Qalib xalqın nümayəndələri

 

Həm idmançılarımız, həm də digər gənclərimiz beynəlxalq tədbirlərdə  müzəffər Azərbaycan dövlətinin təmsilçiləri kimi iştirak edirlər

 

Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş Güləş üzrə VII Avropa Çempionatının iştirakçılarını qəbul etdi. Gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atıblar, Vətənə 7-si qızıl olmaqla, 16 medalla dönüblər.

Bu uğur, ilk növbədə Azərbaycanda həyata keçirilən idman siyasətinin təcəssümü idi. Digər tərəfdən, bu qələbə mütərəqqi gənclər siyasətinin göstəricisidir. Bu siyasətdən bəhrələnən Azərbaycan gənci hər bir beynəlxalq platformada dövlətimizi layiqincə təmsil edir.

 

Ali diqqətin və qayğının təcəssümü

 

Respublikamızın inkişaf strategiyasına uyğun olaraq idman da dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi sürətlə inkişaf edir. Təsadüfi deyil ki, ötən illərdə hər bir sahədə olduğu kimi, Azərbaycanda idmanın tarixində də şərəfli səhifələr yazılıb, ölkəmizdə idmanolimpiya hərəkatının inkişafında böyük canlanma müşahidə olunub.

Respublikamızda 50-yə yaxın olimpiya idman kompleksinin fəaliyyət göstərməsi, idmanın ayrı-ayrı növləri üzrə müasir komplekslərin yaradılması bu siyasətin uğurla həyata keçirilməsindən xəbər verir.

Bu qayğını yüksək dəyərləndirən gənclərimiz üzərlərinə düşən vəzifələri layiqincə doğruldurlar. İndiyədək Azərbaycan idmançıları dəfələrlə beynəlxalq yarışların qalibləri olublar. Onlar üçrəngli bayrağımızı ucaldıb, himnimizi səsləndiriblər. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Məhz idmançılarımızın qələbələri nəticəsində Azərbaycan dünyada idman ölkəsi, olimpiya hərəkatının inkişaf etdiyi dövlət kimi tanınır.

Dövlət tərəfindən göstərilən diqqət idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Bütün bunlar ali diqqətin və qayğının təcəssümü, Azərbaycanda həyata keçirilən idman siyasətinin, həmçinin idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir.

 

Vətənpərvər gənclik

 

Azərbaycanda gənclərlə bağlı yürüdülən dövlət siyasətinin prioritet məqsədlərindən biri idmanın inkişaf etdirilməsi ilə yanaşı, böyüməkdə olan nəslin vətərpərvər ruhda tərbiyəsi, milli dövlətçilik ruhunda formalaşmasıdır. İdmançılarla görüşdə mühüm məsələlərə toxunan Prezident İlham Əliyev idmanın gənclərin vətənpərvərlik hisslərinin artırılmasındakı rolundan da danışdı. Qeyd edildi ki, idman bu istiqamətdə ən mühüm sahələrdən biri hesab olunur.  “Məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Bizim, əlbəttə ki, güclü ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir”, - deyə Prezident İlham Əliyev güləşçilərlə görüşdə bildirdi.

Bəli, Azərbaycan gənclərinin vətənpərvər ruhda yetişmələri 44 günlük müharibədə torpaqlarımızın azad edilməsində də öz sözünü dedi. Bu savaşda qazanılan parlaq hərbi Zəfərin təməlində dayanan əsas amillərdən biri Azərbaycan gənclərinin vətənə, torpağa bağlılığı oldu. Müharibənin ilk günündən gənclərimiz silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşa qalxdılar və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər sevincini xalqımıza yaşatdılar.

Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən, bu yolda müqəddəs şəhidlik məqamına ucalan qəhrəmanlarımızın böyük hissəsi məhz gənclərimiz idi. Həmin gənclər heç vaxt Qarabağı görməmişdilər. Onlar Birinci Qarabağ müharibəsinin şahidi deyildilər. Lakin ölkəmizdə həyata keçirilən gənclər siyasəti onları vətənpərvərlik ruhunda formalaşdırmışdı. Bu baxımdan Vətən müharibəsi Azərbaycan gəncliyinin vətənpərvərliyinin, ən yüksək milli keyfiyyətlərin daşıyıcısı olduğunu təcəssüm etdirdi.

 

İlham ƏLİYEV: “Siz gənclər artıq başqa Azərbaycanı təmsil edirsiniz

 

Müstəqilliyimizin şərəf səhifəsinə, tariximizin qəhrəmanlıq salnaməsinə çevrilən İkinci Qarabağ müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Xalqımız bu müharibədə yumruq kimi bir oldu, vətən torpaqları uğunda ayağa qalxdı. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu müharibə xalqımızın əyilməz ruhunu göstərdi.

44 gün ərzində dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi.  Vətən müharibəsi məğlubiyyət damğasını üzərimizdən götürdü, bizi qalib xalq etdi.

Güləşçilərlə görüşdə Prezident İlham Əliyev bu məsələnin də üzərində dayandı və onların qalib gəlmiş müzəffər xalqı təmsil etdiklərini xüsusi vurğuladı: “Siz gənclər artıq başqa Azərbaycanı təmsil edirsiniz. Siz qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz. Əminəm ki, o arenaya çıxanda sizin ürəyinizdə mütləq bu duyğular olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq, o cümlədən İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar”.

Həqiqətən, qalib dövlətin təmsilçisi kimi çıxış etmək başqa bir hissdir, başqa bir duyğudur. Qalib dövlətin təmsilçisi olmaq həm də böyük  ruh yüksəkliyi, uğurlara aparan yolda mənəvi-psixoloji dəstək və üstünlük deməkdir. Vətən müharibəsindəki tarixi Zəfərlə xalqımız bunları layiqincə təmin etdi.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 19 mart.- S.1; 3.