Naxçıvan iqtisadiyyatı: sürətli və tarazlı inkişaf nümunəsi

 

Müstəqillik illərində regionların iqtisadisosial inkişafı həmişə dövlətin diqqət mərkəzində olmuşdur. Milli iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olan regional inkişafa 2003-cü ildən sonra xüsusi diqqət yetirilmişdir.

Onların iqtisadi inkişafını genişləndirmək, mövcud təbii və əmək resurslarından tam və səmərəli istifadə etmək məqsədilə indiyə qədər 4 dövlət proqramı qəbul edilmişdir.

Bəri başdan bildirək ki, bu yazımızda 2004-2018-ci ilin yekunlarından istifadə etmişik. 3 regional inkişaf proqramının icrasından sonra iqtisadi inkişafın dinamikasını və miqyasını, habelə həlli vacib problemləri müəyyən etmək məqsədilə araşdırma aparmışıq. Məlum olmuşdur ki, 2004-2018-ci illərdə, yəni 3 regional inkişaf  dövlət proqramının icrası üçün, Naxçıvan iqtisadi rayonunda əsas kapitala 9,6 mlyard manata qədər investisiya qoyulmuşdur. 2018-ci ildə 2003-cü illə müqayisədə onun həcmi 15,7 dəfə artmışdır ki, bu da Azərbaycan üzrə orta artım tempindən 4,6 dəfə çoxdur. Bu investisiyaların hesabına milyon manatlarla dəyəri olan 64 qeyri-neft emal sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, infrastruktur obyektləri modernləşdirilmiş, yüzlərlə mövcud müəssisə və istehsal sahələri yenidən qurulmuş və genişləndirilmişdir.

Bakı şəhəri nəzərə alınmadan, ölkənin regionlarında tikilib istifadəyə verilmiş qeyri-neft emal sənaye müəssisələrinin 30 faizindən çoxu Naxçıvan iqtisadi rayonunda yaradılmışdır. Bu dövrdə 57,5 min daimi yeri açılmışdır. Muzdla işləyənlərin sayı 2,3 dəfə artaraq 2018-ci ildə 105,2 min nəfərə çatmışdır. 2018-ci ildə ölkə regionlarından ancaq Bakı şəhərində və Naxçıvan Muxtar Respublikasında sənaye istehsalı 1990-cı ilin səviyyəsinə çatmış və 3,3 dəfə artıma nail olunmuşdur.

Regional tarazlı inkişafın formalaşmasında mühüm amillərdən biri regionun iqtisadi strukturudur. Bu amil regionlarda gəlirlərin səviyyəsinə də təsir edən əsas amillərdən biridir. 2018-ci ildə regionlarda (Bakı şəhəri nəzərə alınmadan) ümumi mal (xidmət) istehsalında sənayenin xüsusi çəkisi 23,3, kənd təsərrüfatının payı 27,8 faiz təşkil etmişdir. Naxçıvan Muxtar Respublikasında isə bu göstərici sənaye üzrə 28,1, kənd təsərrüfatı üzrə 13,4 faiz olmuşdur. Meyar kimi qəbul edilən xidmət sektorunun payı 58,4 faizə çatmış və bu göstəriciyə görə Naxçıvan Muxtar Respublikasını inkişaf etmiş region kimi qiymətləndirmək mümkündür. Muxtar respublikada adambaşına sənaye məhsullarının istehsalı, məsələn, Gəncə-Qazax iqtisadi rayonu ilə müqayisədə 3,4, Quba-Xaçmaz iqtisadi rayonu ilə müqayisədə 7, Aran iqtisadi rayonu ilə müqayisədə 2,9 dəfə çoxdur.

Təbii sərvətlərlə zəngin olan Naxçıvan MR-də Duzdağ yatağının müasir texnikatexnologiya əsasında istismarı təşkil olunmuşdur. Belə ki, 2021-ci ilin ortalarında Duzdağda yeni şaxta istifadəyə verilmişdir. Yeni şaxtaya ağır texnikalar daxil olaraq xammalı şaxtadan çıxara bilir. Bununla da şaxtaçıların  əməyi əhəmiyyətli dərəcədə yüngülləşmişdir. Duz üyüdüldükdən sonra paketlərdə bazarlara təqdim edilir. Naxçıvan duzunun ölkənin digər regionlarında satışını təmin etmək üçün Bərdə şəhərində baza yaradılmışdır. Yenidənqurma işləri başa çatdıqdan sonra müəssisənin istehsal gücü 2 dəfəyə qədər artaraq 15 min ton olacaq.

