Qafqaz Müsəlmanları İdarəsinin sədri Novruz bayramı münasibətilə Azərbaycan
xalqını təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təbrikdə şeyxülislam xalqımızı qədim, mübarək Novruz bayram münasibətilə ürəkdən təbrik edib, Allah-Təaladan səadət və rifah, xoş əhvali-ruhiyyə və bayram sevinci diləyib. Qeyd edib ki, Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlarındandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirib. Yaşadığımız hər an, varlığımız üçün Uca Yaradana həmd-səna edən xalqımız Novruzu Allahın böyük lütfü kimi dəyərləndirir. Novruz bayramı Ulu Yaradan tərəfindən xəlq olunmuşların ən alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül, oyanış səadəti yaşadır.
Şeyxülislam təbrikində, həmçinin bildirib: “Allaha çox şükürlər olsun, hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf - Zəfər yolumuzun davamına, azad Qarabağa Böyük qayıdışımıza rəvac verir. Xalqımız firavan sabahının, dinc, sabit həyat və tərəqqisinin təminini dövlətimizin başçısı, Prezident İlham Əliyevin qətiyyət və möhkəm iradə ilə yürütdüyü müzəffər dövlət siyasətində, müdrik islahatlarda, Qarabağda abad həyat quruculuğunda görür və bu uğurlu inkişaf yolunu ürəkdən dəstəkləyir. Dövlət rəhbərimizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizə, İslami irsimizə, ümumbəşəri mədəniyyətə ehtiramlı münasibəti bu gün Qarabağda əsarətdən azad olunmuş dini-mənəvi irs abidələrimizin yenidən təməlinin qoyulması, bərpası sahəsində möhtəşəm quruculuq işlərində öz yüksək təzahürünü tapır. Mədəniyyət mərkəzimiz Şuşadan və azad Qarabağ məscidlərinin minarələrindən azan səslərinin ucalması tarixi, ilahi ədalətin bərpasını tərənnüm edir. Bu mübarək günləri, Cıdır düzündə bayram tonqallarının qalanmasını bizə, bütün xalqımıza yaşatdığına görə Uca Yaradana, qalib xalqımızın və qəhrəman ordumuzun müzəffər Liderinə sonsuz həmd-sənalar edirik! Bu əziz Novruz günlərində Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək bizim vəfa borcumuzdur. Biz Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, yaralılarımıza şəfalar arzulayırıq”.
A.Paşazadə qeyd edib ki, bu əziz günlərdə dünyadan köçənlərə rəhmət diləmək, valideynləri, ağbirçək və ağsaqqalları yada salmaq, imkansızlara, ehtiyacı olanlara yardım etmək, ailə məhəbbətini və dostluq tellərini bərkitmək xalqımızın milli mədəniyyətinin ən gözəl nümunəsidir. Elimizin əziz bayramı ərəfəsində dövlətimizin başçısı tərəfindən atılan sosialyönümlü addımlar hər bir Azərbaycan ailəsinin bayram ovqatını daha da artırır. Dövlətçiliyimizin qüdrəti, dövlətimizin başçısının bölgənin gələcəyini müəyyən edən qətiyyətli siyasəti və xalqımızın iman gücü sayəsində bütün qlobal təhlükə və böhranları adlayacaq, millət olaraq ümid dolu xoşbəxt sabahlara, yeni zəfərlərə yetişəcəyik.
“Bu ilin təqviminə görə, Azərbaycanın üfüqi vaxtı ilə martın 20-si saat 19:33-də il Pələng bürcü üzərində təhvil olacaq. İl təhvili günorta zöhr namazından sonraya təsadüf etdiyi üçün bu il bayram axşamı martın 20-də, mübarək Novruz bayramı isə martın 21-də qeyd olunacaq. Uca Yaradana həmd-səna, süfrələrə xeyir-bərəkət, nemətlərə şükür duaları ilə Novruza qədəm qoyan xalqımızı bir daha təbrik edir, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq arzulayıram. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərində bərqərar etsin, bütün ülvi arzu və xoş niyyətlərimizin gerçəkləşməsini xalqımıza qismət etsin.
Qoy Novruzun qədəmləri mübarək,
xalqımız üçün xeyirlərə
vəsilə olsun! Dualar
edirik ki, Novruzda Yer üzünə
təravət, yeni ab-hava,
torpağa yeni həyat
bəxş edən Uca Allah
müharibələrin dayanmasına, dünyada
sülhün, əmin-amanlığın
bərqərar olmasına rəvac versin!”,
- deyə şeyxülislam təbrikində
bildirib.
Azərbaycan.- 2022.- 19 mart.- S.4.