Prezidentdən şəhid ailələri və
müharibə əlillərinə bayram hədiyyəsi
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda
şəhid ailələri və müharibə əlilləri
üçün nəzərdə tutulan yeni
yaşayış kompleksinin açılışında
iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əmək
və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin
başçısına və birinci xanıma yeni
yaşayış kompleksi barədə məlumat verdi.
Bildirildi ki, doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksi 2.76 hektar ərazidə inşa olunub. Kompleksdəki binalarda ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil vardır.
Kompleksin ərazisində 100 yerlik uşaq bağçası və bir inzibati bina inşa olunub. Həmçinin sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin edilib.
Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunmasının məhz müqəddəs Ramazan bayramında gerçəkləşməsi isə təsadüfi deyil. Humanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə sadiqlik Azərbaycan Prezidentinin idarəçilik konsepsiyasının mühüm tərkib hissələrindəndir.
Sosial məsələlərin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə və ardıcıl praktik addımlar deməyə əsas verir ki, Azərbaycan sosialyönümlü dövlət modeli formalaşdırıb. Qlobal bazardakı dəyişikliklərdən, tələb-təklifdən, yeni çağırışlardan doğan islahatlar belə, sosialyönümlü tədbirlərlə kompensasiya edilir. Başqa sözlə, bazar iqtisadiyyatının möhkəmlənməsi üçün kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarına xidmət edir. Bu siyasət postmüharibə dövründə xüsusilə geniş vüsət alıb. Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib.
Bu dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub.
Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdəki uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.
Sonra dövlətimizin başçısı və birinci xanım Vətən müharibəsində şəxsi igidliyinə və şücaətinə görə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsinin qonağı olublar.
Prezident İlham Əliyev şəhidin ailə üzvləri ilə söhbətində dedi:
- İlk növbədə, sizi Ramazan bayramı münasibətilə təbrik etmək istəyirəm. Biz bu bayram günündə Bakı şəhərində yeni şəhərciyin açılışını qeyd edirik. Şəhid ailələri üçün nəzərdə tutulan mənzillərdə həm şəhid ailələri, həm müharibə əlilləri yaşayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah sizin oğlunuza rəhmət eləsin. Böyük faciədir, böyük itkidir. Siz oğlunuzu itirmisiniz, siz həyat yoldaşınızı, siz isə qardaşınızı. Bilirəm ki, Mahir çox qəhrəman bir insan idi, Aprel döyüşlərində də iştirak etmişdi. Vətən müharibəsində də xüsusi qəhrəmanlıq göstərdiyinə görə dövlət tərəfindən üç medalla təltif edilmişdir. Ağır itkidir, sağalmaz bir yaradır, bunu hər kəs başa düşür. Amma yeganə təsəlli o ola bilər ki, canını Vətən uğrunda fəda etdi. Onun və onun kimi övladlarımızın qəhrəmanlığı nəticəsində biz işğala son qoyduq.
Birinci Qarabağ müharibəsində şəhidlərimiz olub, bu günə qədər 4 minə yaxın insan itkin düşmüş hesab olunur. Aydın məsələdir ki, onlar həyatda deyil, həyatını itiriblər və ümumiyyətlə, 15 mindən çox şəhidimiz olubdur. Buna baxmayaraq, torpaqlarımız da əldən gedib. Amma İkinci Qarabağ müharibəsində şəhidlərimiz az olub. Halbuki, hər bir şəhidin həyatı təkrarolunmazdır, əvəzolunmazdır. Ancaq əməliyyatlar aparılan zaman vacib şərtlərdən biri də o idi ki, itkilərimiz az olsun və torpaqlarımız da geri qayıtdı.
Hər bir şəhidin xatirəsi, əlbəttə, onların yaxınlarının və bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayır və yaşayacaq. Keçən il sentyabrın 27-də - Anım Günündə biz o Anım yürüşünü sanki şəhidlərlə birlikdə etdik, onların şəkilləri ilə. Sonra o şəkillər onların ailələrinə təqdim edilmişdir. Yeganə təsəlli o ola bilər, başqa təsəlli ola bilməz.
