Prezident qayğısının real mənzərəsi

 

 

2025-ci ilə qədər mənzillə təmin olunmayan bir nəfər şəhid ailəsi və Qarabağ qazisi qalmayacaq

 

 

 

Azərbaycanda əhalinin sosial müdafiəsinin etibarlı təmin edilməsi, dövlətin bu fəaliyyəti prioritet elan etməsi praktik işdə real təsdiqini tapır.

Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar, iqtisadi gücü daim artan ölkəmizin bu istiqamətdə  məqsədyönlü siyasət kursu sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.

İkinci Qarabağ müharibəsindən keçən bir ildən çox müddətdə Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları da daim diqqətdədir. Dövlət başçısı bu kateqoriyadan olan şəxslərin problemlərinin aradan qaldırılması, bu istiqamətdə ardıcıl tədbirlər görülməsi üçün müxtəlif sərəncam və fərmanlar imzalayıb.

 

 

 

Ötən il şəhid ailələri və qazilərə 3 min mənzil verilib

 

 

 

Şəhid ailələri, qazilərə qayğı hər zaman dövlətin prioritet istiqamətlərindən olub. Müharibə əlillərinin, veteranların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, Vətən uğrunda canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda şəhid ailələrinin mənzil, veteranların avtomobillərlə təmin olunması bu istiqamətdə görülən işlərdir.

 

Bu istiqamətdə atılan ən mühüm addımlardan biri kimi Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli sərəncamına əsasən,  2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsini göstərmək olar. Bununla əlaqədar ötən il 3 min mənzil və fərdi ev şəhid ailələrinə və qazilərə təhvil verilib.

 

Prezident İlham Əliyevin tapşırığı, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə müharibə əlillərinin yüksək texnologiyalı müasir protezlərlə təminatı sahəsində də ardıcıl aparılır. 44 günlük Vətən müharibəsinin 187 qazisi 197 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub. Vətən müharibəsində yaralanmış, sağlamlıqlarını itirmiş şəxslərin müalicəsinə dövlət tərəfindən daim dəstək göstərilir. Bəzi qazilər müalicə üçün xarici ölkələrə göndərilir. Həmçinin Vətən müharibəsində yaralanmış 2500-dən çox hərbçiyə əlillik dərəcələri, Prezidentin aylıq təqaüdü və əlilliyə görə pensiya, yaxud əlilliyə görə müavinət təyin olunub.

 

Şəhid ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların məşğulluğuna dəstək məqsədilə  ötən ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonuna 612 işəgötürən qoşularaq 4 mindən çox vakansiya təqdim edib. Təqdim edilmiş vakansiyalar üzrə qeyd edilən kateqoriyalara aid 1656 şəxs işlə təmin olunub.

 

 

 

Müharibə veteranlarına aylıq təqaüd təyin olunub

 

 

 

Müharibə iştirakçılarına göstərilən dövlət qayğısının bariz nümunələrindən biriPrezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında  sərəncamıdır. Sərəncama əsasən, Müdafiə, Daxili İşlər, Ədliyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında “Müharibə veteranı” adı verilən şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edib, Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti isə bu məlumatları kağız və elektron daşıyıcılarda təqdim ediblər.

 

“Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü təyin edilib. Həmin şəxslərə təqaüd onların müraciəti olmadan, heç bir sənəd təqdim edilmədən, “e-sistem” üzərindən proaktiv qaydada təyin edilib. Təyinatın 2022-ci ilin  yanvarın 1-dən rəsmiləşdirilib və həmin vaxtdan hesablanaraq fevralın 1-dən ödənilməsinə başlanılıb.

 

Dövlət başçısının fərmanları ilə 2021-ci ilin əvvəlindən şəhid ailələri, müharibə əlilləri üçün Prezidentin aylıq təqaüdü orta hesabla 50 faiz, bəzi istiqamətlər üzrə 100 faizə yaxın artırılıb. Həmçinin Milli Qəhrəmanlar üçün təqaüd 1500 manatdan 1800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü 2000 manat təsis edilib.

 

 

 

Qazi və şəhid ailələri üçün bir çox güzəşt və imtiyazlar müəyyən olunub

 

 

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qəzetimizə açıqlamasında bildirib ki, şəhid ailələri və qazilərə qayğı həm dövlət,  həm də cəmiyyət tərəfindən yüksək səviyyədə həyata keçirilir. Bu məsələ Prezident İlham Əliyevin daim diqqəti və qayğısı altındadır. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyeva da daim şəhid ailələrinin yanındadır. Musa Quliyevin sözlərinə görə,  qazilər və şəhid ailələri üçün dövlət tərəfindən bir çox güzəşt və imtiyazlar müəyyən olunub: “Şəhid ailələri 20-yə qədər, qazilər isə 15-dən çox güzəşt və imtiyazlarla əhatə olunub. Onlar dövlət tərəfindən təyin olunmuş yüksək məbləğdə pensiya, təqaüd, müavinət alırlar. Eyni zamanda müvafiq sığorta təminatları həyata keçirilib”.

 

Komitə sədrinin sözlərinə görə, qazilərin müalicəsi ilə bağlı lazımi tədbirlər tam dövlət vəsaiti hesabına həyata keçirilir. İndiyə kimi 100-dən çox qazi yüksək texnologiyalı protezlə təmin olunub. Ehtiyacı olan bütün qazilərə və əlil arabaları da daxil olmaqla digər reabilitasiya vasitələri verilib. Onların minik avtomobilləri ilə də təminolunma prosesi isə davam etdirilir. Ötən il şəhid ailəsi və qazilərə dövlət tərəfindən tikilmiş, hər cür şəraiti olan,  tam təmirli 3 min mənzil verilib. Proses bu ildavam edəcək və ehtiyacı olan ailələr mənzillərlə təmin olunacaq. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2025-ci ilə qədər mənzillə təmin olunmayan bir nəfər şəhid ailəsi və Qarabağ qazisi qalmayacaq.

 

Musa Quliyev deyir ki, yaralıların və əlil olan şəxslərin  yüksək səviyyədə, o cümlədən xarici ölkələrdə müalicəsi də dövlət tərəfindən təmin edilir: Bu qəbildən olan insanların mənzil, məişət problemlərinin həlli üçün Azərbaycan Prezidentinin fərmanına əsasən, ötən ilin yanvar ayında yaradılmış və çox uğurlu fəaliyyət göstərən “YAŞAT” Fondu da fəaliyyət göstərir. Şəhid ailəsi, istər qazi, istərsə də veteranların məşğulluğunun təmin olunması daim dövlətin diqqət mərkəzindədir. Həmçinin “Məşğulluq haqqında” qanuna əsasən, müəssisələrdə bu kateqoriyadan olan vətəndaşların işlə təminolunması üçün müəyyən kvota yer ayrılıb. Həmin şəxslər ilk növbədə işlə təmin olunma hüququna malikdir. Ötən ilin iyun ayından başlamış “Məşğulluq marafonudavam etməkdədir. İndiyə kimi 2 mindən çox şəhid ailəsi və qazi işlə təmin olunub. Bütövlükdə, Qarabağ qazilərinin, şəhid ailələrinin məsələləri kompleks şəkildə həll olunur və dövlət qayğısı bundan sonra da davam edəcək”.

 

Göründüyü kimi, Prezident İlham Əliyevin sosialyönümlü siyasəti Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində məqsədyönlü addımların atılacağına təminat verir. Bu amil 2022-ci ilin dövlət büdcəsində də öz əksini tapıb.

 

 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 16 mart.- S.7.