Çin Xalq Respublikasının texniki dəstəyi ilə Culfa rayonunda Azərbaycanda ilk dəfə olaraq 2021-ci ildə Külək-Günəş Hibrid Elektrik Stansiyası tikilib istifadəyə verilmişdir. Bu gün Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə olan tələbatı tamamilə yerli istehsal hesabına təmin edilir. Özüonun tələbatının 50 faizdən çoxu bərpaolunan enerji mənbələri hesabına ödənilir.

“Azərxalça” ASC-nin Naxçıvan filialının yaradılması nəinki qədim ənənəsi olan xalçaçılıq sənətinin inkişafına şərait yaratmışdır, eyni zamanda yeni yerlərinin yaradılmasına imkan vermişdir. Qeyd edək ki, 2018-ci ildə adambaşına düşən sənaye məhsulunun istehsalına görə Naxçıvan MR ancaq Bakı şəhəri və Abşeron iqtisadi rayonundan geri qalır. Bu da, əsasən, paytaxtda neft sektoru və Sumqayıtda  sənaye parklarının yaradılması hesabına sənayenin üstünlük təşkil etməsi ilə izah edilə bilər.

Azərbaycanda regional iqtisadi siyasətin əsas hədəflərindən biri onların iqtisadisosial inkişafında mövcud olan fərqlərin azaldılması və tarazlığa nail olunmasıdır. Prezidentin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasın”da regionların tarazlı sosial-iqtisadi inkişafını qiymətləndirmək üçün meyar kimi 3 göstərici nəzərdə tutulmuşdur. Onlar adambaşına düşən məhsul (xidmət) istehsalından, investisiyaların həcmindən və əmtəə dövriyyəsindən ibarətdir. Konsepsiyanın hədəflərindən biri də ölkənin iqtisadi rayonları arasında mövcud olan fərqlərin azaldılmasıdır. Paytaxt və regionların tarazlı inkişafı, regionların paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olması, milli gəlirdə onların payının artırılması dövlət başçısının 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair milli prioritetlər”də də nəzərdə tutulmuşdur. Ancaq, bizim fikrimizcə, bu göstəricilər üzrə Bakı şəhəri ilə digər regionları müqayisə etmək düzgün olmazdı. Çünki paytaxtın iqtisadi strukturu neft-qaz sektorunun, ölkənin və transmilli şirkətlərin yerləşməsi hesabına digər iqtisadi rayonlarla müqayisədə çox fərqlidir. Regionların inkişafında tarazlıq səviyyəsini qiymətləndirmək məqsədilə, bizim fikrimizcə, digər iqtisadi rayonlardan birini müqayisə obyekti kimi qəbul etmək və qalan regionları onunla müqayisə etmək lazımdır. Seçilmiş həmin region adambaşına ən yüksək sosial-iqtisadi göstəriciyə malik olmaqla iqtisadi strukturu digər regionlara müəyyən qədər oxşar olmalıdır. Bu gün həmin meyarlara uyğun olan Naxçıvan iqtisadi rayonudur.