Əlbəttə, biz bütün şəhidlərimizin məişət problemlərini həll etməyə çalışırıq və çalışacağıq. Bu, bizim borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib. Bu, yenə də bizim borcumuzdur. Əsas təsəlli odur ki, o, əbədiyyətə qovuşub, şəhadət zirvəsinə qovuşub. Bu dünyada heç kim əbədi qalmayacaq, hamımız gec-tez haqq dünyasına qovuşacağıq. Əlbəttə ki, gənc yaşında həyatdan getmək böyük faciədir, ancaq nə deyə bilərik. Yeganə təsəlli odur ki, o, Vətən uğrunda döyüşüb, vuruşub, həlak olub və eyni zamanda, onun qanı yerdə qalmayıb. O, oktyabrın 19-da rəhmətə getmişdir. Artıq Füzuli şəhəri işğaldan azad edilmişdir. Ondan sonra onun yoldaşları müzəffər yürüşünü axıra qədər davam etdirərək bayrağımızı Şuşada sancdılar, düşməni qovduq və haqq-ədaləti bərpa etdik.
Sizin üçün əlbəttə ki, çox ağırdır, bu itki ilə heç cür barışmaq mümkün deyil. Vaxt da bu yaranı sağaltmayacaq. Amma yenə də onun xatirəsi, onun qəhrəmanlığı daim yaşayacaq. Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları şəhidlərimizlə fəxr edirlər. Onlar bizim üçün qürur mənbəyidir və bu, Azərbaycan xalqı durduqca əbədi olacaq. Biz onların xatirəsini əbədi yaşadacağıq. Onların qəhrəmanlığı heç vaxt bizim yaddaşımızdan, sonrakı nəsillərin ürəyindən silinməyəcək. Şəhidlər ölmür, biz bunu artıq dəfələrlə demişik, onlar bizimlədir. Çünki onların xatirəsi yaşayır, Mahirin övladı yaşayır. Əminəm ki, atasına layiq böyüyəcək. Sadəcə olaraq, onun böyüməsi, onun atası kimi qəhrəman olması sizin üçün bir təsəlli ola bilər.
Yəni, o, həyatda övladını, gənc həyat yoldaşını, qardaşını, anasını qoyub getdi. Bilirsiniz, müharibədən sonra şəhid ailələri ilə, veteranlarla, qazilərlə çoxsaylı görüşlərim olub. Hər bir görüş bir daha xalqımızın böyüklüyünü göstərir. Çünki öz oğlunu, həyat yoldaşını, qardaşını itirmək böyük faciədir. Ancaq bu, xalqımızın iradəsini sarsıtmadı. Biz Mahir kimi qəhrəmanlar hesabına bundan sonra qəhrəman və müzəffər xalq kimi əbədi yaşayacağıq. Yenə də deyirəm, biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər. Əlbəttə, yaxın, doğma adamın itirilməsi yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir və davam edəcək.
İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə, məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün həlak oldular, Vətəni hər şeydən üstün tutdular. Bir daha demək istəyirəm, həm Aprel döyüşləri zamanı, həm İkinci Qarabağ müharibəsində Mahir əsl vətənpərvərlik göstərmişdir. İndi onun xatirəsini yaşatmaq, onun övladını dəyərli vətəndaş kimi böyütmək yəqin ki, sizin üçün əsas məsələdir. Dövlət üçün də əsas məsələdir. Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək. Bu haqda çox danışmaq istəməzdim. Bu, bizim borcumuzdur və sizin həyatınız, yaşayışınız daim diqqət mərkəzində olacaqdır.
Şəhid Mahirin qardaşı Habil Məmmədov: Çox sağ olun, cənab Prezident, bu müqəddəs gündə bizi ziyarət edirsiniz. Şəhid ailələrinə, qazilərə həmişə diqqət və qayğı göstərirsiniz. Sizə öz ailəmiz adından da təşəkkürümüzü bildiririk. Bu gözəl mənzilə görə də çox sağ olun. Mehriban xanım, Siz də çox sağ olun. Allah razı olsun.
Birinci xanım Mehriban Əliyeva: Oğlunuzun neçə yaşı var? ...
Şəhid Mahirin anası Timziyə Məmmədova: Bilirsiniz, oğlu sentyabrın 21-də doğulub, 27-si müharibə başladı.
Birinci xanım
Mehriban Əliyeva: Sentyabrda doğulub...
Timziyə Məmmədova:
Heç görə
bilmədi, birinci övladıdır, bir az
gec evləndi.
Birinci xanım
Mehriban Əliyeva: Allah saxlasın, adı nədir?
Timziyə Məmmədova:
Babasının
adıdır, Səlim. İndi şəhidlərimizin ruhu
şaddır ki, bizim torpaqlarımız alınıb Sizin sayənizdə.
