Saz-söz bayramı

 

Vyanada türk xalqlarının təmsilçilərinin iştirakı ilə Novruz şənliyinin təntənəli keçirilməsi  heç də təsadüfi deyildi

 

Novruz tonqalları bu gün Qarabağımızda - illərlə od-ocağı söndürülmüş doğma yurdlarımızda qalanır. Bu sevinci bizə Müzəffər Ali Baş Komandanımız yaşadır!

Zaman-zaman sazın-sözün beşiyi kimi tanınan Kəlbəcərdə də ordumuzun qəhrəmanları bu günlərdə Novruz tonqalı yandırıblar. Kəlbəcərdə də sazlı-sözlü bayram şənlikləri keçirilir.

Saz-söz şimşəyi” kimi tanınan ustad Aşıq Şəmşirin sənəti illərdir  Kəlbəcərdən uzaq düşsə də, Avropanı heyran qoyub. Daha doğrusu, kəlbəcərlilərin Novruz tonqalı  həm də “dünyanın o başında” şölələnib...

Belə bayram tədbirlərindən biriVyanada fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil edilib. Bayram tədbirində türk xalqlarının diaspor nümayəndələri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bir vaxtlar dağlara-dərələrə hay-haray salan Tərtər çayının sahilində  keçirilən “Saz bayramı-yaz bayramı”nın səs-sorağı Kəlbəcərin işğalından sonra uzaq ellərdən gəlir. Bu dəfə də Dunay çayının kənarında açıq havada təşkil edilmiş bayram tədbirində müxtəlif guşələrdə türk xalqlarına məxsus şirniyyat və təamlar təqdim olunub.

Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin rəhbəri Yardım Günəş Novruz bayramının Azərbaycan və türk xalqları, o cümlədən regionda yerləşən bir sıra xalqların həyatında oynadığı roldan söz açıb. Bildirilib ki, Balkanlardan Uzaq Şərqə kimi geniş məkanda yayılmış türk xalqlarının ortaq bayramıdır Novruz. Onun yaşadılması və ona məxsus adət-ənənələrin gənc nəslə çatdırılması baxımından belə tədbirlərin əhəmiyyəti çox böyükdür: “Baharın müjdəçisi olan Novruzu xaricdə keçirmək, onun ab-havasını yaratmaq bir tərəfdən soydaşlarımızın öz adət-ənənələrini yaşatmasına, digər tərəfdən isə yerli ictimaiyyətdə sülh, dostluq və bərəkət bayramı haqqında ətraflı təsəvvür yaratmağa xidmət edir”.

Avstriyada yaşayan azərbaycanlı müğənni Aysel Quluzadə, tanınmış azərbaycanlı sənətçi Cavid Təbrizli iki qardaş xalqın bəstəkar, xalq mahnılarını, Novruza aid bayram havalarını ifa ediblər. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin dəstəyi ilə tədbirə dəvət edilən gənc aşıq Əli Zeynalabdinovun səsləndirdiyi havalar xüsusi maraqla qarşılanıb.

Bayram tədbirində müxtəlif türk xalqlarının musiqiləri səsləndirilib, qonaqlara milli mətbəx nümunələri və bayram şirniyyatları təqdim olunub. Novruz tonqalı ətrafında davam edən bayram şənliyi həm də dünya xalqlarının birliyinin nümayişi kimi qəbul edilib. Bu da Novruz bayramının multikulturallığının təsdiqidir. UNESCO-nun Mədəni İrs siyahısına əlavə edilən Novruz millətləri və xalqları bir mədəniyyət bayrağı altına toplayan bayram anlamını verir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2022.- 19 mart.- S.7.