Regionların tarazlı sosial-iqtisadi inkişafı və sosial müdafiə sistemi iə bağlı konsepsiyanın hədəflərinin 2014-2018-ci illərdə formalaşmış icra səviyyəsinin araşdırılması əsasında müəyyən edilmişdir ki, 2018-ci ildə 2014-cü illə müqayisədə onların inkişaf göstəricilərində xeyli irəliləyişlərə nail olunmuşdur. Ancaq regionların iqtisadisosial inkişafında tarazlıq hələlik tam təmin edilməmişdir. Onların iqtisadi inkişaf səviyyəsi bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, 2018-ci ildə Naxçıvan iqtisadi rayonu ilə müqayisədə digər iqtisadi rayonlar (işğal altında olmuş regionlar istisna olmaqla) adambaşına məhsul istehsalına görə 1,5-4, əsas kapitala investisiyaya görə 1,1-1,2, pərakəndə ticarət dövriyyəsinə görə 1,4-1,9, əhalinin nominal gəlirlərinə görə 1,1-1,6 dəfə aşağı pillədədir. 2014-2018-ci illərdə iqtisadi rayonların hamısında əhalinin nominal gəlirlərinin artmasına baxmayaraq, bu göstəriciyə görə, Bakı şəhəri nəzərə alınmadan, 2018-ci ildə 4091 manatla birinci yerdə Naxçıvan, ikinci yerdə Abşeron, üçüncü yerdə isə Gəncə-Qazax iqtisadi rayonları qərarlaşmışdır. Bütün göstəricilərə görə birinci yer Naxçıvan iqtisadi rayonuna (Bakı şəhəri nəzərə alınmadan), ikinci yer Abşeron iqtisadi rayonuna, üçüncü yer Aran iqtisadi rayonuna məxsusdur. Ən aşağı göstəricilər isə bir milyona yaxın əhalisi olan Lənkəran iqtisadi rayonunda formalaşmışdır. 2018-ci ildə digər regionlarla müqayisədə Naxçıvan iqtisadi rayonunda əhalinin gəlirləri 1,4, sənaye məhsulunun istehsalı 3, əsas kapitala investisiyalar 2,8, ümumi məhsul (xidmət) istehsalı 2,5, pərakəndə ticarət dövriyyəsi 1,7 dəfə çoxdur.

Əhalinin gəlirlərinin yüksək olması muxtar respublikada genişmiqyaslı mənzil tikintisinin həyata keçirilməsinə imkan vermiş, insanların yaşayış şəraiti yaxşılaşmışdır. Belə ki, 2018-ci ildə Naxçıvan MR-in mənzil fondu 2005-ci illə müqayisədə 1,6 dəfə artaraq 13,6 milyon kvadratmetr olmuşdur. Adambaşına düşən ümumi mənzil sahəsi 30 kvadratmetrə çatmışdır ki, bu da Azərbaycanın Mənzil Məcəlləsində nəzərdə tutulan normadan 1,5 dəfə çoxdur. Diqqəti cəlb edən mühüm cəhət ondan ibarətdir ki, muxtar respublikada mənzil tikintisi, əsasən, məhz əhalinin öz vəsaiti hesabına həyata keçirilir. Belə ki, 2005-2018-ci illərdə tikilib istifadəyə verilmiş 3 milyon 656 min kvadratmetr ümumi sahəsi olan yaşayış evlərinin 98,2 faizini fərdi yaşayış evləri təşkil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli fərmanı ilə ölkədə iqtisadi rayonların yeni bölgüsü təsdiq edilmişdir. Əvvəlki bölgüdən fərqli olaraq, iqtisadi rayonların sayı 9-dan 14-ə qədər artırılmışdır. Yeni bölgü iqtisadi rayonlar üzrə planlaşdırma işlərinin səmərəliliyini artırmaqla onların ixtisaslaşmasına da müsbət təsir edəcək və asanlaşdıracaq. Çünki yeni bölgüdə ərazilərin coğrafi quruluşu, təbii iqlim şəraiti, torpaqların xüsusiyyəti, əhalinin məşqulluq və digər xüsusiyyətləri nəzərə alınmışdır.

Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair  bir sıra tədbirlər haqqında” dövlət başçısının 15 iyul 2021-ci il tarixli fərmanında kənd təsərrüfatı məhsullarının emalı sənayesinin genişləndirilməsi və istehsalın dəyər zəncirinin həlqələri üzrə artırılması bir hədəf kimi müəyyən edilmişdir. Beynəlxalq təcrübədə dəyər zəncirinin həlqələri üzrə istehsalın artımı klasterlərin, başqa sözlə, keçmiş  SSRİ-də olduğu kimi, aqrar sənaye kompleksinin yaradılması yolu ilə həyata keçirilir. Hesab edirik ki, kənd təsərrüfatı xammalının, məsələn, pambığı emal edən təsərrüfat subyektlərinin və fermer təsərrüfatlarının bazasında klasterlərin yaradılması təxirəsalınmaz vəzifələrdən biridir. Aqrar və sənaye sektorlarının işçilərinin maddi marağının son istehlak mallarının (parça, geyim məhsulları və s.) istehsalına yönəldilməsi onların gəlirlərinin artmasına və pambıq xammalının kompleks istifadəsinə imkan verər.