Prezident İlham
Əliyev:
Ruhları həmişə şad olacaq. Bizim
hamımızın borcu idi və yenə də deyirəm, onun
qanını biz döyüş meydanında aldıq, haqq
işimizi sonuna qədər apardıq və Qələbəni
təmin etdik. Mahirin balaca balası böyüyəndə,
əlbəttə, atası ilə ömür boyu həm fəxr
edəcək, həm də əminəm ki, ömür boyu Azərbaycan
xalqı həmişə ona qayğı göstərəcək,
hörmət edəcək, çünki o, şəhidin
övladıdır.
Timziyə Məmmədova:
Özü də
atası ilə qürur duyacaq, düzdür.
Habil Məmmədov:
Tez-tez məzarının
üstünə aparıb gətiririk.
Birinci xanım
Mehriban Əliyeva: Qələbə parkında hər bir şəhidin
adı yazılıb.
Prezident İlham
Əliyev: Hər
birinin, hər birinin. Həm də Zəfər
muzeyi yaradılacaq. Zəfər parkı
Bakının ən möhtəşəm yerlərinin birində,
bəlkə də birincisində - Dənizkənarı
bulvarın önündədir. Orada
böyük xatirə kompleksi inşa ediləcək.
İşlərə yaxın zamanlarda start veriləcək. Hər şəhidin adı orada həkk olunacaq.
Azad edilmiş bütün şəhərlərdə,
hər bir şəhərdə Zəfər muzeyi,
İşğal muzeyi yaradılacaq. Yəni,
bütün şəhidlərimizin adı əbədi
yaşayacaq. O sevinci onlar bizə bəxş etdilər.
Timziyə Məmmədova:
Mahir özü
də çox yaxşı oğul olub. Öz
işini də çox sevirdi, xəritəçəkən
olub. İşini çox sevirdi. Allah rəhmət eləsin bütün şəhidlərə.
Prezident İlham
Əliyev: Allah
rəhmət eləsin.
Habil Məmmədov:
Cənab
Prezident, biz də Sizinlə fəxr edirik. Nə yaxşı
ki, xalqımızın, dövlətimizin Sizin
kimi Prezidenti var. Allah Sizə cansağlığı versin.
Çox sağ olun hər bir şəraitə
görə. Diqqət, qayğı göstərdiyinizə
görə çox sağ olun, təşəkkür edirik.
Prezident İlham
Əliyev:
Sağ olun.
Timziyə Məmmədova:
Sizin
tapşırığınızla biz şəhid ailələrinə
yaxşı baxırlar, qiymət verirlər. Yaxşıyıq,
hər şey yaxşıdır. Narazı
deyilik.
Habil Məmmədov:
Vaxtlı-vaxtında
maraqlanırlar.
Prezident İlham
Əliyev: Bəli,
mən bütün dövlət qurumlarına göstəriş
vermişəm, daim şəhid ailələri diqqətlə əhatə
olunsunlar.
Timziyə Məmmədova:
Qayğı
göstərilir.
Prezident İlham
Əliyev:
Bütün məsələlərdə, məşğulluq,
məişət problemləri, ondan sonra istənilən problem
ola bilər insanın həyatında, -
bütün dövlət məmurları, mərkəzi, yerli
icra orqanları daim şəhid ailələri ilə bir yerdə
olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur.
Bizim əsas borcumuz erməniləri
torpaqlarımızdan qovmaq idi və Mahir kimi
övladlarımız buna nail oldular. İndi isə şəhidlərimizin
yaxınlarına diqqət göstərmək hər bir
dövlət məmurunun borcudur və cəmiyyətdə bu məsələ
ilə bağlı tam həmrəylik var. Nəinki dövlət
qurumları, istənilən insan çalışır ki,
şəhid ailəsinə hansısa bir kömək göstərsin.
Məşğulluqla bağlı. Bizim qazilərimiz də çox olub. On mindən çox yaralı əsgər-zabitimiz
olub. Onların da sağalması prosesi
gedir. Onlar üçün artıq son
model olan iki yüz protez təşkil edilib və onlar normal həyata
qayıdıblar. Dövlət öz üzərinə
nə düşürsə etməlidir və edəcək.
Habil Məmmədov:
Mənzil də
çox gözəldir, cənab Prezident.
Şəhid
Mahirin həyat yoldaşı Günel Məmmədova: Mənzilə görə
çox sağ olun.
Prezident İlham
Əliyev: Yaxşıdır,
bura şəhərcikdir, bağça da var, məktəb də
yaxındadır.
