqdan sonra zavoddan qismən aralıda yerləşən Balaxanı Sənaye Parkına yollandıq. Parkın Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonuna, tullantıların çeşidlənməsi və yandırılması zavodlarına, o cümlədən əsas nəqliyyat qovşağına yaxın olması logistika, xammal və enerji təchizatının əldə edilməsinə, eləcə də istehsal olunmuş məhsulların asanlıqla satış bazarına çıxarılmasına səbəb olur. Tullantıların təkrar emalı ilə məşğul olanlar üçün yaradılan park həmçinin rezidentlərə bir çox güzəşt də təklif edir. Hazırda burada fəaliyyət göstərən müəssisələr 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən və 7 il müddətinə istehsal məqsədilə idxal edilən texnika, texnoloji avadanlıqlar isə ƏDV və  idxal rüsumlarından azad edilib.

 

Hazırda sənaye parkına artan maraq nəticəsində 27 fəaliyyət sahəsi üzrə 17 müəssisə tullantıları təkrar emal edərək müxtəlif məhsullar istehsal edir. Yaradılan vaxtdan, yəni 2017-ci ildən rezidentlər tərəfindən əraziyə 44,8 milyon manat investisiya qoyulub və 800-dən çox yeni iş yeri açılıb. İndiyə qədər burada 99,5 milyon manatlıq məhsul istehsal olunub, 12,2 milyon manat dəyərində məhsul Rusiya, Belarus, Ukrayna, ABŞ və bir neçə Avropa ölkəsinə ixrac edilib.

 

Bu sənaye parkında fəaliyyət göstərən müəssisələrin xammalı əsasən tullantılardır. “Çapar” şirkətinin sahibi Etibar Eminov qeyd edir ki, tullantıdan əldə olunan kağızlar demək olar ki, tamamilə təkrar emala yararlıdır. Ümumilikdə aylıq 25 ton tullantı şirkət tərəfindən yenidən həyata qaytarılır. Müəssisəni gəzərkən bir çox məşhur şirkətin kağız örtüklərinə, qutularına, tort qabılarına da rast gəldik.

 

“Metak” şirkətinin təkrar emal zavoduna daxil olduqda isə rəngarəng taralar sanki böyük sədlər yaradır. Şirkətin əsas faəliyyət istiqaməti tullantılardan plastik taralar istehsal etməkdir.

 

Əslində, bütün bunlar əziyyətli iş olsa da, insan sağlamlığının qorunmasına, Azərbaycan sənayesinin inkişafı prosesinə böyük dayaqdır. Vaxtilə məişət tullantısı kimi Balaxanıya yığılan tonlarla zibil yandırılıb külü havaya sovrulurdusa, indi tullantılar həm təkrar emal edilib xammala çevrilir, həm də onları yandırmaqla elektrik enerjisi alınır. Buna bir ad vermək olar - tullantıların abad səltənəti.

 

 

Aydan XƏLİLOVA,

Azərbaycan.-2022.- 16 mart.- S.11.