Regional sosial-iqtisadi inkişafın səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri onların yerli gəlirləridir. Prezident İlham Əliyev demişdir: “Elə bir bölgə yoxdur ki, öz daxili resursları hesabına yaşaya bilsin... Ancaq biz çalışmalıyıq ki, hər bir bölgə özünə xas olan xüsusiyyətlərdən, spesifik coğrafi və ərazi imkanlarından istifadə edərək özünün maksimum dərəcədə yerli istehsalın artırılması hesabına təmin edə bilsin”. Hələ 2012-ci il dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı maliyyə naziri də haqlı olaraq vurğulamışdır ki, regionların özünü maliyyələşdirmə prinsipinə keçməsinin təmin edilməsi mühüm strateji vəzifələrdən biridir. Sonrakı illərdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2022-ci ildə regionlarda yaranan büdcə təyinatlı gəlirlər 2013-cü illə müqayisədə 1,7 dəfədən çox artaraq 985,2 milyon manat təşkil edəcəkdir. Yerli gəlirləri və xərcləri tənzimləmək üçün mərkəzləşmiş xərclərdən ayrılan dotasiyanın yerli büdcələrə verilməsi gözlənilir ki, bu da 2013-cü illə müqayisədə 2,3 dəfə azdır. Onu da qeyd edək ki, dotasiyanın 14,8 milyon manatı işğaldan azad edilmiş regionların payına düşür. Naxçıvan iqtisadi rayonunda isə yerli gəlirlərin 2,5 dəfədən çox artması planlaşdırılır.

Yerli gəlirlərin artırılması üçün regional iqtisadiyyata yönəldilən investisiyaların səmərəli istifadəsi mühüm əhəmiyyət kəsb edir. Regional səviyyədə investisiyaların iqtisadi səmərəliliyini qiymətləndirmək məqsədilə apardığımız hesablamalarda statistik uçotu aparılan iki göstəricini əsas götürmüşük - iqtisadi rayonlar üzrə mal (xidmət) istehsalının ümumi həcmi və əsas kapitala yatırılan investisiyalar. Hesablamalar göstərmişdir ki, Naxçıvan iqtisadi rayonunda investisiyalardan istifadənin səmərəliliyi orta respublika səviyyəsindən 2,3, Quba-Xaçmaz, Abşeron, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonları ilə müqayisədə 1,4-7,4 dəfə çoxdur.

Regional dövlət büdcə gəlirlərinin artımına həlledici təsir göstərən amillərdən biri iqtisadiyyatın strukturudur. Qeyd edək ki, bütünlükdə iqtisadi rayonların əksəriyyətində sənayenin xüsusi çəkisi aşağıdır. Ölkə üzrə sənaye məhsullarının yalnız 20 faizə qədərinin regionlarda istehsal edilməsi də bunu sübut edir. Şəki-Zaqatala, Lənkəran-Astara və Quba-Xaçmaz iqtisadi rayonlarında isə ümumi məhsul (xidmət) istehsalında sənaye sektorunun xüsusi çəkisi 2,2-14 faizdir. Əvəzində regionlarda aqrar sektor üstün mövqeyə malikdir. Aqrar sektorun vergilərdən azad olunması ilə yanaşı, sənayenin zəif inkişafı yüksək gəlirli yerlərini və büdcə gəlirlərini azaldan amil kimi çıxış edir. Odur ki, bu regionlarda aqro-emal sektorunun intensiv yolla inkişafının təmin edilməsi onların tarazlı inkişafının sürətləndirilməsi baxımından da çox vacibdir. Milli hesabların materiallarının öyrənilməsi göstərir ki, hər manat istehsal edilmiş kənd təsərrüfatı məhsulundan 48 qəpik xalis mənfəət əldə edilir.