Habil Məmmədov:
Şəraiti
çox gözəldir.
Prezident İlham
Əliyev: Bilirsiniz,
bu evlər məcburi köçkünlər
üçün inşa edilmişdi. İşğal
dövründə məcburi köçkünləri yerləşdirmək
üçün, normal şərait yaratmaq üçün
böyük işlər görüldü və belə
gözəl şəhərciklər yaradıldı. Amma müharibədən sonra mən qərar qəbul
etdim, onlar üçün nəzərdə tutulan yerləri
biz şəhid ailələrinə təqdim edək ki, onlar
çox vaxt gözləmədən tezliklə bu mənzillərlə
təmin olunsunlar. Çünki hələ
də, - onu da deməliyəm, - Birinci Qarabağ müharibəsinin
şəhid ailələrinin bəziləri evlərlə təmin
edilməyib. Düzdür, 12 min 500 mənzil verilib, ancaq
hələ də növbədə duranlar var. Ona görə
mən dedim ki, birincisi, məcburi köçkünlər
üçün biz artıq Qarabağda, Zəngəzurda evlər
tikməyə başlamışıq. Onlar orada
yaşamalıdırlar. İkincisi, tezliklə
şəhid ailələri, yaralı olan hərbçilərimizin
problemlərinin həlli üçün bu gözəl evləri
biz şəhid ailələrinə təqdim edək.
Keçən il 3 min, bu il 1500 mənzil
verilib və bundan sonra da veriləcək. Bu mənzillərdə
yaşamaq üçün bütün şərait var. Amma
ondan sonra məşğulluqla bağlı, - mən bilirəm
ki, siz işləyirsiniz, - pensiyalarla, təqaüdlə
bağlı bütün bu məsələlər, həmçinin
şəhidlərin yaxınları daim diqqət mərkəzində
olmalıdırlar ki, sizin və sizin kimi şəhid ailələrinin
həyatında heç bir problem olmasın. Mən Prezident kimi bütün dövlət
qurumlarına bunu tapşırmışam, bu gün də mənim
sözlərimi eşidirlər. Bu, bizim
borcumuzdur.
Ailə üzvləri:
Çox sağ olun, cənab Prezident.
Prezident İlham
Əliyev: Mən
yenə də deyirəm, ömrün əvvəli də, sonu
da var, heç kim həyatda əbədi
qalmır. Amma şəhid olmaq, bu, doğrudan da
xalq qarşısında, tarix və gələcək nəsillər
qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əməyi və
qəhrəmanlığı əvəzolunmazdır. Çünki canını fəda edir ki, torpaqlar
azad olunsun və ədalət bərpa olunsun,
xalqımızın ləyaqəti bərpa olunsun.
Çünki otuz il torpaqlarımız
işğal altında qalıb və xalqımız mənəvi
əzablar çəkib - hər birimiz, o cümlədən
Mahir. Onu irəliyə aparan məhz Vətən
sevgisi olub, bu ədalətsizliklə
barışmazlığı olub. Canını
fəda edib, amma onun kimi övladlarımız
xalqımızın ləyaqətini bərpa etdilər. Bu, qələbə qədər vacib məsələdir,
gələcək nəsillərin yetişməsi və tərbiyəsi
üçün əvəzolunmaz amildir. Çünki
biz artıq ilyarımdır ki, müzəffər xalq kimi
yaşayırıq. Əvvəllər
torpaqları işğal edilmiş xalq kimi
yaşamışıq.
Timziyə Məmmədova:
İndi
başımız ucadır.
Prezident İlham
Əliyev: Bəli,
başımız ucadır, əbədi belə olacaq. Bir daha demək istəyirəm ki, Mahirlə, onun kimi
şəhidlərlə biz əbədi fəxr edirik və edəcəyik.
Habil Məmmədov: Sağ olun, cənab
Prezident.
Prezident İlham
Əliyev:
Arzulayıram ki, dövlət tərəfindən sizə
yaradılan bu şərait bundan sonra acınızı nisbətən
azalda bilsin.
Habil Məmmədov:
Düzdür,
bizim üçün təsəllidir, cənab Prezident. Sizinlə görüşmək də çox
xoş oldu. Çox sağ olun, hər
bir şəraitə görə.
Prezident İlham
Əliyev: Sağ
olun.
Ailə üzvləri: Təşəkkür edirik.
Çox sağ olun.
Azərbaycan.- 2022.- 5 may.- S.2-3.