Naxçıvan MR-də kənd təsərrüfatı ilə bağlı məsələlər də xüsusi diqqət mərkəzindədir. Bu gün muxtar respublikada müasir suvarma sistemlərindən istifadə olunur. Ümumilikdə regionda 2069 hektar əkin sahəsinində qapalı suvarma sistemi var. Bu sistem imkan verir ki, qrunt suları əkin sahəsindən kənarlaşdırılsın. Suvarma normalarına və digər aqrotexniki normalara əməl olunması nəticəsində torpaqlardan istifadənin səmərəliliyi yüksəlir və məhsuldarlıq artır. Aqrotexniki qaydalara əməl edilməsini stimullaşdırmaq məqsədilə torpaq mülkiyyətçilərinə subsidiyaların ancaq bu qaydalara əməl edənlərə verilməsi nəzərdə tutulmuşdur.

Muxtar respublikada dövlətə məxsus torpaq sahələrinin əhaliyə icarəyə verilməsi həyata keçirilir. Bu yollar münbit torpaq sahələri əkin dövriyyəsinə cəlb edilir ki, respublikanın ərzaq təhlükəsizliyi təmin olunsun. Həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalının dəyəri 2003-cü ildəki 71,8 milyon manatdan 2018-ci ildə 478,8 milyon manata çatmışdır. Adambaşına kənd təsərrüfatı məhsullarının istehsalı 1050 manat təşkil etməklə ölkə üzrə orta göstəricidən 1,5 dəfə çoxdur. 2018-ci ildə 2010-ci illə müqayisədə taxıl, kartof və tərəvəz istehsalında məhsuldarlıq 1,2-1,3 dəfə artmışdır.

Diqqət yetirilməsi vacib olan bir məsələ də ondan ibarətdir ki, sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 novdə məhsul istehsal edilir. 2021-ci ilin məlumatına görə, əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Ötən il “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” qəbul edilmişdir. Yeri gəlmişkən qeyd edək ki, muxtar respublikada kənd təsərrüfatının inkişafını təmin edən əsas vasitələrdən biri dövlət dəstəyidir. Bu regionda dövlət dəstəyi həm kənd təsərrüfatı məhsullarının istehsalına, həm də onların emalı üçün yeni emal müəssisələrinin yaradılmasına yönəldilir. Dövlət proqramının icrası muxtar respublikanin ixrac potensialının artırılmasında mühüm rol oynayır. Burada istehsal olunan bir çox məhsullar həm Azərbaycanın digər rayonlarına göndərilir, həm də Polşaya, İrana və digər ölkələrə ixrac edilir.

Daxili bazarın inkişafı və qiymət baxımından əhalinin əlçatanlığını təmin etmək üçün hər həftənin şənbə və bazar günləri təkcə Naxçıvan şəhərində deyil, həm də  rayon mərkəzlərində kənd təsərrüfatı məhsulları ilə yanaşı sənaye məhsullarının da yarmarkası təşkil olunur. Həmin məhsuların qiymətlərinin bazar qiymətlərindən aşağı olmasının hədəfi müəyyən edilirona riayət edilməsinə  ciddi nəzarət olunur.

Bu gün Naxçıvan Muxtar Respublikasında geniş sahibkarlar sinfi formalaşmış və o, sosial-iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilmişdir. Pandemiyanın tüğyan etdiyi bir dövrdə sahibkarlara dövlət dəstəyi genişləndirilmiş, onlara subsidiyalar verilmişdir.

Naxçıvan-Zəngəzur-Mincivan dəmir yolu xəttinin yenidən bərpası muxtar respublikanı blokadadan çıxarmağa, muxtar respublikada yük daşımalarını ucuzlaşdırmağa, xarici ticarət bazarlarının qonşu ölkələrlə nəqliyyat əlaqələrini genişləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. 2020-ci ilin 10 noyabr bəyənatına uyğun olaraq Zəngilandan Naxçıvana dəmir yolu xəttinin bərpası regionun Beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsinə şərait yaradacaq. Bununla Naxçıvan Muxtar Respublikasının inkişafında yeni tarixi mərhələ başlayacaqdır.

 

Tofiq HÜSEYNOV,

Iqtisad elmləri doktoru, professor,

AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri,

Əməkdar iqtisadçı

 

Azərbaycan.- 2022.-19 mart.- S.1; 5.